“Hər kəs əmindir ki, şər imperiyası məğlub olacaq”

Dünya

06.10.2023 - 17:57

Anar Natiqoğlu: “Ukraynalılar xoşbəxt gələcək naminə özlərini fəda edirlər”

2022-ci il fevralında başlayan Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə qədəm qoyur. İki ilə yaxındır davam edən döyüşlərdə tərəflərin heç biri həlledici üstünlüyə malik deyil. Moskva müharibədə qalib gələcəyini iddia etsə də, görünən odur ki, şimal qonşumuz əhəmiyyətli dərəcədə mövqelərini itirir. ABŞ Rusiyaya qarşı 12-ci sanksiyalar paketini qəbul edib, rus rublu isə sürətlə dəyərdən düşür.

Bu arada rəsmi Kiyev Donetsk vilayətinin Baxmut istiqamətindəki kəndləri işğaldan azad etdiklərini bəyan edir. Qərb analitikləri isə Ukraynadakı hərbi münaqişənin hələ bir neçə il davam edəcəyini söyləyirlər.

Ukraynada yaşayan azərbaycanlı jurnalist Anar Natiqoğlu AYNA-ya müsahibəsində Rusiya-Ukrayna müharibəsinin gedişi, sosial-iqtisadi vəziyyət və digər mövzular ətrafında danışıb.

- Rusiya tərəfi Ukraynada hərbi üstünlüyə malik olduğunu söyləsə də, rəsmi Kiyev bunun əksini iddia edir. Hazırda üstünlük kimin tərəfindədir?

- Bir neçə aydan sonra Rusiya-Ukrayna müharibəsi ikinci ilinə qədəm qoyacaq. Birmənalı şəkildə söyləmək ki, Ukrayna, yaxud Rusiya bu müharibədə qalibdir – bu, düzgün olmazdı. Hazırda müharibə tam şiddəti ilə davam edir və tərəflər müxtəlif cinahlarda üstünlük qazanmağa çalışırlar. Lakin açıq şəkildə demək olar ki, müharibənin ilkin dövrləri ilə müqayisədə Rusiyanın mövqeləri ciddi şəkildə sarsılıb. Əsasən də təchizat baxımından Rusiya çox geridədir. Ukraynanın bir çox vilayətlərindən Rusiya hərbçiləri qovulub. Hansı ki, bir müddət öncəyə qədər bu ərazilər işğal altında idi. Paytaxt Kiyevin ətrafı, Xerson, Xarkov, Zaparoje və digər vilayətlər, şəhər və rayonlar bu qəbildəndir.

Rəsmi açıqlamalara görə, Rusiya bu müharibədə 280 mindən artıq canlı itki verib. 30-a yaxın gəmiləri batıb, 90-dan artıq hərbi təyyarəsi sıradan çıxarılıb və s. Kifayət qədər ciddi rəqəmlərdir. Artıq Rusiya hücum edən tərəfdən işğalda saxlaya bilmədiyi əraziləri yenidən geri qaytarmaq üçün çalışan təcavüzkar bir ölkəyə çevrilib. Təbii ki, Ukrayna tərəfinin də itkiləri var. Lakin hadisələrin gedişatı əminliklə söyləməyə əsas verir ki, bu müharibənin qalibi Ukrayna olacaq. Hazırkı şəraitdə Ukrayna ordusu Rusiya ordusundan üstün mövqedədir.

- Belə iddialar da mövcuddur ki, Qərbin Ukraynaya dəstəyi bir yerə qədərdir. Rəsmi Moskva bir müddət sonra Qərbin geri çəkiləcəyi barədə fikirlər səsləndirir. Bu iddiaların həqiqət yükü varmı?

- Burada haşiyəyə çıxaraq bir məqamı qeyd etmək istəyirəm ki, bu gün NATO-da rusmeylli və Rusiya ilə münasibətlərin davamında maraqlı olan dairələr mövcuddur. Misal üçün, Macarıstanın timsalında bunu qeyd edə bilərik. Lakin ümumilikdə Qərbin mövqeyi birmənalıdır. Xüsusən də Amerika, Böyük Brtitaniya və digər müttəfiqlərinin. Ukraynaya yardımlar davam edir. Qərbin Ukraynanın arxasından geri çəkiləcəyi ilə bağlı versiyalar inandırıcı deyil. Hesab edirəm ki, Ukraynanın qələbəsinə qədər Qərbin dəstəyi davam edəcək. Bu cür fikirlər Rusiyanın siyasi dairələri tərəfindən ortaya atılmış tezislərdir. Təbii ki, heç bir əsası yoxdur. Əsas məqsədləri Ukrayna ictimaiyyətində çaşqınlıq yaratmaq, ruhdan salmaq, əhalinin mübarizə əzmini qırmaqdır. Şübhəsiz ki, buna nail ola bilməcəklər.

Ukrayna müharibədə ciddi nəticələr əldə edib və belə bir şəraitdə Qərbin geri addım atması onun özünə sərf eləmir. Çünki bu, həm Qərb dairələrinin reputasiyasının zədələnməsinə, həm də Rusiyanın timsalında rəqib anti-Qərb koalisiyasının güclənməsinə gətirib çıxarar. Beynəlxalq münasibətlər sisteminin gərginləşdiyi həssas bir şəraitdə isə ABŞ, Böyük Brtianiya və müttəfiqləri isə heç bir halda buna getməyəcəklər.

- İki ilə yaxındır ki, Ukrayna Rusiyanın hücumlarına sinə gərir. Şiddətli döyüşlər, ağır müharibə, itkilər... Müharibə özü ilə bərabər, fəlakətlər də gətirir. Ukraynada sosial-iqtisadi vəziyyət nə yerdədir?

- Müharibə ağır bir şeydir və özü ilə bərabər faciələr də gətirir. Təbii ki, Ukraynanın itkiləri böyükdür. Milyonlarla insan ev-eşiyindən didərgin düşüb, dünyanın müxtəlif ölkələrinə mühacirət etmək məcburiyyətində qalıb. Sosial-iqtisadi vəziyyət pisləşir, biznes mühiti çökür. Rusiyanın təcavüzkar siyasəti nəticəsində xeyli sayda istehsalat və kənd təsərrüfatı müəssisələri sıradan çıxıb. Xüsusən də enerji daşıyıcıları, ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti savaşdan öncəki dövr ilə müqayisədə təxminən iki dəfə artıb. Şübhəsiz ki, bunlar arzuolunan göstəricilər deyil.

Lakin bir məqam var ki, ukraynalılar təslim olmurlar. Onlar gələcəyə inanır və gələcəkləri uğrunda bütün məhrumiyyətlərə hazır olduqlarını nümayiş etdirirlər. Açıq şəkildə bəyan edirlər ki, müharibə aparan, işğala qarşı döyüşən ölkənin qurbanları olmalıdır. Ümid edirlər ki, bu sınaq bitəcək və daha qüdrətli Ukraynada yaşayacaqlar. Bu ümid də onları çətinliklərin qarşısında əzmlə dayanmağa təşviq edir. Rusiyanın gələcək məğlubiyyətini şərtləndirən əsas məqamlardan biri də Ukrayna xalqının fədakarlığı və sona qədər dirənişidir.

- Ukraynada onminlərlə soydaşımız yaşayır. Düzdür, müharibədən öncə onların sayı daha çox idi. Soydaşlarımız arasında münasibətlər hansı səviyyədədir? Müharibənin ilkin dövrlərində mütəmadi təmasların olduğunu deyirdiniz. İndi də elədir?

- Ukraynada yaşayan azərbaycanlılar arasında münasibətlər davam edir. Savaşdan öncə Ukraynada yaşayan azərbaycanlıların sayının 300-500 min civarında olduğu deyilirdi. Təbii ki, müharibədən sonra bu sayda iki dəfə, bəlkə də, daha çox azalma baş verib. Olduğumuz şəhərlər üzrə mütəmadi olaraq təmaslarımız, görüşlərimiz davam edir. Xeyir-şər məclislərində iştirak edirik. Xüsusən döyüşdən sonra Ukraynada yaşayan soydaşlarımız arasında münasibətlər daha da doğmalaşıb. Ukraynalılar kimi biz də hesab edirik ki, bu müharibə şər imperiyası üzərində qələbə ilə bitəcək.

QEYD

Bu yazı AB-nin dəstəyi ilə hazırlanmışdır. Onun kontentinə AB benefisiarı olan "Ayna" cavabdehdir. Yazılanlar AB mövqeyi ilə üst-üstə düşməyə bilər.

Müəllif: Azər Niftiyev