Hərbi Hava Qüvvələrində döyüş atışlı təlim keçirilib
Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə döyüş atışlı təlim keçirilib. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, uçuşdan əvvəl tapşırıqlar xəritə üzərində dəqiqləşdirilib, hədəf hesabatı aparılıb və şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb.
Plana uyğun olaraq, helikopter bölmələri qrup şəklində bazalanma aerodromundan uçuşlar edərək poliqonda şərti düşmənin yerüstü hədəflərinin məhv edilməsi üzrə tapşırıqları yerinə yetiriblər.
Helikopter ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.