“Harada Kreml və korrupsiya varsa, əsas təhlükə oradadır”

Dünya

06.11.2023 - 13:55

Və ya Moldova: silah əvəzinə qızıl yüklü uzunqulaq

Moldova Prezidenti Maya Sandu Rusiyanı noyabrın 5-də keçirilən yerli seçkilər ərəfəsində seçiciləri “almaqda” ittiham edib. “Reuters”in sitat gətirdiyi Sanduya görə, iki ay ərzində Moskva “cinayətkar qruplara” təxminən beş milyon dollar ekvivalentində pul köçürüb.

Onların arasında rusiyapərəst adlandırılan avroskeptik ŞOR partiyası da var. 2023-cü ilin iyununda məhkəmə bu partiyanı “konstitusiyaya zidd” elan etdi, lakin oktyabrda seçkilərə getməsinə icazə verdi.

"Rusiya Moldovanı idarə edən insanları satın alırdı" deyən Sandu əvvəlki hökumətdəki korrupsiya qalmaqallarına toxunaraq, deyib: “Onun artıq bu imkanı yoxdur. İndi o, Moldova vətəndaşlarını satın alır”.

O, polisi günahkarları cəzalandırmağa, seçiciləri isə ölkənin hazırkı avropayönlü kursunu bəyəndiyini nümayiş etdirmək üçün qarşıdan gələn seçkilərdə onun partiyadaşlarını dəstəkləməyə çağırıb.

Moldova üçün Prezident Sandu tərəfindən müəyyən edilən təhlükə nə dərəcədə böyükdür? Belə çıxır ki, moskvapərəst qüvvələr yerli özünüidarəetmə orqanlarında, bələdiyyələrdə hakimiyyəti ələ keçirə bilər? Onlar aşağı hakimiyyət orqanlarına nəzarət etməyə başlasalar, hökumətin və parlamentin qərbyönümlü kursunun əleyhinə nə ola bilər?

AYNA mövzunu moldovalı ekspertlərlə müzakirə edib.

Tarix elmləri doktoru, Effektiv Siyasət İnstitutunun (Kişinov) direktoru Vitali Andriyevski:

“Uzaq keçmişdə hərbi yolla qalanı ala bilməyəndə düşməni içəri buraxmaq üçün müdafiəçilərdən birinə rüşvət verməyə çalışırdılar. Rusiya da bunu edir. Moldovaya hərbi yolla çatmaq mümkün olmadı. Ukrayna imkan vermədi. Ona görə də onlar öz siyasi marionetlərindən istifadə edərək Moldovanı ələ keçirməyə çalışırlar.

Qaçaq, cinayətkar İlan Şor (məhkəmə cəzası - 15 il) qadağan edilmiş ŞOR Partiyasının əvəzinə Şans Partiyasını yaradır və Dirçəliş Partiyasını nəzarətə götürür. Prezident Maya Sanduya görə, ŞOR seçicilərə rüşvət vermək üçün bu partiyalar vasitəsilə 5 milyon dollar xərcləyib, siyasətçi Renato Usatının məlumatına görə isə, demək olar ki, üç dəfə daha çox pul xərcləyib.

Sosialist Partiyası da Kremlin rəhbərliyi altında fəaliyyət göstərir. Hər üç partiya rusiyayönümlü olduqlarını gizlətmirl. Düzdür, Şans Partiyası bunu çox da vurğulamamağa çalışır. Bundan əlavə, Kremlin də dəstəklədiyi bir neçə başqa partiya var ki, onlar özlərini guya avropayönlü partiyalar kimi seçicilərə satmağa çalışırlar.

Bu partiyaların hamısının yerli seçkilərdə uğurla çıxış etmək şansı var. Birincisi, onlar faktiki olaraq seçicilərin əhəmiyyətli hissəsini ala bildilər. Həm birbaşa pulla, həm də qazandıqları təqdirdə hər cür vədləri ilə. Qeyd edək ki, bu partiyalar gizli şəkildə kampaniyalarını bir-biri ilə əlaqələndirirlər. Bu, xüsusilə ikinci tur üçün, eləcə də yerli özünüidarəetmə orqanlarında seçkidən sonra koalisiyaların yaradılması zamanı vacib olacaq.

İkincisi, etiraf etməliyik ki, avropapərəst partiyaların belə əməkdaşlığı yoxdur və hakim PAS partiyası özü də bir çox yerlərdə, o cümlədən iri şəhərlərdə bələdiyyə sədrləri vəzifələrinə yaxşı namizədlər seçə bilməyib”.

Əgər rusiyayönlü partiyalar öz məqsədlərini reallaşdıra bilsələr və əhalinin məskunlaşdığı əksər ərazilərə nəzarəti ələ keçirə bilsələr (belə şanslar var), bu, şübhəsiz ki, 2024-cü ildə keçiriləcək prezident və müvafiq olaraq 2025 parlament seçkiləri öncəsi onları ruhlandıracaq. Bundan əlavə, uğur Rusiyadan maliyyələşmənin artmasına gətirib çıxaracaq ki, bununla da Kreml öz marionetlərini hakimiyyətə gətirmək şansının olduğunu düşünəcək.

Bu, Moldovanın Avropa seçimi və Avropa İttifaqına inteqrasiya siyasəti üçün təhlükəlidirmi? Bəli! Ancaq Moldova və PAS lideri düzgün nəticə çıxarmasa.

Və nəticə sadədir. Moldovanın Aİ-yə daxil olmasının bütün tərəfdarlarını birləşdirmək lazımdır. Bundan əlavə, təkcə Aİ-yə daxil olmaqdan danışmaq deyil, həm də Moldovanın daxili problemləri - iqtisadi inkişaf, təhsil və səhiyyənin modernləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması və s. Amma bu, başqa söhbətin mövzusudur”.

Siyasi şərhçi Viktor Çiobanu:

“Şans Partiyası ŞOR-un qeyri-legitim klonudur. Eynilə Dirçəliş Partiyası kimi. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının və ümumilikdə hakimiyyət orqanlarının bu qruplaşmaların qeyri-qanuni fəaliyyətinin qarşısını almaq cəhdləri, ötən əsrin 30-cu illərində Amerika hüquq-mühafizə orqanlarının mafioz strukturlar tərəfindən qaçaqmalçılıq və alkoqolun qanunsuz istehsalının qarşısını almaq cəhdlərini xatırladır.

Əgər onların rəhbərliyindən bir neçə personaj saxlanıldıqdan sonra sərbəst buraxılmasa və dəmir barmaqlıqlar arxasında otursaydı, qalan “pul paylayıcıları” bu piramidada iştirak etməzdən əvvəl yüz dəfə düşünərdilər.

"Ədliyyə sistemi işləmir" deyir səlahiyyətlilər. Yaxşı, uğursuz islahat keçirənlər də onlardır.

Bundan sonra nə baş verə bilər? Rusiyayönümlü yoldaşların iqtidardakı partiyadan daha çox bələdiyyə sədrləri qazanmaq şansı var. Və parlament seçkilərinə az qalıb. Hansı parlament çoxluğunun ola biləcəyini sorğulardan görmək olar. Onun avropayönlü vektoru hara itələyəcəyi göz qabağındadır. Kreml üçün belə sadə və çox baha başa gəlməyən birləşmə. Bu, indiki yerli seçkilərin payıdır.

Amma bizim yeni milli təhlükəsizlik konsepsiyamız olacaq. Harada Kreml və korrupsiya varsa, əsas təhlükə də oradadır”.

Müəllif: Rauf Orucov