“Hadrutdan qaçan erməniləri Kremlə məktub yazmağa məcbur edirlər” – <font color=red> GEORGİ VANYAN</font>

Siyasət

07.05.2021 - 19:31

Vitali Arkov: “Dağlıq Qarabağda yaşayanların emosiyalarının soyuması və soyuqqanlı düşünmələri üçün vaxt lazımdır”

 

Vətən müharibəsində işğaldan azad edilən Hadrutdan qaçan ermənilər çərşənbə günü Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında aksiya keçiriblər. “Aravot” nəşrinin xəbərinə görə, etirazçılardan biri jurnalistlərə açıqlamasında iki məqsədlərinin olduğunu deyib: “Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan Xarici İşlər Nazirliyini ziyarət edəcəyini öyrəndik. Vaxtını (gəlişini) bilmirdik, buna görə indi buraya gəlib şikayətimizi təqdim edib-etməyəcəyimizə qərar verdik”.

 

İkinci hədəfə gəldikdə, aksiya iştirakçısı deyib ki, Ermənistan xarici işlər naziri əvəzi Ara Ayvazyana məktub vermək və onunla Hadrut camaatının gələcəyi ilə bağlı görüşmək istəyirlər: “Biz vətənimizə qayıtmaq istəyirik. Başqa bir yerdə yaşamaq istəmirik: nə Yerevanda, nə də Hadrut xaricində Artsaxın digər bölgələrində. Bizə Artsaxın müxtəlif bölgələrində yaşamaq təklif olunur, bunu istəmirik, çünki bir yerdə yerləşsək, torpağımızı unutmaq üçün bir addım olar. Hadrutu unutmaq istəmirik”.

 

Yaşlı kişi təəssüflə Ermənistan hakimiyyətinin atdığı addımların yetərli olmadığını bildirib: “Biz səlahiyyətlilərimizin diqqətini Hadrutda yaşananların hələ bitmədiyinə yönəltmək istəyirik”.

 

Sonra “Hadrut naminə” İctimai Birliyinin sədri Artur Sarkisyan açıqlama verib ki, etirazçılar Hadrut və Qarabağın digər bölgələrində məskunlaşan sakinlərin vəziyyətini aydınlaşdırmaq, təhlükəsizlikləri ilə bağlı məlumat almaq üçün Ayvazyanla görüşməyi xahiş edirlər: “Lavrovdan gözləntilərimiz yoxdur. O, Ermənistan və Artsax Xarici İşlər nazirliklərinin işində vasitəçi rolunu oynaya bilər ki, işğal altındakı torpaqlarımızla bağlı məsələ ən qısa müddətdə həll edilsin”.

 

Sarkisyan əlavə edib ki, aksiyanın əsas məqsədi “Artsax”dan köçürülmüş insanların vətənlərinə qayıtmaq üçün diplomatik prosesin sürətləndirilməsini tələb etməkdir.

 

Çox təəccüblüdür, amma bütün bu xəbərlərdə həm Hadrut, həm də bütün “Artsax”ın daxil olduğu ərzilərin sahibi - Azərbaycan haqqında bir kəlmə də yoxdur. Bu etirazçılar Hadrut bölgəsinin yerli sakinləri olduqları təqdirdə, Azərbaycan hakimiyyətinə müraciət etmək üçün fürsətə sahib olduqlarını və təbii ki, özlərini Azərbaycan Respublikasının vətəndaşı kimi tanımağa hazırdırlarsa, evlərinə qayıtmalarına icazə veriləcəyini düşünmürlər.

 

Xeyr, Azərbaycanın bu ərazisini “işğal altında olan torpaqlarımız” adlandırırlar. Bu cür düşüncələr haradandır? Bəs, Azərbaycanın bir hissəsi olan və sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yaşamaq üçün qalan ermənilərin hamısı eyni şeyi düşünürlərsə? Onları  beynəlxalq qaydalar və qanunlara uyğun olaraq, Azərbaycanın yurisdiksiyasında yaşamağın zəruriliyinə necə əmin etmək olar? Bunun yeganə dinc alternativi – bu torpaqlardan Ermənistana, ya da başqa bir yerə birdəfəlik köçməkdir Görəsən, gələcəkdə bu məsələlərin müsbət həlli üçün bir şans varmı?

 

AYNA mövzunu tanınmış xarici elspertlərlə müzakirə edib.

 

Erməni hüquq müdafiəçisi, “Tekali” Sülhməramlıların Vətəndaş Assosiasiyasının sədri Georgi Vanyan:

My Blog — nigarfatali.com

“Azərbaycan torpaqları müharibə yolu ilə öz yurisdiksiyasına qaytardı. Bəs, görək bu gün bu müharibənin davamı hansı siyasət oldu? Atəşkəsi dəstəkləyən yeganə sənəd olan Üçlü Sazişin əsl siyasəti nədir? Ermənistan-Azərbaycan münaqişəsi indi tamamilə dəyişdirilib, bütün humanitar məsələlər arxa planda qalır, insanları və vətəndaşları narahat edən bütün problemlər istisnasız həll olunmur. Yalnız ərazilər məsələsi həll olunur - yalnız kvadrat kilometrə nəzarət məsələsi.

 

Qəbul etmək istəsək də, istəməsək də, bu müddətdə yalnız hərbi güc, hərbi potensial vacibdir - özümüzün və ya başqasının gücü fərq etməz. Eyni situasiya 90-cı illərdə də yaranmışdı. Torpağı ələ keçirmək mümkün idi - ələ keçirdilər. 30 ildən sonra Azərbaycan ermənilərə eyni şəkildə cavab verir. Torpağı, yalnız insansız torpağı qaytarır. Xalqlarımızın buna necə gəlməsi uzun bir söhbətdir.

 

Bu gün Lavrov və Hadrut sakinləri ilə olan bu vəziyyət informasiya müharibəsinin bir epizodu olan təbliğatın bir hissəsidir. Hadrutlular öz evlərində, Azərbaycana qayıdan torpaqlarda qalmadılar. Bu gün Hadrut sakinlərinin qəfildən İlham Əliyevdən onların da Prezidenti olmasını xahiş edəcəyini gözləmək olarmı? Əlbəttə ki, hamısı deyil, amma bir çox erməni azərbaycanlılarla yanaşı olan evlərində yaşaya bilər. Amma indi mövcud vəziyyətdə onlara nə təklif olunur? Satqın olmaq? Düşmənin tərəfində informasiya müharibəsinin silahına çevrilmək? Heç bir normal insan bunu etməz.

 

Hadrutdan qaçanlar müharibənin qurbanlarıdır, iki müharibənin qurbanları. Onları istifadə etmək asandır və indi də istifadə olunurlar - onları Kremlə məktub və müraciət ünvanlama yə məcbur edirlər. Nə ermənilərin, nə də azərbaycanlıların diplomatiyası və humanitar məsələlərin müstəqil həlli təcrübəsi var. Hər şey belə qalacağı halda, yalnız cəbhə xətləri çəkəcəyik və Rusiya Federasiyası əsgərlərinin mühafizəsi altında dəhlizlər boyunca hərəkət edəcəyik”.

 

Rusiyalı politoloq, “PolitRUS” ekspert və analitik şəbəkəsinin qurucusu Vitali Arkov:

Oxu.az - Vitali Arkov: “Ermənistanın hazırkı rəhbərliyi ifrat dərəcədə  həddini aşıb” - MÜSAHİBƏ

“Bəli, digər variant Azərbaycan vətəndaşlığını əldə etməkdirsə, onda Qarabağdakı ermənilərin çoxları “Böyük Ermənistana” və ya Rusiyaya getməyə üstünlük verəcək. Bu, Ermənistanda on illərdir davam edən dövlət təbliğatının nəticəsidir və istər-istəməz obyektiv reallıqdır. İnsanların, xüsusən də yaşlı nəslin düşüncələrini Üçlü Sazişin altında çəkilən qələm zərbəsi ilə dəyişdirmək mümkün deyil.

 

Lakin bir çox insanın sadəcə getmək üçün heç bir yeri yoxdur. Bölgədə yaşayanların əhəmiyyətli bir hissəsi yoxsulluq həddində yaşayırlar – onlarda vəziyyət Ermənistanın özündən də pisdir. Bunların rəsmi Bakının problemləri olmadığı aydındır. Ancaq onların həllində iştirak etməli olacaq. Məsələn, Moskvanın vasitəçiliyi ilə Rusiyadakı Azərbaycan və erməni icmaları arasında danışıqlara başlamaq olar, çünki bu format bu gün daha az ziddiyyət təşkil edir və daha çox ehtimal ki, erməni icmasının Dağlıq Qarabağdan Rusiyaya köçmək istəyən soydaşlarını dəstəkləməsinə imkan verəcək.

 

Bununla birlikdə, gerçəyə baxmağa dəyər: sakinlərin bir qismi həm vətəndaş pasportu almaqdan, həm də köçməkdən imtina edəcək. Və indi, obyektiv olaraq, böyük əksəriyyət belə düşünür. 2020-ci ilin payız hadisələri hələ çox təzədir.

 

Dağlıq Qarabağda yaşayanların emosiyalarının soyuması və soyuqqanlı düşünməsi üçün vaxt lazımdır. Yeni (növbədənkənar parlament seçkilərindən sonra) Ermənistan hakimiyyət orqanlarının həm əvvəllər işğal olunmuş ərazilərlə (ritorikalarındakı revanşist açıqlamaları istisna olmaqla), həm də qonşuları - Azərbaycan və Türkiyəyə münasibətdə mövqelərini dəyişdirmələri üçün də vaxt lazımdır. Söhbət əvvəlcə yaxşı qonşuluqdan yox, ən azından dinc-yanaşı yaşamaq üçün qarşıdurmadan kənarlaşmaqdan gedə bilər.

 

Öz növbəsində, Azərbaycan tərəfi səbirli olmalı və geri qaytarılan torpaqlarda quruculuq yolu ilə Dağlıq Qarabağın erməni icmasına həm fərqli həyat keyfiyyətinin perspektivlərini, həm də sülhə yönəlməsini nümayiş etdirməlidir - erməni radikallarının yanlış məlumatlarının əksinə olaraq.

 

Ancaq Azərbaycan vətəndaşlığına keçməsi kimi sərt ultimatumlar qoyulması və üstəlik hərbi güc tətbiqi ilə dərhal həll variantından danışmaq qaçılmaz olaraq yeni bir müharibəyə və yeni qurbanlara səbəb ola bilər. O cümlədən Azərbaycan tərəfdən. Azərbaycan Silahlı Qüvvələrinin aşkar üstünlüyünə baxmayaraq, şərti bir partizan hərəkatı (erməni tərəfinin terminologiyasında) və ya diversant silahlı dəstələrin (Azərbaycan tərəfinin terminologiyasında) meydana çıxması olduqca realdır.

 

Nəsə, mənə elə gəlir ki, bütün maraqlı tərəflər Dağlıq Qarabağın hazırkı vəziyyətində orta, amma olduqca gözlənilən müddət üçün “konservasiya” variantını düşünərək seçib”.

Müəllif: Rauf Orucov