Gürcüstanda 1 faiz, Azərbaycanda 20 faiz - Yeni vergi ziddiyyətləri

İqtisadiyyat

15.12.2023 - 13:56

Vergidən yayınma hallarının qarşısını almaq, yoxsa mikro sahibkarlara zərbə?

2024-cü ildən Azərbaycanda muzdlu işçilərinin orta aylıq sayı 3-dən az olan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan mikro sahibkarlar gəlirlərindən 5 faiz yox, 20 faiz vergi ödəyəcəklər. Başqa sözlə, onlar üçün 75 faizlik vergi güzəşti ləğv olunacaq. Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Qüvvədə olan Vergi Məcəlləsinə əsasən, gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Sahibkarlıq subyektlərinin bölgüsü Nazirlər Kabinetinin 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları” ilə tənzimlənir. Qərara əsasən, işçilərinin orta sayı 1-10 nəfər olan və illik gəliri 200 min manatdan az olan şəxslər mikro sahibkarlıq subyekti kimi tanınır.

Bəzi ekspertlər bu dəyişikliyin vergidən yayınma hallarının qarşısını almaq üçün edildiyini bildirsələr də, bunun kiçik sahibkarlığın çöküşünə gətirib çıxaracağını söyləyənlər də var. İkincilərin qənaətinə görə, azərbaycanlı həmkarlarından daha çox vergi toplayan Gürcüstan vergiçiləri illik dövriyyəsi 165 min dollaradək (270 min manata yaxın) olan xırda sahibkarlıq subyektlərinin gəlirlərini 1 faiz dərəcə ilə vergiyə cəlb edirlər.

AYNA mövzuya dair kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın və ekspertlərin fikirlərini öyrənib.

Mikayıl Mirzəzadə xaricdə təhsil, turizm sahəsində fəaliyyət göstərən “Ege Group”un təsisçisidir. Dediyinə görə, Azərbaycanda vergi dərəcələri çox yüksəkdir: “Elə bir sahədə fəaliyyət göstəririk ki, xarici dövlətlərlə mütəmadi əlaqədə oluruq. Azərbaycan hökuməti sahibkarlıq sahəsində yoxlamaları azaltsa da, bahalı vergi dərəcələri ilə iş adamlarını çətinə salır. Təsəvvür edin ki, sahibkar əldə etdiyi gəlirin bir hissəsini vergiyə yönəldir. Bundan başqa bahalı gəlir vergisi də tətbiq olunur. Bu günə qədər mikro sahibkarlar güzəştli təbəqə hesab olunurdusa, artıq onlar bu kateqoriyaya aid deyil. 2024-cü ilin yanvarından 5 faiz illik gəlir vergisi 20 faizə qalxacaq. Hansı ki, 5 faizin özü də baha idi. Misal üçün, qonşu Gürcüstanda bu rəqəm 1 faiz təşkil edir. Lakin bu ölkədə aidiyyəti qurumlar daha çox vergi toplayır, nəinki Azərbaycanda”.

İsmayıl İsmayılov avtomobil ehtiyat hissələrinin satışı ilə məşğuldur. Bildirir ki, rəhbəri olduğu müəssisədə işçilərin sayı 3-dən çoxdur və hamısı qeydiyyatdadır. Yəni, bu qərar ona təsir etməyəcək. Lakin o da hesab edir ki, Azərbaycanda vergi dərəcələri çox yüksəkdir: “Ölkədə yerli istehsal səviyyəsi çox aşağıdır. Bu səbəbdən məcbur olub xaricdən məhsul idxal etməli oluruq. Məhsulun gətirilməsi, daşınması, loqistika xərcləri çox bahadır. Gömrükdə də problemlərlə qarşılaşırıq. Vergi əməkdaşlarının sahibkarlarla ritorikası da qənaətbəxş deyil. Təsəvvür edin ki, bu günlərdə sahibkarlara kiçik borclarına görə mesajlar gəlib və onlara bildirirlər ki, “qısa müddətə borcunuzu ödəməsəniz, barənizdə çox ciddi tədbirlər görüləcək”. Bu, diqtə ritorikasıdır və qəbuledilməzdir. Çox təəssüf ki, ölkədə normal sahibkarlıq mühiti mövcud deyil və gəlir vergsinin dörd dəfə artırılması onsuz da çıxılmaz vəziyyətdə olan iş adamlarının durumunu daha da pisləşdirəcək”.

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, İqtisadiyyat Nazirliyinin özü üçün haqlı səbəbəri var: “Dövlət Vergi Xidmətində düşünürlər ki, 5 faizlik güzəşt mikro sahibkarların vergidən yayınmasına şərait yaradır. Onların qənaətinə görə, dövlət büdcəsindən maliyyələşən və əmək müqaviləsi ilə çalışan işçi 20 faizə qədər vergi ödəyirsə, işçisi olmayan mikro sahibkar da bu qədər vergi ödəməlidir. Çünki həmin mikro sahibkar əlavə iş yeri yaratmır, işçisi yoxdur. Ona görə də işçisi olmayan mikro sahibkarla hansısa qurumda əmək müqaviləsi ilə işləyən şəxs arasında heç bir fərq yoxdur. 3 işçisi olan mikro sahibkara 75 faizlik vergi güzəşti ona görə edirlər ki, həmin sahibkar cəmiyyətə fayda verir, əlavə iş yeri yaradır”.

İqtisadçı alim Rövşən Ağayev Vergi Məcəlləsinə edilən son dəyişikliyi Azərbaycan hökumətinin kiçik sahibkarlar üzərində qələbəsi sayır: “3-dən az işçisi olan, eləcə də təkbaşına fəaliyyət göstərən sahibkarlar bundan sonra gəlir vergisi üzrə güzəştli kateqoriyaya aid olmayacaq. Bu, Vergi Məcəlləsində edilən dəyişikliklərdə öz əksini tapıb. Artıq Azərbaycan Parlamenti Məcəlləyə dəyişiklikləri ratifikasiya edib və gələn ilin əvvəlindən qüvvəyə minəcək. Bu, mikro sahibkarların fəaliyyətinə mane olmaq, əngəl yaratmaqdan başqa bir şey deyil. İddia edirlər ki, guya bununla vergidən yayınma hallarının sayı çoxalır. Əksinə, bu qərardan sonra vergidən yayınanların sayı daha çox olacaq. Əgər mikro sahibkar təkbaşına fəaliyyət göstərirsə, bu, o deməkdir ki, onun işçi götürmək qüvvəsi yoxdur. İndi də gəlir vergisini dörd dəfə artırmaqla mikro sahibkarlara maliyyə təzyiqi göstərirlər”.

Müəllif: Azər Niftiyev