Bu gün onların siyasi komandaları yekun qərarı açıqlayacaqlar
Gürcüstanın ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasının keçmiş sədri Nika Meliya və müxalif “Mtavari Arkhi” telekanalının təsisçisi Nika Qvaramiya siyasi birlik yaratmaq barədə razılığa gəliblər. Bu barədə AYNA “Georgia Online”a istinadən bildirir.
Məlumatda qeyd edilib ki, bu gün onların siyasi komandaları Tiflisdəki otellərin birində toplanaraq yekun qərarı açıqlayacaqlar.
Nika Meliya 2023-cü ilin yanvarında sabiq Prezident Mixail Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat Partiyasının sədri vəzifəsindən uzaqlaşdırılıb. Partiyadaxili elektron səsvermədə Levan Xabeişviliyə uduzan Meliya tərəfdarları ilə birlikdə təşkilatı tərk edib.
Həbsdə olan sabiq Prezident M.Saakaşvilinin əvvəllər vəkili olmuş Nika Qvaramiya 2022-ci ilin mayında “Rustavi 2” işi üzrə həbs edilib. 2023-cü ilin iyununda Salome Zurabişvilinin amnistiya qərarı ilə azadlığa çıxan Qvaramiya “Mtavari Arkhi” telekanalının rəhbəri vəzifəsindən istefa verib və siyasi fəaliyyətə başlayıb.
Hər iki lider həm hökumət əleyhinə, həm də Rusiya əleyhinə çıxışları ilə tanınır.
Xatırladaq ki, bu ilin oktyabrında Gürcüstanda parlament seçkiləri keçiriləcək.