“Bu, şəffaflığın və cəmiyyət qarşısında hesabatlılığın minimum standartıdır”
Gürcüstanın parlament çoxluğu 2023-cü ilin martında kütləvi etirazlar fonunda qəbulundan imtina edilməsinə qərar verilən “Xarici təsirin şəffaflığı haqqında” qanunun (xarici agentlər haqqında qanunun) yenidən işə salınması barədə qərar qəbul edib.
AYNA gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının icraçı katibi Mamuka Mdinaradze brifinq zamanı deyib.
“Qanun layihəsinin Gürcüstan Parlamentində keçən il irəli sürülən mətnlə qəbuluna təşəbbüs ediləcək... Bu gün təşəbbüs göstərdiyimiz qanun layihəsində “xarici təsir agenti” ifadəsi əvəzinə “təşkilat” ifadəsi işlədilir”.
Onun sözlərinə görə, bütün digər məsələlər ötən ilin qanun layihəsində olduğu kimi qalacaq: “Xatırladıram ki, qanun layihəsi yeganə tələbi nəzərdə tutur - xaricdən maliyyə alan təşkilatlar illik maliyyə hesabatlarını dərc etsinlər. Bunun pozulmasına görə yalnız maliyyə sanksiyaları nəzərdə tutulub. Bu, şəffaflığın və cəmiyyət qarşısında hesabatlılığın minimum standartıdır”.
Qanun layihəsinin qəbulu parlamentin yaz sessiyasının sonuna qədər planlaşdırılır.