Gürcülər “Rusiya qanunlarına yox” deyir

Dünya

16.04.2024 - 16:27

Tiflisdə xarici agentlər haqqında qanuna qarşı mitinq keçirilir

Tiflisdə Gürcüstan Parlamentinin qarşısında xarici agentlər haqqında qanun layihəsinin qəbuluna qarşı mitinq başlayıb. AYNA xəbər verir ki, bu barədə “Paper Kartuli” “Telegram” kanalı məlumat yayıb.

Etirazçılardan bəziləri parlament binasının girişini kəsən polislə üzbəüz dayanıblar.

Nümayişçilər əllərində Avropa İttifaqı və Gürcüstanın plakatları və bayraqları ilə “Rusiya qanunlarına yox” şüarları səsləndirirlər.

Aprelin 15-də parlamentin Hüquq Məsələləri Komitəsi müvafiq qanuna birinci oxunuşda baxıb. Bu gün parlamentin plenar iclasında məsələ müzakirə edilir.

Bu, artıq layihəni qəbul etmək üçün ikinci cəhddir - 2023-cü ildə sənəd birinci oxunuşda dəstəklənsə də, müxalifətin və Qərb tərəfdaşlarının tənqidinə görə geri qaytarılıb.

Xatırladaq ki, aprelin 16-na keçən gecə Tiflisdə xarici agentlər haqqında qanun layihəsinin qəbuluna qarşı minlərlə insan etiraz aksiyası keçirib. Etirazçılar parlament binası yaxınlığındakı polis kordonunu yarmağa çalışaraq hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmağa başlayıblar. 14 etirazçı saxlanılıb, bir polis əməkdaşı yaralanıb. Müxalifətin və tərəfdaşların etirazlarına və tənqidlərinə baxmayaraq, Gürcüstan Parlamentinin Hüquq Məsələləri Komitəsi təşəbbüsü dəstəkləyib.

Müəllif: Ayna.az