“Gərək sənin arxana bir təpik vurulaydı”

Cəmiyyət

09.11.2021 - 22:14

Bəzi “savadlılara” qarşı bu tərbiyə metodunu tətbiq etmək pis olmaz

Peşəsinin adının “ofisant”, “şofer”, “moyşik”, “jestyanşik” kimi yazılmasına əmin olanları haradasa başa düşmək olar, eyni zamanda heç bir kompleks də yaşanmaz. Əlbəttə ki, haqq qazandırmaq üçün deyil - hər halda, bir az yöndəmsiz səslənir - amma başa düşə bilərsiniz. Axı insan rəhbərliyə iddia etmir, liderlik fikrində deyil və odur ki, kimsə onun qrammatika biliyinə şübhə ilə yanaşsa, inciməz. Gündəlik çörəyini ailəsi üçün qazanmalıdır və müəyyən sözlərin yazılma qaydalarını dayaz bilməsinin bir çox səbəbləri ola bilər. Usta, sənətkar üçün əsas onun bacarığı, peşəkarlığıdır. Və bu zaman peşənin adını kiçik hərflə yazır və ya sadə bir sözdə iki səhv buraxırsa - bu, bağışlana bilər.

Amma ziyalı adlandırılmağa iddia edən, orfoqrafiyanı əla bilməsi labüd hesab edilən şəxslərin ifasında belə bir cəhalət özünü göstərəndə çaşqınlıq qaçılmaz olur. Üstəlik, son illərdə bu yanaşma bir növ trendə çevrilib. Bir-birinin ardınca məmurların öz ana dillərini necə ələ salması ilə bağlı xəbərlər yayılır. Ata-anasının adlarını və ya yaşadıqları ünvanları səhv yazıblarsa, yenə də birtəhər keçmək olardı. Amma onların savadsızlığı (çox güman ki, məsuliyyətsizliyi və diqqətsizliyi), belə demək mümkünsə, ümumxalq işidir. Bəs necə?

Məsələn, bugünlərdə Göyçay şəhər 3 saylı məktəbin giriş qapısı qarşısında şəhid Vidadi Xəlilovun şərəfinə xatirə lövhəsi qoyuldu. İnsanların toplaşdığı təntənəli tədbir keçirildi. Amma... Məhz bu lövhədə qəhrəmanın rütbəsi yanlış olaraq həkk olunmuşdu - qrammatika qaydaları və sağlam düşüncənin tələb etdiyi kimi “polkovnik-leytenant” yox, “palkovnik leytenant”!

Şübhəsiz ki, yanlışdır. Amma bu, hələ problemin bir hissəsidir. Sosial şəbəkələrdə insanlar baş verənlərə öz hiddətlərini və çaşqınlıqlarını bildirməyə başlayanda, gənc nəslin tərbiyəsi və təliminə cavabdeh olan şəxslərin bu cür kobud səhvlərə yol verməsinin qəbuledilməz olduğunu deyəndə, məlum oldu ki: xatirə lövhəsi şəhidin yaxınları tərəfindən Gəncədə düzəltdirilib və Göyçaya çatdırılıb. Lövhədə səhv hələ təhsil ocağının qarşısındakı görkəmli yerə qaldırılmadan diqqət çəkib. Ancaq "yuxarıdan" bir göstəriş gəlib - planı dəyişdirməmək, lövhəni yerinə quraşdırmaq! Deyiblər, sonra birtəhər yerindəcə düzəldərik.

Və indi kim günahkardır? Variantları sadalaya bilərsiniz, amma bizim fikrimizcə, bütün bu ağır işin əsasını hələ də şüurda və cəmiyyətdə kökü kəsilməyən Sovet psixologiyası təşkil edir – aşağıdan yuxarı zəncirvari qaydada hesabat vermək və lazımi sütunda yağlı bir işarə qoymaq. Və bütün bunların nəyə səbəb olacağı artıq vacib deyil.

Belə xoşagəlməz tendensiyanın başqa bir nümunəsi. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (Mənzil Kommunal Təsərrüfatı) 1 saylı kommunal sahəsinin inzibati binasının girişində bu qurumun adını əks etdirən, orfoqrafik səhvlər olan lövhə quraşdırılıb. Bəs məmurlar özlərini necə doğruldurlar? Onlar “mənzil kommunal təsərrüfatı işçilərinin heç biri lövhənin quraşdırılması prosesində iştirak etməyib” deməkdən yaxşı bir şey tapmadılar. Ağlı başında olan insan belə cəfəngiyyata inana bilərmi? Ola bilərmi ki, ölkədə yeni qayda tətbiq edilib, müxtəlif qurumlara gedib, bu qurumların işçilərinin xəbəri olmadan, hətta onların yoxluğunda da onların adları yazılmış lövhələr qurulsun? Bu cəfəngiyyata kim inanar?!

Ağlabatan sual yaranır: niyə bunlar bizim ölkədə baş verir? Yəqin ona görə ki, cəzasız qalacaqlarına inam var. Əsas odur ki, yuxarı instansiyaya növbəti hesabat versinlər ki, onlar da iş getdiyinə mütləq inansınlar. Və inanmamaq özlərinə sərfəli deyil. Axı, onlar da daha "yuxarı"ya hesabat verməlidirlər. Amma belə səhvlərdən sonra bir neçə məmur isti kreslolarını və rahat kabinetlərini itirsəydi, bunun bir daha təkrar olunmayacağına tam əmin olmaq olardı. Burada, fikrimizcə, tarixə kiçik bir ekskurs məqsədəuyğundur.

“Pravda Vostoka” qəzetinin 25 oktyabr 1944-cü il tarixli nömrəsi redaksiya üçün taleyüklü oldu. Ən məşhur versiyalardan birinə görə, qəzetin bütün kollektivi güllələnib. Lakin bəzi mənbələr redaksiya heyətinin demək olar ki, hamısının repressiyaya məruz qaldığını iddia edir. Səbəb İosip Broz Titonun İ.V.Stalinə yazdığı məktubundakı “qlavnokomanduyuşiy” (Ali Baş Komandan) sözündə cəmi bir hərfin olmaması idi: redaktor və korrektor sözə ikinci hərfi – “l” hərfini əlavə etməyi unudub. Nəticədə “xalqın lideri” oxuculara çox cəlbedici olmayan şəkildə təqdim olundu. Deyirlər ki, bütün buraxılışın tirajı tələsik satışdan çıxarılıb, çekistlər abunəçilərin mənzillərinə gedib, axtarışlar aparıb, tapılan qəzetləri müsadirə ediblər.

Xeyr, biz heç bir halda repressiv üsullardan istifadənin tərəfdarı deyilik, qətiyyən! Bununla belə, razılaşın ki, tam məsuliyyətsizlik də qəbuledilən deyil. Belə yanaşma ilə gələcəkdə hansı səhvlərin buraxılacağını təsəvvür etmək olar. Amma səhlənkar məmurlardan hansısa bir vasitə ilə haqq-hesab sorulmalıdır. Əks halda sosial şəbəkələrdə və mediada diqqətsiz və məsuliyyətsiz məmurlara münasibətdə qınaq növbətçi xarakter alır: danışdılar, şikayətləndilər, dağıldılar. Növbəti "opus"a qədər.

P.S. “Avtomobildən ehtiyatlı ol” (“Bereqis avtomobilya”) filmində Anatoliy Papanovun ifasındakı şedevr yadıma düşdü: “Sənin arxana gərək bir təpik vurulaydı!”. Doğrudan da, bəzi “savadlılara” qarşı bu tərbiyə metodunu tətbiq etmək heç də pis olmazdı...

Müəllif: Vüsal Əliyev