Gəlin biz də Sibiri bombalayaq – AXI NİYƏ?!

Aktual

01.04.2022 - 10:15

Artıq qanunun gücü deyil, gücün qanunu prinsipi hakimdir

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü onu göstərdi ki, artıq dünyamızıda beynəxlaq hüquq deyilən bir anlayış yoxdur. Artıq qanunun gücü prinsipi deyil, gücün qanunu prpinsipi işləyir və bundan da kim necə gəldi istifadə edir. Əməlli-başlı xaos yaşanan bu vəziyyətdən mən də istifadə edərək, Azərbaycanı hakimiyyətinə çağırış edirəm ki, gəlin Sibiri və oradakı rus şəhərlərini bombalayaq. Özümüz tək bacarmasaq, Türkiyə, İsrail və ya Pakistandan xahiş edək ki, bizə bu işdə yardım etsinlər. 

Mənim Rusiyanın neft mənbəyi olan Sibirdəki şəhərlərinə qarşı heç bir iddiam-filanım yoxdur. Sadəcə, hesab edirəm ki, Rusiyaya həmişə çalışıb analoji cavab vermək lazımdır, əks halda... Və hesab edirəm ki, bu əməlli-başlı ekstremist çağırışa görə mənə heç kim heç nə edə bilməz. Axı niyə belə düşünürəm, izah edim.

“Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında çıxış edən deputat Delyagin həddini aşaraq, Azərbaycanın neft sənayesini bombalamaqla hədələməsi son günlərin ən əsas mövzularındandır. Delyaginin sərsəmləməsini təsdiqləyən Kremlin "media tətikçisi" Olqa Skabeyeva da Azərbaycana hədsizcəsinə “çoxlu suallar”ın olacağını deyib.

Bəli, Azərbaycanda bu şəxsə qarşı cinayət işi açıldı və o, axtarışa verildi. Və hətta o cinayət işinin açılmasına qol çəkənlər belə, yaxşı bilirlər ki, biz heç zaman o Delyagini nə tuta, nə də hüquq qarşısında cavab verməyə məcbur edə biləcəyik. Ruslar (mən milləti yox, hakimiyyəti nəzərdə tuturam) da bunu bilməmiş deyillər. Bilirlər və o qədər əmindirlər ki, açılan cinayət işinə çox rahat reaksiya vermələri bir yana, hətta Azərbaycan tərəfini də nədəsə ittiham edirlər...

Rusiya Dövlət Dumasında Azərbaycanın rusiyalı deputat Mixail Delyagin haqqında cinayət işinin açılmasına reaksiya veriblər. Məsələn, Dumanın Beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Aleksey Çepa bunu doğru olmayan qərar adlandırıb: “Bu, bir qədər əsəbi və səhv addımdır. Biz bu açıqlamaya reaksiya verəcəyik, çalışacağıq ki, bəzi addımlar atıb həmkarlarımızı sakitləşdirək”.

O, həm Bakını, həm deputat Delyagini daha təmkinli olmağa çağırıb: “Məncə, daha təmkinli olmaq lazımdır. Delyagin də daha təmkinli olmalı, ifadələrini ölçüb-biçməlidir”.

Yəni, bu Çepa hesab edir ki, Azərbaycan səhv, əsəbi addım atıb və biz, “əşşi, deyib-deyib də” prinsipi ilə hərəkət etməli və bunun da üzərindən sükutla keçməliyik. Mən yaxşı başa düşürəm ki, mənim Rusiyanın neft sənayesinin yerləşdiyi Sibiri bombalamaq təklifim, “lazım olsa”, kimlər tərəfindənsə şişirdiləcək və rus-erməni mətbuatına ötürüləcək. Bilirəm ki, mənə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280-ci maddəsi – “Ekstremist fəaliyyətə ictimai çağırışlar” maddəsi ilə cinayət işi qaldırıla bilər. Və nəticədə beş ilədək müddətə məcburi əmək və ya beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərəm. 

Amma Delyagin kimi mən də cəzasız qalacağıma əminəm. Ən uzağı, oradakı Çepa kimi bizim də redaksiyanın rəhbərliyi mətbuata mənə xəbərdarlıq edildiyini elan edəcək, mənim mövqeyimin rəsmi Bakının mövqeyi olmadığını deyəcək və hətta Rusiya tərəfini də səhv və tələsik addım atmaqda ittiham edəcək. Əlavə olaraq, adımı da salacaqlar “it dəftərinə” ki, daha Rusiyaya gedə bilməyim. Onsuz da fikrim yox idi. Mənim ac və cəmiyyəti iliyinə qədər milliyyətçilik qərəzinə yoluxmuş ölkədə nə işim var ki?!

Ruslarda belə bir misal var: “Həyasızlıq - ikinci xöşbəxtlikdir” (Наглость – второе сачастье). Görün vəziyyət nə yerdədir ki, Dövlət Dumasının deputatının bu boyda sərsəmləməsi və sonra ittihamından daha betər şəkildə üzr istəməsinin ardınca Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov “Sputnik Azərbaycan”ın Mətbuat Mərkəzinə gəlir və özləri tərəfindən seçilmiş – solaxay suallar verməyəcəklərinə əmin olan jurnalistlərin əhatəsində “Azərbaycan mediasında Rusiya mövqeyinin və rəhbərliyinin xoşagəlməz tənqidi ilə əlaqəli materialların çoxluğu Moskvanı təəcübləndirir” açıqlamasını verir.

“Azərbaycan mediasındakı anti-Rusiya isteriyasının müşahidə olunması ölkə hakimiyyətinin dəfələrlə diqqətinə çatdırılıb. Ümid edirik ki, bunun qarşı alınacaq”, - deyə Boçarnikov bildirib.

Diplomatın sözlərinə görə, Rusiyada analoji hərəkətlərin qarşısı alınır (???).

Sözün bitdyi bir məqamla qarşı-qarşıyayıq. Yəni, bu ölkənin deputatı dövlət kanalı vasitəsi ilə Bakını taktiki nüvə bombası ilə vurmağa çağırır, cavabında yalnız Peskov ümumi sözlərlə vəziyyəti malalamağa çalışır, amma Boçarnikov Azərbaycan mediasında anti-Rusiya isteriyasından danışır. Həyasızlığın da bir həddi olmalıdır axı!

Və orada diktafon daşıyan heç bir Azərbaycan jurnalisti durub sual vermir ki, “Ay yoldaş səfir! Rusiya mediasında Qarabağı “Artsax” adlandırmaq olar, rusyalı jurnalistlərin “DQR prezidenti” ilə görüşünə imkan yaratmaq olar, Rusiya telekanal və aparıcı mediasına azərbaycanlı ekspertlərə qadağa qoymaq olar, lakin Azərbaycanda heç kim Rusiyanı və onun rəhbərliyini tənqid edə bilməz?”. 

Dərhal telefon zəngi və yüksək səviyyədə narazılıq... Gücün qanunu prinsipini heç kim qadağan etməyib.

Odur ki dediyim kimi, çağırışıma hansı reaksiyaların olacağını indidən təxmin etdiyim üçün, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu mətbuat konfransına hazırlaşmağa çağırıram. Əslində, xüsusi hazırlığa da ehtiyac yoxdur. Çepa ilə Boçarnikovun fikirlərini götürüb, ölkələrin adında yerdəyişmə etmək kifayət edir...

Müəllif: Yoldaş Mircəfər