“Fransa Minsk Qrupundan kənarlaşdırılmalıdır” – Milli Məclisdə Parisə ETİRAZ

Siyasət

23.11.2021 - 15:04

Deputatlar Qarabağdakı erməni separatçılarının Fransa Senatında qəbul edilməsini kəskin şəkildə qınadılar

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar Fransanın Qarabağ məsələsi ilə bağlı yürütdüyü siyasəti, rəsmi Parisin Azərbaycan əleyhinə addımlarını pisləyiblər. Fransa Senatında Qarabağdakı erməni separatçıların qəbul edilməsi millət vəkilləri tərəfindən kəskin şəkildə qınanılıb.

“Fransa bu hərəkəti ilə bölgəyə sülhün gəlməsini əngəlləyir”

Deputat Qüdrət Həsənquliyev bildirib ki, Fransa ATƏT-in Minsk Qrupunun üzvü olmasına baxmayaraq, açıq-aşkar şəkildə işğalçı Ermənistana dəstək göstərir.

Millət vəkili qeyd edib ki, İkinci Qarabağ müharibəsində savaşda minlərlə gəncin tökülən qanlarına görə Fransa da məsuliyyət daşıyır: “Fransa bu hərəkəti ilə bölgəyə sülhün gəlməsini əngəlləyir. Hesab edirəm ki, Azərbaycan Fransanın Minsk Qrupu həmsədrliyindən kənarlaşdırılmasına çalışmalıdır. Mən hər cür təhqirin və zorakılığın əleyhinəyəm. Sadəcə baş verənlər Fransanın yürütdüyü siyasətin nəticəsidir. Ermənilərə müsbət münasibəti olan bu ölkənin Azərbaycana münasibəti heç vaxt dəyişməyəcək. Azərbaycan bütün sahələrdə Fransa ilə münasibətlərinə yenidən baxmalıdır”.

"Son vaxtlar Fransanın xarici siyasətində ciddi səhvlər formalaşır. Parisin əsassız iddialarını əlbəttə, qəbul etmirik. Bu cür hərəkətlər Fransa-Azərbaycan münasibətlərinə fayda gətirməyəcək. Bundan sonra Fransa Xarici İşlər Nazirliyi Cənubi Qafqaz və Azərbaycanla bağlı məsələrdə ehtiyatlı olmalıdır. Əks halda, bu, xeyir gətirməyəcək", -fikirlərini isə deputat Tural Gəncəliyev deyib.

“İndiki mərhələdə Minsk Qrupunun fəaliyyəti yalnız Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına xidmət edə bilər”

Deputat Soltan Məmmədov isə bildirib ki, bu günədək Fransa Parlamenti beynəlxalq hüquqa zidd qətnamələr qəbul edib: “Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli Bəyanat müharibəyə son qoymaqla, regionda sülh və əməkdaşlıq üçün yeni imkanlar açdı. Dağlıq Qarabağ münaqişəsi başa çatıb və bölgədə yeni mərhələnin başlanması üçün tarixi fürsət yaranıb. Təəssüf ki, bəzi dövlətlər heç bir sağlam məntiqə sığmayan addımları ilə bu tarixi fürsətə mane olmağa çalışır. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçı rejimin nümayəndələrinin Fransa Senatında “Respublikaçılar” fraksiyasının rəhbəri, Valans şəhərinin meri və Ron-Alp regionunun Qrenobl rayonunun rəsmiləri səviyyəsində qəbul edilməsi Cənubi Qafqazda yaranmış yeni reallıqları düzgün qiymətləndirə bilməməyin və ikili standartarın təzahürüdür. Yerli hökumət nümayəndələrinin xarici siyasət sahəsində atdıqları addımlar Fransa qanunvericiliyinə ziddir".

“Minsk Qrupunun həmsədri olan Fransanın Vətən müharibəsi dövründə, müharibədən sonra və bu gün nümayiş etdirdiyi mövqe Azərbaycan cəmiyyətində və hökumətində haqlı suallara səbəb olub. Biz bu suallara indi də cavab ala bilməmişik. Fransa Parlamentinin hər iki palatası qərəzli və beynəlxalq hüquqa zidd qətnamələr qəbul edib. Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə Fransanın müxtəlif şəhər və bölgələri işğalda olan ərazilərlə 28 qeyri-qanuni “sənədlər” imzalayıb. Səfirliyimizin fəaliyyəti nəticəsində bunlardan 11-i məhkəmə qərarları ilə ləğv edilib, 2-si barədə isə məhkəmədə iddia qaldırılıb", - deyə deputat əlavə edib.

Millət vəkili vurğulayıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsinin nəticəsində ərazi bütövlüyünü bərpa edib: “İndiki mərhələdə Minsk Qrupunun fəaliyyəti yalnız Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına xidmət edə bilər. Hesab edirəm ki, Fransanın bəzi dövlət qurumları bu cür qərəzli addımlar atmaqdansa, Fransa səfirinin işğaldan azad olunmuş Ağdama dünənki səfəri zamanı gördükləri dağıntılarla əlaqədar təəssüratlarını öyrənsəydilər daha düzgün olardı”.

Deputat: “Həqiqətənmi fransız ordusu gəlib Rusiya və Türkiyə ilə çiyin-çiyinə Ağdamda sülhün keşiyini çəkmək istəyir?”

"Dünən Fransa səfiri Zakari Qross azad Ağdama səfər edib. Bu, gözlənilməz olsa da, ehtir ama layiq hadisədir. İyul ayında 100-dən artıq ölkənin diplomatik-siyasi təmsilçiləri Şuşanı ziyarətə gedəndə BMT Təhlükəsizlik Şurasının üzvləri, o cümlədən, Fransa nümayəndəsinin kənarda qalması haqlı etiraz doğurdu, lakin dünənki addımı hamı alqışlayır”. Bu sözləri isə deputat Zahid Oruc söyləyib.

Z.Oruc vurğulayıb ki, biz qələbəmizin beynəlxalq legitimliyinə şübhə etmədiymiz üçün onu kimin tanıyıb-tanımamasına deyil, bir milyon insanın tarixi irsinin necə silindiyini hər kəsin öz gözləri ilə görməsinə çalışırıq: “Vətən müharibəsində Fransa xalqının simpatiyası bizim tərəfdə olsa da, hökumət, parlament və yerli hakimiyyət təmsilçiləri, eləcə də prezident Emmanuel Makron Ermənistanla vahid səngərdə oldu. Son altı ayda Fransa rəsmiləri öz mövqelərində müəyyən dəyişikliklər etdi, ərazilərin minalardan təmizlənməsinə humanitar dəstəklə dövlətimizlə münasibətlərin bərpasına çalışdı. Lakin Lüksemburqu, Avropa Parlamentinin 33-dək üzvünü və dağıdıcı mühacirət qrupunu əleyhimizə təşkilatlandırdılar, onları siyasi və informativ tezislərlə təchiz etdilər. İrəvana intensiv səfərlərlə məğlubiyyətdən sarsılan xalqı və hakimiyyəti ölkəmizə qarşı səfərbərliyə çalışdılar. Ona görə də çoxunu bir sual düşündürür - həqiqətənmi fransız ordusu gəlib Rusiya və Türkiyə ilə çiyin-çiyinə Ağdamda sülhün keşiyini çəkmək istəyir? 25 minlik erməni əhalisinə xüsusi status istəmək Yeliseyin nəyinə gərəkdir? Dünyada statussuz erməni yaşamır? Sualların cavabı hamıya aydındır”.

“Xankəndində yaşayan sadə erməniyə yox, Parisə gedən siyasi avantüristlərə, Aqanbekyanın davamçılarına, bir də Qərb dövlətlərinin özünə status lazımdır. Çünki bizim regionda “hökmranlıq status”u qazanmaq Qafqazda sülhə ən böyük təhlükədir. Ona görə də Ermənistan və Azərbaycan arasında böyük sülh müqaviləsi imzalansaydı, biz əsl düşmənlərimizi görərdik”, - deyə Z.Oruc fikrini tamamlayıb.

Müəllif: Anar Bayramoğlu