“Fakt budur ki, Azərbaycana məğlub olduq və Bakı güc yolu ilə torpaqlarını geri qaytardı” - <font color=red> VANYAN</font>

Siyasət

22.05.2021 - 14:23

“Ter-Petrosyan indi tənqid etdiyi konsepsiyanın mənşəyində özü dayanmışdı”

 

Ermənistanın ilk Prezidenti, Erməni Milli Konqresi Partiyasının (ANK) sədri Levon-Ter Petrosyan mayın 16-da Ermənistan dövlətinin Qarabağda məğlubiyyətinin səbəbini hansı amillərdə gördüyünü açıqladı. Bildirdi ki, ondan sonra gələn prezidentlər Robert Köçəryan və Serj Sarkisyan, həmçinin Baş nazir Nikol Paşinyanın apardıqları siyasət ölkənin məğlubiyyətini qaçılmaz etdi.

 

“Son 23 ildə yürüdülən avantürist və məsuliyyətsiz siyasət nəticəsində özümüz başımızı məğlubiyyət boyunduruğuna saldıq. Nikol Paşinyan 2019-cu ilin yayında “Qarabağ Ermənistandır və nöqtə” deyərək Ermənistanı hərbi məğlubiyyətə gətirmə prosesini tamamladı. Bu, Ermənistanın sonu idi. 23 il ərzində səlahiyyətlilərimiz realist siyasətin ən vacib üç amilini nəzərə almadılar: qüvvələr balansı, müttəfiqlərin varlığı və ya olmaması və ən əsası, zamanın geri dönməzliyi”, - deyə Ter-Petrosyan vurğuladı.

 

Onun sözlərinə görə, Köçəryan, Sərkisyan və Paşinyan siyasətin əlifbasını belə, bilmirlər: “23 ildir səlahiyyətlilərimiz qumar oyunçuları kimi davranır, yeni mərclər qoyur, daha çox qazanmağa çalışır və buna görə qazandıqlarını itirirlər”.

 

Və sonunda Ter-Petrosyan ANK-nin başında parlament seçkilərində iştirak etməyə hazır olduğunu söylədi və səbəb kimi onu göstərdi ki, “geniş yayılmış kakofoniya atmosferində sağlam düşüncənin işığı sönməsin”.

 

Beləliklə, deyilənləri Ter-Petrosyanın bir növ seçkiqabağı çıxışı hesab etmək olar. Görəsən bu yaşlı siyasətçi nəyə ümid edə bilər? Niyə parlamentdə olmaq istəyir? Yəqin ki, bir növ fəaliyyət proqramı var - amma nədən ibarət ola bilər?

 

AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.

 

Erməni hüquq müdafiəçisi, Tekali Vətəndaş Sülhməramlı Asossasiyasının rəhbəri Georgi Vanyan:

 

““Bir qarış torpaq verməmək” postulatının tənqidi hal-hazırda 44 günlük müharibənin ağır nəticələrini izah etmək, əsaslandırmaq üçün yalnız bir təbliğatdır. Levon Ter-Petrosyan bir siyasətçi və ya heç olmasa ağıllı bir ziyalı olsaydı, Ermənistanın problemlərindən bir neçə onillik gecikmə ilə, deyil, vaxtında danışardı. Levon Ter-Petrosyanın nə demək istədiyini başa düşürəm. Özü də bir çox cəhətdən günahkardır, amma məsuliyyəti öz üzərinə götürürmü? Bunun əvəzinə bir növ nəzəri mühazirə oxuyur, yeni və konkret bir şey demir.

 

Levon Ter-Petrosyan hər zaman öz xarizmasına arxalanırdı: axı, “qəribə bir təsadüf nəticəsində” ölkənin lideri olmuş və bir vaxtlar biznesdə və siyasi yem yerlərində kimə istəsə, yer ayıran da məhz o idi. İndi tənqid etdiyi konsepsiyanın mənşəyi özü idi. Həqiqət budur ki, özümüz itirmədik, Azərbaycana məğlub olduq. Ali Baş Komandanının rəhbərliyi ilə Azərbaycan xalqı ərazilərini güc vasitəsi ilə geri qaytardı.

 

Milliyyətçilərimizin əsas xüsusiyyəti düşmənə məhəl qoymamaq, düşməni olduqları kimi yox, istədikləri səviyyədə təqdim etmək,  düşmənə hörmətsizlik etməkdir. Və bütün keçmiş prezidentlər istisnasız olaraq bu ənənəvi yolla məşğul olmağa davam edirlər. Xalqımız heç vaxt öz-özünə qalmadı, hər zaman manipulyasiyalar, kazarma diktaturası, korrupsiya meydana gəldi və bütün bu faktorlar Qarabağ uğrunda qondarma “qələbə müharibəsi” ilə qidalandırıldı.

 

Bu illər ərzində Ermənistan Respublikasını idarə etmiş insanlar arasındakı fərq tam olaraq nədir? Seçkiləri də eyni şəkildə saxtalaşdırdılar. Davamlı olaraq danışıqları dondurdular, yeni qurbanların qarşısını almaq xatirinə heç vaxt güzəştlərdən danışmadılar. Ermənistanı Rusiyanın protektoratına şüurlu olaraq gətirib çıxardılar.

 

Nikol Paşinyan ideal deyil, amma legitim bir şəxsdir. Nikol Paşinyan ideal deyil, ancaq yalnız indi onun hakimiyyətdə olması səbəbindən Levon Ter-Petrosyan arenaya çıxa və siyasətə qayıtdığını xəyal edə bilər.

 

2018-ci ildə Ermənistanda hakimiyyətin ötürülməsi Ter-Petrosyanın Köçəryanla əvəzlənməsi vəziyyətində olduğu kimi müzakirə edilsə də, indi bunun heç bir fərqi yoxdur. Əsas odur ki, o zaman Ermənistandakı protest elektoratı 2018-ci ildə seçimini qanuniləşdirməyi bacardı.

 

Seçkilərdə iştirak edən digər qruplar kimi Levon Ter-Petrosyanın qruplaşmasına da yalnız Azərbaycanla bu ölkənin ərazi bütövlüyünün bərpası modeli də daxil olmaqla, konkret danışıqlar yolu ilə bölgədə Rusiyanın tələsindən çıxmağın zəruriliyi barədə çıxış etdikdə diqqət yetirilməlidir. Bununla yanaşı, Türkiyə ilə münasibətlərin tənzimlənməsinin yaxın 5 il üçün Ermənistan üçün prioritet bir vəzifə olduğunu elan etdikdə də həmçinin. Və bu iki məqam seçki proqramında müəyyənləşdirilməlidir. Bu, baş verməyənə qədər Ter-Petrosyan yalnız sabiqlərdən biridir”.

 

Rusiyalı politoloq, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov:

 

“Artıq bir sıra erməni ekspertlər Levon Ter-Petrosyanın rəhbərlik etdiyi ANK-nın parlament kampaniyasında iştirakının Nikol Paşinyanın “Vətəndaş müqaviləsi”nin seçicilərini qismən azalda biləcəyini proqnozlaşdırırlar. Baş nazir əvəzinin partiyası üçün Robert Köçəryan və Serj Sarkisyanın qəbuledilməz olmasını hesab edən insanların səsləri həqiqətən əhəmiyyətli olacaq. Mayın əvvəllərində Nikol Paşinyanın ANK və Levon Ter-Petrosyanın ətrafındakı bəzi insanları öz partiyasının seçki siyahısına dəvət edəcəyi niyyəti barədə yayılan şayiələri də xatırlayaq.

 

Eyni zamanda, əvvəllər Paşinyanı dəstəkləyən, lakin Erməni Milli Konqresinə səs verməyə hazır olan seçicilər, demək olar ki, hazırkı baş nazirin fəaliyyətindən məyusdurlar. Yəni, məsələn, “Gallup” Beynəlxalq Assosiasiyasının erməni nümayəndəliyi tərəfindən 23-27 aprel 2021-ci il tarixində sorğu edilənlər arasındakı “Mənim Addımım” blokunu (“Vətəndaş Müqaviləsi” partiyasının seçkiqabağı kampaniyada blok formatından kənarda iştirak etmək niyyəti ilə daha sonra elan edildi) dəstəkləyən respondentlərin 27,2%-nin yalnız az bir hissəsi ANK-ya gedə bilər. Daha doğrusu, ANK seçkilərdə iştirak edərsə, partiyalar arasında tərəddüd edən elektorat və “üçüncü qüvvə” rolu uğrunda rəqabət güclənəcək”.

 

Almaniyalı politoloq, “WeltTrends” Beynəlxalq Siyasət İnstitutunun direktoru, professor Alekandr Rar:

 

“Ter-Petrosyan, dünyanın bir çox köhnə siyasətçiləri kimi, Baydenin dövründə Amerikada çox şeyin dəyişəcəyini hiss edir (ya da hiss etdiyini düşünür). Beləliklə, daha çox demokratiya - qlobal insan hüquqları məsələsinə “stavka” edir. Belə siyasətçilərə elə gəlir ki, Bayden liberal dəyərlərə daha çox yönəlmiş hər kəsə kömək edəcək.

 

Ter-Petrosyan Ermənistanı Rusiyanın orbitindən Qərbə doğru çıxarmaq istəyir. Ermənistanın Qərb dəyərlərinə çox yaxın bir ölkəyə, Avropa Birliyinin assosativ üzvünə çevriləcəyi təqdirdə Qərbdən daha çox dəstək alacağına inanır. Bu, düşünürəm ki, onun əsas proqramıdır”.

Müəllif: Rauf Orucov