Avet Konjoryana hücum edilib: hadisəni törədənlər arasında şirkət rəhbərinin adı hallanır
Ermənistanda hakim "Vətəndaş Müqaviləsi" parlament fraksiyasının rəhbəri Hayk Konjoryanın qardaşı Avet Konjoryana hücum edilib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə jurnalist Qayane Zarqaryan məlumat yayıb.
Onun sözlərinə görə, Konjoryan yaşadığı binanın girişinin yaxınlığında bir qrup şəxs tərəfindən vəhşicəsinə döyülüb.
Zarqaryan iddia edir ki, hücum edənlər "Millon Mining" şirkətinin direktoru Babken Hovakimyan, onun sürücüsü Robert Sarkisyan, Abovyan icma ağsaqqallar şurasının üzvü Nairi Hakobyan, "Sako Ellarski" ləqəbi ilə tanınan şəxs, Qrişa Qriqoryan və Azat Şaxoyan olub. İddialarını dəstəkləmək üçün jurnalist hücumun videosunu yayımlayıb.
İstintaq Komitəsindən “Sputnik Ermənistan”a bildirilib ki, hadisə ilə bağlı hücum və xuliqanlıq maddələri ilə cinayət işi açılıb. Bir nəfər saxlanılıb və hadisənin qalan iştirakçılarının şəxsiyyəti müəyyən edilir.
Avet Konjoryanın özü “Armlur.am” saytına danışarkən, hücuma məruz qaldığını təsdiqləyib və özünü çox pis hiss etdiyini bildirib.