Onlar 44 günlük müharibə zamanı ordu daxilində çaxnaşma yaymaqda ittiham edilirlər
Ermənistanda məhkəmə iki yüksək rütbəli zabiti hərbi qulluqçular arasında çaxnaşma yaratmaq və əsgərləri silahlarını təhvil verməyə məcbur etmək məqsədilə cinayətkar sui-qəsd təşkil etməkdə ittiham edərək həbs edib. AYNA erməni mediasına istinadən bildirir ki, zabitlər bu əməllərini İkinci Qarabağ müharibəsi zamanı törədiblər.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, ordu korpuslarından birinin polkovnik rütbəli komandirinin müavini onlara həvalə edilmiş şəxsi heyətin bu işdən imtina etməsi üçün şərait yaratmaq üçün hərbi hissə komandirinin müavini (polkovnik-leytenant) ilə razılaşıb.
19 oktyabr 2020-ci il tarixində hərbi hissənin qərargahında hər iki yüksək rütbəli zabit hər iki bölmənin komandirlərinə qoşunlar arasında çaxnaşma salmaq əmri verib. Bölmə komandirləri əmrin qanunsuz olduğunu anlayaraq onu şəxsi heyətə verməkdən imtina ediblər.
Daxil olmuş materiallar əsasında polkovnik və polkovnik-leytenantlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib.
Onlar həbs edilib, cinayət işi ittiham aktı ilə birlikdə prokurorluğa verilib.