“Erməni xalqının əlinə tarixi şans düşüb” – <font color=red> DEPUTAT</font>

Aktual

01.03.2021 - 13:25

Cavid Osmanov: “Ermənistan revanşist düşüncəsindən əl çəksə, Türkiyə ilə sərhədlərinin açılması mümkündür”

 

Azərbaycan Prezidenti İlham Əliyev, ötən həftə xarici və yerli jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Türkiyə-Ermənistan münasibətləri və bu iki ölkənin sərhədlərinin açılması, münasibətlərin normallaşması məsələsi barədə də fikirlərini açıqladı. Dövlət başçısı Türkiyə dövlətinə göstərdiyi dəstəyə görə təşəkkür etdi və yeni vəziyyəti nəzərə alaraq, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına müsbət baxdığını bildirdi: “Bu gün üçün hər hansı bir xüsusi fikrimiz yoxdur. Türkiyə özü müəyyən edəcək ki, sərhədlər nə vaxt açıla bilər və münasibətlər nə zaman normallaşa bilər. Hər halda, Azərbaycan tərəfindən buna mənfi fikir bildirilməyəcək. Hesab edirəm ki, bölgənin sabitliyi üçün bütün ölkələr arasında münasibətlər normal olmalıdır”.

 

“Biz Azərbaycan-Ermənistan sərhədinin açılmasından danışırıq. Azərbaycan-Ermənistan sərhədi açılırsa, Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına ehtiyac yoxdur. Zəngəzur dəhlizini gerçəkləşdirmək istəyiriksə, təbii ki, Türkiyə-Ermənistan sərhədi də açılmalıdır. Hər halda, buna Türkiyə qərar verəcək. Məndən soruşursunuzsa, Azərbaycan tərəfindən bu məsələ ilə bağlı xüsusi mövqe yoxdur. Türkiyənin xeyrinə nə olacaqsa, bu, eyni zamanda bizim də xeyrimizədir”, - deyə İlham Əliyev qeyd edib.

 

Prezidentin açıqlamasını AYNA-ya şərh edən millət vəkili Cavid Osmanov deyib ki, ölkə rəhbərinin Xocalı soyqrımının 29-cu ildönümündə brifinq keçirməsi və bu birifinq nəticəsində soyqrımında baş verənlərin dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırılması çox vacib bir məqam idi: “Brifinqdə bir sıra məsələlərə toxunuldu. O cümlədən də Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı mövzu müzakirə edildi. Xatırladım ki, cənab Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin 10 dekabrında Bakda keçirilən Zəfər paradından sonra da belə bir açıqlama vermişdilər ki, artıq bölgədə Azərbaycan yeni reallıq yaradıb və burada uzunmüddətli sülhün təmin olunması istiqamətində vacib addımlar atılacaq və həm də 10 noyabr 2020-ci il tarixində imzalanan bəyanata uyğun olaraq bir sıra kommunikasiya xətlərinin açılması da nəzərdə tutulub”.

Deputat Cavid Osmanov: “Təmsil etdiyim bölgədəki bələdiyyələrin fəaliyyəti  məni qane etmir” - MÜSAHİBƏ

“Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Ermnistanın daxilində baş verən hadisələrə, yəni Paşinyanı devirib yerinə, əvvəlki xunta rəhbərlərinin gətirilməsinə münasibət bildirərkən bir məsələyə də toxundu ki, hazırda Türkiyə 3+3 platforması üzərində çalışır və bu ölkələrin birinin daxilində yaranan qeyri-stabil vəziyyət 3+3 platformasının həyata keçirilməsinin müddətini uzada bilər, yaxud bu platforma, ümumiyyətlə reallıqdan kənar ola bilər”, - deyə deputat bildirib.

 

Osmanov əlavə edib ki, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin 10 dekabrnda keçirdikləri birgə mətbuat konfransında da bildirmişdilər ki, əgər Ermənistan özünün revanşist və anti-Türkiyə, anti-Azərbaycan ideologiyasından əl çəksə və sağlam düşüncəylə indiki reallıqla barışsa, sərhədlərin açılmasına etiraz edilməyəcək və bu proses həyata keçirilə bilər: “Ona görə də bütün məsələlər artıq Ermənistanın öz üzərinə düşüb. Burada bir məqamı da qeyd etmək lazımdır ki, bu gün Ermənistan xalqının əlinə, əslində, tarixi bir şans düşüb ki, artıq sağlam düşüncə ilə sağam qüvvələri hakimiyyətə gətirərək özlərinin gələcək müqəddəratlarını həll edə bilsinlər”.

 

“Çünki Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə erməni xalqı gördü ki, onların qazandığı heç nə yoxdur, əksinə, bölgədə həyata keçirilən layihələrin hamsından kənarda qalıblar və dalan ölkəsinə keçiriblər. Təbii ki, onların dalan ölkə olmasına səbəb də, məhz Azərbaycan və Azərbaycan Prezidentinin siyasi iradəsi olub”, - həmsöhbətimiz vurğulayıb.

 

“Ermənistan xalqı yaxşı başa düşür ki, keçmiş xunta rejimi və “Qarabağ klanı”nın rəhbərləri erməni xalqını yalnız və yalnız uçuruma aparıb, onları aclıq və səfalət içində yaşadıb, amma bunun əksinə olaraq özləri işğalçılıq siyasətindən öz xeyirlərinə faydalanmağa çalışıblar. Uduzan isə təbii ki, erməni xalqı və bütövlükdə erməni dövləti olub. Bu baxımdan da, əgər Ermənistan özünün revanşist düşüncəsindən, türkofobiya meyillərindən əl çəksə, proseslərə sağlam yanaşsa və 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatın bütün bəndlərini icra etsə - ki buna məcburdur - əlbəttə ki, belə olan halda Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması mümkündür. Cənab Prezident də vurğuladı ki, əgər bu, Tükiyə üçün yaxşıdırsa, təbii ki, biz buna ancaq sevinərik, çünki biz Türkiyə ilə qardaş dövlətik və Türkiyənin əldə etdiyi istənilən qazancı özümüz üçün də qazanc hesab edirik”, - deyə Osmanov fikrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib