“Ermənistanın BTC-ni vurmağa cəsarəti çatmaz”

Aktual

14.10.2020 - 10:23

İqbal Ağazadə: “Düşmən tərəfin hazırkı davranışları, açıqlamaları Azərbaycan cəmiyyətindəki birliyi parçalamağa hesablanıb”

 

İşğalçı Ermənistanın Prezidenti Armen Sarkisyan Azərbaycana qarşı növbəti riyakar bəyanatla çıxış edib. O, Rusiyanın RT telekanalına müsahibəsində Bakı-Tbilisi-Ceyhan boru kəmərinin vurulması ehtimalndan bəhs edib: “Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərini çoxdan vura bilərdi, amma bunu etməyib. Əgər ermənilər boruya dəymək istəsəydilər, bunu 20 il əvvəl edərdilər. Bir neçə artilleriya zərbəsi və həmin kəmər olmayacaqdı”.

 

“Ermənilər Azərbaycana boru kəməri çəkməyə, neft və qaz satmağa, milyardlarla dollar qazanmağa və bu pula silah alaraq Dağlıq Qarabağ ermənilərinə qarşı istifadə etməyə icazə veriblər”, - deyə Sarkisyan müsahibəsində bildirib.

 

Sözügedən açıqlamanı AYNA-ya dəyərləndirən Ümid Partiyasının sədri, sabiq millət vəkili İqbal Ağazadənin sözlərinə görə, neft kəmərini vurmaq elə də sadə məsələ deyil: “Dünya əhəmiyyətli infrastukturu sıradan çıxarmaqla dünyanın aparıcı dövlətlərini də qarşına almağı düşünməlisən. Hesab edirəm ki, bu, Azərbaycan cəmiyyətini mövcud şərait çərçivəsində qorxutmağa, yaxud da parçalamağa hesablanmış addımdır və heç bir əhəmiyyəti yoxdur. Həm də o kəmərlərdə Rusiyanın rolu yoxdur deyə, Ermənistan tərəfi Rusiyaya xoş gəlmək üçün belə açıqlama verir. Ona görə də bu fikirləri ciddiyə almaq lazım deyil.”

PA-nın şöbə müdiri İqbal Ağazadə ilə görüşüb

“Mülki əhalinin vurulmasında da bu tipli bəyanatların verilməsi, əslində, Azərbaycan xalqının indiyə qədər olmadığı şəkildə birliyinin qarşısını almaq, Vətən müharibəsi amilindən çəkindirmək, insanları qorxutmaq və panika yaratmağa xidmət edir. Lakin Azərbaycan cəmiyyəti bütün bunların fərqindədir və hesab edirəm ki, bu tipli bəyanatları ciddiyə almaq və ümumiyyətlə düşmən mətbuatında səslənən informasiyalara nəzər salmaq lazım deyil. Bu gün mövcud şəraitdə informasiya qıtlığı yoxdur. İnternet resursları və texnologiyanın imkanları o qədər genişdir ki, bəzən düşmən mətbuatında daxildə çaxnaşma yaratmaq üçün kütləvi informasiya vasitələrinin rolundan istifadə edərək fərqli məlumatlar ötürülür ki, qarşı tərəf bundan psixoloji zərər çəksin. Ona görə də bunları heçə saymaq lazımdır”, - sabiq deputat vurğulayıb.

 

Ağazadə sözügedən açıqlamanın mesaj xarakteri daşımadığını da əlavə edib: “Hesab etmirəm ki, onlar belə bir cəsarətin sahibi olsunlar. Bundan qorxmaq və çəkinmək lazım deyil. Əgər Ermənistanın orada zərrə qədər xeyri olsaydı, bunu çoxdan edərdi. Ermənistan da nəyin ona ziyan olduğunu hesablaya bilir deyə, panika yaratmaqdan başqa bir iş görmür”.

 

“Bu, müharibədir. Hər şey ola bilər və hər şeyə hazır olmaq lazımdır. Lakin hazırkı mərhələ üçün hesab etmirəm ki, bu addımları ata biləcək qədər özlərində cəsarət və güc tapa bilsinlər. Çünki bu addım artıq regiona fərqli dövlətlərin fərqli yanaşmasını gətirən siyasətin masaya gələcəyindən xəbər verə bilər. Kimlərsə müharibədə atılan mərmilərin fərqli yerə düşməsini, yaxud da hərbi obyektlərin vurulmasını hədəflərin yayınması kimi qiymətləndirə bilərlər. Lakin Bakı-Tiblisi-Ceyhan kəmərinin planlı şəkildə vurulması, artıq dünya iqtisadiyyatında yeri olan bir infrastrukturun vurulması deməkdir və bu, böyük şirkətləri qarşına almaqdır”, - müsahibimiz fikrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib