Erməni nazirlər Qarabağı “suyoluna” çevirir: Sülhməramlılar, hara baxırsınız?!

Aktual

29.01.2021 - 19:21

Mübariz Göyüşlü: “Bu səfərlər daxili auditoriyaya hesablanıb – xalqa göstərmək istəyirlər ki, məğlub olmamışıq””

 

Ceyhun Əhmədli: “Rusiya sülhə zəmanətçi ölkə olaraq belə təxribatlara imkan verməməlidir”

 

Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan yaxın günlərdə, Qarabağın hazırda rus sülhməramlılarının nəzarətində olan ərazilərinə səfər edəcəyinin anonsunu verib. O, səfərin məqsədinin “Artsax”la “informasiya texnologiyaları sahəsində” əlaqələrin inkişafının müzakirəsi olduğunu deyib.

 

Məlum olduğu kimi, Ermənistan rəsmiləri bir müddət əvvəl də Qarabağa qanunsuz səfərlər etmiş və təxribat xaraketrli bəyanatlar vermişdilər. Hətta, Ermənistan rəsmilərinin Bakının razılığı olmadan Azərbaycana qanunsuz səfərlər etməsi ilə bağlı Prezident İlham Əliyev İrəvana xəbərdarlıq da etmişdi. Buna rəğmən, Ermənistan provokasiyasını hələ də davam etdirir və qondarma rejimlə əməkdaşlıqdan bəhs edir.

 

Bəs, Ermənistanın davamlı olaraq Azərbaycanı təxribata çəkməsi nə ilə bağlıdır? Bu təxribatların rus sülhməramlılarının nəzarəti altında olan ərazilərimizlə bağlılığı varmı və bu, işğalçı ölkənin fürsətdən istifadə etməsi kimi dəyərləndirilə bilərmi? Ümumiyyətlə, düşmən ölkənin təxribatlarının qarşısını almaq üçün nə etmək lazımdır ki, bu xoşagəlməz addımlar bir daha təkrarlanmasın?

Mübariz Göyüşlü — Vikipediya

Müasir İnkişaf İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü AYNA-ya şərhində deyib ki, Ermənistan rəsmilərinin Qarabağa qanunsuz səfərləri məğlubiyyətlərini gizlətməyə yönəlib: “Yəni, onlar bildirmək istəyirlər ki, sanki 44 günlük müharibədə heç bir ağır zərbə almayıb və məğlub olmayıblar. Məlum olduğu kimi, Ermənistanda daxili siyasi gərginlik pik həddə çatıb. Paşinyan və onun komandası da bu cür üsullarla həm məğlubiyyəti, həm də məğlubiyyətdən yaranan gərginliyi ört-basdır etməyə çalışır. Bir növ daxili auditoriyanı sakitləşdirmək istəyirlər. Eyni zamanda, Qarabağda qalan erməniləri də bir növ təsəlli etmək istəyirlər ki, Ermənistan rəhbərliyi onları unutmayıb, onlar diqqət mərkəzindədir. Yəni, bu səfərlər daha çox daxili auditoriyaya hesablanıb”.

 

“Lakin mən bu səfərlərin Ermənistanın planlaşdırdığı kimi bir nəticəsinin olacağını hesab etmirəm. Çünki Qarabağa ən böyük səfərləri Nikol Paşinyan, Robert Köçəryan və Serj Sarkisyan etmiş və hətta Qarabağda “Ohanyan xətti” qurmuşdular. Lakin Azərbaycan “Ohanyan xətti”ni də, onların səfələrini də alt-üst elədi. Yəni, bu qədər gücü və imkanı olan Azərbaycan bu problemləri həll edibsə, daha kiçik problemləri də həll etməkdə aciz qalmayacaq və bu məsələlər gec-tez öz həllini tapacaq. Yəqin, Azərbaycan dövləti və rəhbərliyi müəyyən məqamları və məsələlərin həllini gözləyir ki, ondan sonra da bu problemləri birdəfəlik həll etsin”, - müsahibimiz bildirib.

 

Göyüşlü Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin müşavirəsində bu məsələyə irad bildirməsini xatırladıb: “Ölkə başçısı da bir müddət əvvəl hökumətin müşavirəsində erməni nazirlərin Qarabağa qanunsuz səfərlərinə və onların Azərbaycanın icazəsi olmadan Qarabağa getməsinə iradını bildirdi. Həmçinin, Rusiya sülhməramlıları da buna icazə verməməlidir. Belə ki, bu günə qədər Rusiya sülhməramlıları sülhməramlı missiyanı Türkiyə olmadan, təkbaşına həyata keçirirdisə, artıq Türkiyənin sülhməramalı kontingentinin də öz yerini almağa başladığı haqqında ilkin məlumatlar var. Ona görə də daşlar yavaş-yavaş yerinə oturduqca, bu səfərlərin də intensivliyi azalacaq və ümumiyyətlə, gedişatda bu səfərlər tamamilə ləğv olunacaq. Bundan sonra Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul edəcək, Azərbaycan qanunları ilə yaşayacaq, yaşamayanlar da rədd olub gedəcəklər. Yox, bundan sonra da əgər hər hansısa bir silahlı müqavimətə meyil etsələr və bu istiqamətdə hər hansı bir addım atsalar, Azərbaycan ən sərt şəkildə onların cavabını verəcək”.

 

“Onsuz da müharibədən sonra da Azərbaycana qarşı müqavimət göstərmək istəyən və ələ keçən 67 nəfər erməni terrorçusu vardı ki, onlar heç 11 yanvar Moskva görüşündə də müzakirə edilmədi və Azərbaycan onları Ermənistana təhvil vermədi. Bu da onu göstərir ki, Azərbaycan Qarabağdakı silahlı qruplaşmalara qarşı sərt addımlar atır və atacaq da. Həmçinin, bunun bənzəri təxribat yaratmaq istəyən erməni rəsmilərinə də aiddir. Ona görə də bu səfərlərin Azərbaycan üçün ciddi problemlərə yol açacağını hesab etmirəm”, - siyasi şərhçi vurğulayıb.

Artıq xalqımızın Zəfər günü var

Politoloq Ceyhun Əhmədli isə AYNA-ya açıqlamasında bildirib ki, Ermənistan rəsmilərinin Qarabağa qanunsuz səfərlər etməsi, hər şeydən əvvəl Ermənistan rəhbərliyinin 44 günlük müharibənin nəticələrindən yetərli dərs çıxarmadığını göstərir: “Bu, təkcə Azərbaycana qarşı yönəlmiş təxribat cəhdi deyil, Ermənistan hakimiyyəti bununla həm də Rusiyanın vasitəçilik missiyasına qarşı sabotaj həyata keçirmiş olur. Nəzərə alaq ki, 11 yanvar tarixində keçirilmiş Moskva toplantısı regionda kommunikasiyaların açılması istiqamətində çox ciddi razılaşmalarla yadda qaldı. Paşinyan özü də həmin sənədə qol çəkərək regionda dərin inteqrasiyanın getməsinə razılığını ifadə etmişdi. Amma görünən odur ki, Ermənistan 10 noyabr və 11 yanvar razılaşmalarının ruhuna zidd addımlar atmaqla Rusiyanın vasitəçilik missiyasına bir növ qarşı çıxmağa cəhd göstərir”.

 

Həmsöhbətimizin fikrincə, rəsmi Moskvanın son bəyanatlarından çıxan nəticə odur ki, Qarabağ bölgəsi ətrafı və dağlıq hissəsi ilə birlikdə Azərbaycanın ayrılmaz tərkib hissəsidir və status məsələsi də, ümumiyyətlə gündəmdə deyil: “Belə olan halda bugünkü reallıqlar Ermənistan üçün revanşist ideyaları birmənalı istisna edir. Əgər, regionda yenidən müharibə alovlansa, bu, hər şeydən əvvəl Rusiyanın avtoritetini ciddi şəkildə zədələyə bilər. Ona görə də bu kimi qanunsuz səfərlərə, sülhə zəmanətçi ölkə olaraq Rusiya imkan verməməlidir. Sülhməramlı qüvvələrin Laçın dəhlizi boyunca yerləşdirilməsi həm də bu məqsədə xidmət edir”.

 

“Məsələnin “Biz nə etməliyik?” tərəfinə gəldikdə isə, düşünürəm ki, biz ilk növbədə sülhməramlı qüvvələr qarşısında tələbkarlığımızı artırmalıyıq. Xatırlatmaq istərdim ki, Prezident İlham Əliyev bu istiqamətdə ciddi xəbərdarlıqlar edib. Sülhməramlı qüvvələrin rəhbərliyi bundan nəticə çıxarmalıdır. Əks halda, zəruri tədbirləri biz özümüz görməli olacağıq. Ölkəmizin sərhədlərini qanunsuz yolla keçən hər bir şəxs qanunla müəyyən olunmuş qaydada cəzalandırılmalıdır. Güman edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları da lazım olan addımları atacaq”, - deyə Əhmədli qeyd edib.

 

O, Ermənistan iqtidarının bu kimi təxribat xarakterli gedişlər etməsi əvəzinə, öz xalqını post-konflikt dövrünün reallıqlarına hazırlamalı olduğunu söyləyib: “Bu ölkənin bütün siyasi mərkəzləri başa düşməlidir ki, revanşist ideyalarla yaşamağın heç bir perspektivi yoxdur. Əldə olunan üçtərəfli razılaşmaların vaxt itirmədən icra olunması erməni xalqını da gələcək ağır sosial-iqtisadi böhrandan xilas edə bilər. Əks halda, erməni xalqını qarşıda daha faciəvi günləri gözləyir. Azərbaycan dövləti isə bundan sonra da nəyin bahasına olursa-olsun, öz milli təhlükəsizliyini təmin edəcək. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, dəmir yumruğumuz hələ yerindədir, erməni faşizmi yenidən baş qaldırsa, nəticə onlar üçün daha ağır olacaq”.

Müəllif: Mərahim Nəsib