“Bəzi vətəndaşlar azad edilmiş ərazilərə “turlar” təşkil edirlər, belə olmaz!”

Aktual

07.12.2020 - 13:25

Həkimlər Klinikalar SEO Xidməti

Rəşad Süleymanov: “İlk növbədə ərazidə gizlənmiş terrorçular zərərsizləşdirilməlidir ki, sonradan partizan müharibəsi ilə üzləşməyək”

 

Vətən müharibəsi nəticəsində işğalda azad edilmiş bəzi ərazilərdə təhlükəsizliyi təmin etmək üçün sahə inspektorları təyin edilib və xidməti postlar qurulub. Təbii ki, təhlükəsizlik tədbirləri bununla yekunlaşmır və bu istiqamətdə bir çox işlərin görüləcəyi məlumdur.

 

Bəs, təhlükəsizlik tədbirləri necə həyata keçirilməlidir? Vətəndaşlar hansı məsələlərə xüsusi diqqət yetirməlidirlər?

 

AYNA-ya danışan hərbi ekspert Rəşad Süleymanov xatırladıb ki, işğaldan azad edilmiş ərazilərlə bağlı Prezidentin fərmanı var və bu fərmana uyğun olaraq rayon polis şöbələrinin rəisləri komendant olaraq təyin edilib və cavabdehliyə birbaşa məsuliyyət daşıyırlar: “Bununla yanaşı, azad edilən ərazilərdə iki kontekstdən təmizləmə işləri görülməlidir. Əvvəla, ərazilərdə gizlənmiş terrorçu qruplar tapılıb zərərsizləşdirilməlidir. Çünki onlar bəzi yerlərdə gizlənə bilərlər. Hətta, ermənilər özləri də səsləndirirdilər ki, müəyyən yerlərdə gizləniblər. Özümüz də sosial şəbəkələrdə yayılan görüntülərdən işğaldan azad edilmiş ərazilərdə müəyyən aatışmaların olduğunu, terrorçu qruplaşmaların hücumlarının baş verdiyini görmüşük. Təbii ki, onlar zaman-zaman tapılacaq və məhv ediləcək”.

Azərbaycan Ermənistanı dəfələrlə qabaqlayır -

“Çünki onların orada qalması atəşkəsə və ermənilərin imzaladığı kapitulyasiya aktına birbaşa ziddir. Belə olan halda isə Azərbaycan dövlətinin həmin terroçuları zərərsizləşdirməyə tam haqqı çatır. Hal-hazırda da bütün istiqamətlərdə bu işlər davam edir. Həm də ərazilərdə yerləşən müəyyən strateji infrastruktur obyektlərinin də təhlükəsizliyi tam təmin olunmalıdır. Çünki ermənilər hər zaman terrorla məşğul olan millət kimi istənilən vaxt istənilən addımı ata bilərlər. Bunların hamısını nəzərə almaq lazımdır ki, sonradan partizan müharibələri ilə üzləşməyək”, - ekspert bildirib.

 

O, digər həyati əhəmiyyətli addım kimi ərazilərin minalardan təmizlənməsini qeyd edib: “Bu məsələ birinci növbədə insanların özlərindən asılıdır. Çünki hər bir insan həyatının risk altında olduğunu başa düşməli və minalardan təmizlənməmiş ərazilərə getməkdən çəkinməlidir. 30 il gözləmişiksə, bundan sonra bir az da gözləyə bilərik. Çünki ərazilər onsuz da qısa zaman kəsiyində tam təmizlənəcək”.

 

Süleymanov hesab edir ki, azad edilmiş ərazilərdə hərbi polis postlarının fəaliyyətləri gücləndirilməlidir: “Belə olan halda, vətəndaşların necə gəldi, həmin ərazilərə getməsinin qarşısı alınacaq. Hətta, müəyyən məlumatlar var ki, bəzi vətəndaşlar işğaldan azad edilmiş ərazilərə “turlar” təşkil edirlər. Təbii ki, bütün bunlara son qoyulmalıdır. Hamımız həmin əraziləri gedib görmək istəyirik, lakin unutmaq olmaz ki, ərazi ciddi şəkildə minalanıb və hər hansı bir yanlış hərəkət insan itkisi ilə nəticələnə bilər”.

 

“Bu gün dünyada ən təhlükəli məsələlərdən biri piyadalar əleyhinə minalardır. Hətta, ötən il dünyada bu minaların 6 min nəfər qurbanı olub ki, onların da böyük hissəsini uşaqlar təşkil edir. Məlumdur ki, cəbhəyhanı zonalarda minaların qalıqları qalıb, partlamayan mərmilər var ki, bunlardan qorunmaq, təmas etməkdən çəkinmək lazımdır. Çünki uşaqlar, adətən belə şeylərə həvəskar olurlar deyə, toxunmaq, baxmaq istəyirlər. Uşaqlar arasında da maarifləndirmə işləri aparılmalıdır ki, bu da təhlükəsizliyin ən vacib elementlərindən biridir”, - deyə həmsöhbətimiz vurğulayıb.

Müəllif: Mərahim Nəsib

Simurq

Dünən, 16:45 Mədəniyyət