Əngəlsiz həyat üçün: <font color=red> İNAN və QOŞUL</font>

Cəmiyyət

12.12.2019 - 22:00

“İnsanlar bizi tanımadıqları üçün inanmırlar və səsimizə səs vermirlər"

 

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya, adaptasiya olunması məqsədilə müxtəlif dövlət proqramları həyata keçirilir. Ancaq onların çox hissəsi müəyyən səbəblər üzündən hələ də evdən çıxmaqda, cəmiyyətin ayrılmaz üzvünə çevrilməkdə çətinlik çəkirlər.

 

AYNA-nın budəfəki həmsöhbəti belə şəxslərdən biri - Zaur Hacılıdır.

 

Z.Hacılı deyir ki, əlliliyi olan şəxslər arasında fərdi müstəqilliyini təmin etmək istəyənlər olsa belə, çox ciddi problemlərlə üzləşirlər: “Fərdi, müstəqil şəkildə çölə-bayıra çıxa bilənimiz çox azdır, effekt verəcək sayda deyil, çoxumuz evdə dustaq həyatı yaşayırıq. Səbəb də əlilliyimiz, əlilliyimizin bizə yaratdığı əngəllərdir, əl-ayağımız sözümüzə baxmadığı üçün digər vətəndaşlar kimi ehtiyaclarımızı ödəyə, haqqlarımızı, hüquqlarımızı tələb edə bilmirik”.

Zaur Hacılı adlı şəxsin şəkli.

Müsahibimizin sözlərinə görə, indiki dövrdə elə müasir muassir reabilitasiya vasitələri var ki, onların sözə baxmayan əli, ayağı, gözü, qulağı funksiyasını 70-80, bəzi hallarda, hətta 90 faiz yerinə yetirə bilər: “Amma çox təəssüf ki, həmin vasitələr olduqca bahadır. Ona görə də biz bu reablitasiya vasitələrini nəğd şəkildə ala bilmirik. Bir tək yol qalır – kredit. Ancaq əllliyi olan şəxslərə kredit də verilmir, ala bilən olsa belə, ən çox 2-3 min manat ala bilir, o da 2 il müddətinə. Ən primitiv elektron arabanın qiyməti isə 3600 manatdır. Bizə istədiyimiz vasitəni ala bilmək üçün 5-10 il müddətinə kredit versələr, həmin vasitələri ala bilərik”.

 

Əlilliyi olan şəxslərin müasir reablitasiya vasitələrini əldə etməsi üçün sanballı maliyyə qaynağı olmalıdır. Zaur Hacılı düşünür ki, bu qaynağı ianə toplamaq yolu ilə formalaşdırmaq olar: “Dünya təcrübəsində müxtəlif qaynaqlarla, fərqli yollarla ianə toplanılır və layihələr həyata keçirilir. Mən də bu məqsədlə  “Əngəlsiz Həyat Üçün” ianə kampaniyası hazırladım və  Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) naziri Sahil Babayevə təqdim etdim. Xahiş etdim ki, bu layihə 2019-cu ilin yeni konsepsiyasına daxil edilsin. Mənə cavab gəldi ki, ianə kampaniyası təşkil etmək hazırda Nazirliyin səlahiyyətləri xaricindədir. Lakin gələcəkdə həmin təklifə bu və ya digər formada əlavə və dəyişikliklər edilməklə baxıla bilər”.

Zaur Hacılı adlı şəxsin şəkli.

Həmsöhbətimiz deyir ki, ƏƏSMN-dən aldığı cavabdan sonra ianə kampaniyasını özü həyata keçirməyi qərara alıb və bu məqsədlə əvvəlcə bankda hesab açıb. Sonra isə sosial şəbəkələrdə #ƏngəlsizHəyatÜçün #ƏngəlləriAşmaqÜçün #BirMilyondanBiriOlmaqİsterdinmi? #ƏngəllilərAksiyaKeçirdi həştəqləri ilə cəmiyyətimizin bütün təbəqələrini bu kampaniyaya qoşulmağa çağırıb: “İanə kampaniyasında məqsəd cəmiyyətimizin bütün təbəqələrindən olan insanlara çağırış etmək idi. Hər birimiz açılmış hesaba ildə 2 dəfə minumum 5 manat məbləğində vəsait ödəsək, bu, kifayət qədər vəsait edir. Burada 5 manat 1 nəfəri ifadə edir, əgər mən 5 yox, 20 manat ianə köçürərəmsə, o zaman 4 nəfəri əvəz etmiş olacağam. Mən özüm hər ay aldığım müavinətdən 5 manat həmin hesaba köçürürəm, üstəlik ayda 216 manat pensiya alan atamı, 200 manat pensiya alan anamı və 400 manat əməkhaqqı alan qardaşımı da bu kampanyaya qoşulmağa çağırmışam. Beləliklə, bir evdən hər ay 35 manat ianə ödəyirik. Əgər hər birimiz bu ianə kampaniyasına özümüzlə bərabər 3 nəfər də cəlb etsək, qısa zamanda əngəlləri aşa bilmək üçün əlimizi, ayağımızı, gözümüzü, qulağımızı əvəz edən çox bahalı müasir reablitasiya vasitələrini asanlıqla əldə edə bilərik”.

 

Z.Hacılının dediyinə görə, təəssüflər olsun ki, sözügedən ianə kampaniyasının artıq yarım ildir başlamasına baxmayaraq, çox az adamdan dəstək gəlib: “İnsanlar bizi tanımadıqları üçün inanmırlar və səsimizə səs vermirlər. Kampaniya 6-7 aydır ki, başlayıb, son iki aydır ki, cəmi 24 nəfər səsimizə səs verib, bu da ay ərzində 130 manat pul edib. Bu da təbii ki, düşündüyümüz reablitasiya vasitələrini almaq üçün çox cüzi məbləğdir. Amma bizim dayanışma, yardımlaşma fikri ilə bu kampaniyaya dəstək verməyimiz mümkün olsa və ayda yüz nəfər səsimizə səs versə, hər ay bir nəfərə rahat şəkildə elektron araba ala bilərik”.

 

Zaur Hacılı söz verir ki, ianə kampaniyasından toplanan vəsait tam şəffaf şəkildə sərf olunacaq, güclü ictimai nəzarət olacaq: “Təbii ki, bu barədə hər ay hesabat hazırlanaraq ictimailəşdiriləcək. Hər kəs verdiyi pulun hara xərcləndiyini aydın şəkildə görəcək. Bizə indi dəstəkçilərin sayının artırılması lazımdır. Bunun üçün də müəssisələrə, təşkilatlara bu kampaniyamıza qoşulmaları üçün müarciət edirik. İndi ümidimiz onadır ki, hansısa bir qurum və ya təşkilat öz işçi heyəti ilə birlikdə bu kampaniyaya qoşulsun. Bircə qurum, heç olmazsa,  bir illik bu kampaniyaya qoşulsa, digərləri də görəcək ki, hər ay neçə insanın ehtiyacı təmin olunur və bizə dəstək verməyə başlayacaqlar. Nəticədə biz cəmiyyətə inteqrasiya, adaptasiya ola biləcəyik. Reablitasiya vasitələri olmazsa, biz nə təhsil ala, nə işləyə, nə də sağlamlığımızın geriləməsinin qarşısını ala bilərik”.

Bu ianə kampanyasına təkcə əllilliyi olan şəxslər yox, vicdanının səsinə səs verməyi bacaran hər kəs qoşula bilər. Əgər sən də qoşulmaq istəyirsənsə, yubanma, dəstəklə və bu yazını paylaşaraq ianə kampaniyasına daha çox insanın qoşulmasına vəsilə ol.

 

İANƏ KAMPANYASININ HESAB NÖMRƏSİ:

4169741367452313
bitmə tarixi 04/22 

İANƏ KAMPANYASININ REKVİSİT NÖMRƏSİ:

Kapital Bank
Valyuta: AZN
Benefisiann Bankı: Kapital Bank ASC Abşeron rayon filialı
Filialın Kodu: 200231
Müxbir hesab: AZ37NABZ01350100000000001944
VÖEN: 9900003611
SWİFT kod: AllBAZ2X
İBAN - Hesablaşma hesabı: AZ37A11B45810019442300005123
Kart hesab: 38810944005544267123

Müəllif: Rumiyyə Miraslan