Ekvador ordusu qiyamları yatırmaq üçün Kitonun mərkəzinə zirehli maşınlar yeridib
Ekvador ordusu iğtişaşlar fonunda paytaxt Kitonun mərkəzinə hərbi texnika yığıb. AYNA xəbər verir ki, bu barədə “Ecuavisa” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, zirehli texnikalar şəhərin tarixi hissəsinin küçələri ilə hərəkət edir. Məlumata görə, hərbçilərə paytaxtın strateji əhəmiyyətli yerlərində texnika yerləşdirmək əmri verilib.
Qeyd edək ki, yanvarın 7-də “Los Choneros” cinayətkar qrupunun lideri, Fito ləqəbli Xose Adolfo Villamarın Quayakildəki həbsxanadan qaçmasından sonra Ekvadorda təhlükəsizlik vəziyyəti daha da pisləşib. Bundan sonra bir neçə həbsxanada iğtişaşlar baş verib. Yanvarın 8-də Prezident Noboa fövqəladə vəziyyət və komendant saatı elan edib.
Yanvarın 9-da silahlı şəxslər Ekvadorun “TC Televisión” televiziya şirkətinin Quayaquil şəhərindəki binasına soxularaq canlı yayımda teleaparıcıları girov götürüblər. Lakin onlar saxlanılıb. Qarışıqlıqdan istifadə edən kütlələr hökumət əleyhinə ixtişaşlara başlayıb. Hökumət qiyamın olacağından ehtiyat edir.