Ana dili, təhsil və dil imperializmi haqqında
7-ci yazı (Birinci, ikinci, üçüncü, dördüncü, beşinci, altıncı yazı)
Siyasət və həll qatı: nə etməli?
Bu nöqtəyə qədər diaqnoz qoyuldu.
Dəqiq, sənədli, arqumentli diaqnoz.
Dil imperializmini göstərdim.
Koqnitif zədə təsvir edildi.
Kimlik itkisinin anatomiyası çıxarıldı.
Müqayisəli təcrübə sıralandı.
İndi bu diaqnozu oxuyan oxucu haqlı bir sual verəcək:
Yaxşı, bəs nə etməli?
Sualın cavabı o qədər də asan deyil. Çünki bu məsələdə ən çox səhv həll qatında buraxılır. Diaqnozu düzgün qoyanlar çox zaman həlli yanlış qururlar. Ya çox sadə qururlar, məs., "ana dilini tətbiq et, məsələ həll olunur", ya çox romantik – "millət öz dilinə sahib çıxsın, qalanı düzələcək", ya çox bürokratik – "qanun çıxarılsın, icraya verilsin".
Bunların hamısı lazımdır. Ancaq heç biri kifayət deyil.
Əvvəlcə bir reallığı açıq qoyaq.
Valideyn rasional davranır. Bu cümləni daha əvvəl yazdım, lakin burada yenidən, daha güclü ortaya qoymaq lazımdır. Çünki həll valideynlə müharibə edərək başlamır. Başlayana qədər itiriləcək. Valideyn övladını rus bölməsinə göndərəndə ona qarşı çıxmaq, yanğını söndürmək əvəzinə yanğının içindəkilərə bağırmaq kimidir.
Valideynin seçiminin arxasında bir mühit var.
O mühit deyir:
Rus dilini bilən uşaq daha yaxşı iş tapır; daha yüksək maaş alır; daha geniş şəbəkəyə çatır.
Bu yalandırmı? Xeyr.
Müəyyən qədər doğrudur – bu gün, bu şəraitdə belədir.
Problemi həll etmək üçün bu şəraiti dəyişməlidir.
Şərait dəyişmədən valideynin seçimini dəyişdirə bilməzsən.
Dəyişdirsən belə – məcburiyyətlə dəyişdirsən, ruhla deyil.
Məcburiyyətlə edilən seçim ilk fürsətdə geri dönəcək.
Deməli həll siyasəti haradan başlamalıdır?
Şəraitin özündən.
Birinci addım: Azərbaycan dilini iqtisadi gəlirə çevirmək.
Bu cümlə sentimental deyil – struktur tələbdir.
Estoniya modeli bunu göstərdi. Eston dili iqtisadi həyatın, hüquqi sistemin, dövlət idarəçiliyinin yeganə işçi dili oldu və o andan etibarən valideynin hesabı dəyişdi. Uşağını eston dilindəki məktəbə göndərmək artıq romantik deyil, rasional seçim idi. Çünki o dili bilmədən işə girə bilməzdin. O dili bilmədən dövlət müqaviləsi bağlaya bilməzdin. O dili bilmədən məhkəmədə müdafiə ola bilməzdin.
Azərbaycanda bu zəncir hələ qurulmayıb. Azərbaycan dili rəsmi dövlət dilidir – kağız üzərində. Lakin şəhərin iri iş mühitlərinin böyük hissəsində qeyri-rəsmi standart fərqlidir. Beynəlxalq şirkətlərin yerli ofislərində iş dili çox zaman rus dilidir. Elit hesab edilən peşə mühitlərinin bir hissəsində Azərbaycan dilinin qeyri-rəsmi statusu hələ tam formalaşmayıb.
Bu boşluq bağlanmadan təhsil dilini dəyişdirmək yarımçıq siyasətdir. Uşağı Azərbaycan dilindəki məktəbə məcbur edib, sonra onu işə rus dilini bilmədən qəbul etməyən mühitə göndərmək – bu ziddiyyəti sistem özü yaradır. Sistem özündəki ziddiyyəti həll etmədən valideyndən fərqli seçim gözləyə bilməz.
İkinci addım: İntellektual kapital infrastrukturu qurmaq.
"Azərbaycan dilində material yoxdur" etirazını əvvəlki fəsildə fəlsəfi müstəvidə cavabladım. İndi praktiki müstəvidə cavablamağa çalışım.
Dil intellektual fəaliyyətin nəticəsində zənginləşir. Bu prinsip doğrudur, lakin bu prinsip dövləti məsuliyyətdən azad etmir. Yaponiya bazara öz-özünə çıxmadı. Yaponiya sistematik, dövlət dəstəkli, onilliklər boyu davam edən bir tərcümə və terminologiya infrastrukturu qurdu. Elmi anlayışlar yapon dilinə köçürüldü. Xarici ədəbiyyat yaponca nəşr edildi. Universitetlər yaponca tədris etdi – və bu tədrisin keyfiyyəti qorundu.
Azərbaycan bu infrastrukturu qurmalıdır.
Mücərrəd elm terminologiyası – riyaziyyat, fizika, biologiya, kompüter elmləri – Azərbaycan dilində sistemli şəkildə inkişaf etdirilməlidir.
Keyfiyyətli dərsliklər yazılmalıdır – siyasi sifariş kimi deyil, intellektual layihə kimi.
Dünya ədəbiyyatının, fəlsəfəsinin, elminin Azərbaycan dilinə keyfiyyətli tərcüməsi dövlət prioriteti olmalıdır.
Bu iş bahalıdır. Uzun müddət alacaq. Nəticəsi bir seçim dövrünə sığmır. Buna görə siyasətçi üçün cəzbedici deyil. Lakin bu iş edilmədən – digər hər şey boşdur. Dil infrastrukturu olmadan ana dilindəki təhsil uşağı zəif alətlə güclü bir dünyaya buraxmaqdır.
Üçüncü addım: Rus bölmələrinin tədricən, struktur dəyişimlə azaldılması.
Qadağa yox.
Bağlamaq yox.
Struktur dəyişim.
Latviya bu yolu seçdi. Birdəfəlik bağlamaq əvəzinə tədricən, mərhələli, kompensasiyalı keçid. Rus dilli məktəblər mövcud idi. Lakin tədris proqramının tədricən artan hissəsi dövlət dilindəki müəllimlər tərəfindən verildi. Müəllimlər hazırlandı. Terminologiya təmin edildi. Keçid vaxt aldı, lakin baş verdi.
Azərbaycanda bu model tətbiq oluna bilər. Lakin tətbiqi üçün əvvəlki iki addım – iqtisadi dominant və intellektual infrastruktur paralel getməlidir. Bu üç proses sinxron olmadan hər biri uğursuz olur. Çünki,
Yalnız qanun çıxarmaq icrasız sərəncamdır;
Yalnız infrastruktur qurmaq tələbsiz investisiyadır;
Yalnız iqtisadi dominant etmək bünövrəsiz bina tikməkdir.
Üçü birlikdə. Paralel. Uzunmüddətli.
Dördüncü addım: valideynlə kommunikasiya, lakin düzgün dillə.
Valideynə "millətinə xəyanət edirsən" demək yanlışdır. Həm etik baxımdan, həm strateji baxımdan. Valideyn xəyanət etmir – valideyn mövcud sistemin içindəki ən rasional seçimi edir. Ona bağırmaq onu dəyişdirmir, onu müdafiəyə keçirir.
Valideynlə danışarkən məsələni yalnız milli kimlik və ana dilinə bağlılıq müstəvisində qoymaq kifayət deyil. Söhbət uşağın idrak inkişafından, dilin düşüncənin formalaşmasındakı rolundan və təhsilin keyfiyyətindən getməlidir. Valideyn üçün əsas sual övladının hansı dildə oxumasından daha çox, hansı dil mühitində onun düşünmə, anlama və özünü ifadəetmə imkanlarının daha sağlam inkişaf etməsidir. Ana dilinin bu prosesdəki rolunu neyroelm və psixolinqvistikanın verdiyi məlumatlarla izah etdikdə müzakirənin ağırlıq mərkəzi də dəyişir: məsələ artıq dilə sentimental münasibət deyil, uşağın intellektual inkişafı məsələsinə çevrilir. Valideyn övladı üçün ən yaxşısını istəyir; ona görə də qarşısına şüar deyil, əsaslandırılmış elmi məlumat qoymaq lazımdır.
Finlandiya bu kommunikasiyanı onilliklər boyunca apardı. Cəmiyyəti inandırdı, məcbur etmədi. İnandırmaq üçün isə əvvəlcə özü inandırıcı oldu: keyfiyyətli məktəblər qurdu, müəllim hazırladı, nəticə göstərdi. Nəticə görünəndə valideyn seçimini özü dəyişdi.
Beşinci addım: Müəllim – sistemin qəlbi.
Bütün siyasətlər müəllimin əli ilə həyata keçir. Müəllim hazır deyilsə heç bir siyasət işləmir. Finlandiya modelinin ən az danışılan, lakin ən həlledici elementi budur: müəllim peşəsi cəmiyyətin ən hörmətli, ən yaxşı ödənilən peşəsinə çevrildi.
Finlandiyada müəllim olmaq tibb fakültəsinə qəbul kimi çətin, iqtisadi baxımdan cəlbedici, sosial baxımdan prestijlidir.
Azərbaycanda müəllim peşəsinin bu günkü statusu bu cümləylə toqquşur.
Toqquşma faktdır – inkar edilə bilməz.
Bu faktı dəyişdirmədən sistemi dəyişdirmək mümkün deyil.
Müəllimə investisiya ən uzunmüddətli, ən geri dönüşlü investisiyadır.
Hər yaxşı müəllim onilliklər boyunca yüzlərlə beyni formalaşdırır.
Bu təsirin miqyasını rəqəmlə ölçmək çətindir, amma nəticəsi nəsillər boyu qalır.
Bu fəsildə təklif edilən həll – fərdi valideyn seçiminin hüququ ilə millətin koqnitiv gələcəyi arasındakı gərginliyi tam həll etmir. Bu gərginlik realdır. Liberal demokratik cəmiyyətdə valideynin seçim hüququ var – bu hüquq toxunulmazdır. Lakin millətin koqnitiv gələcəyi də toxunulmazdır.
Bu iki toxunulmazlıq bəzən toqquşur.
Həll gücə deyil, mühitə əsaslanır. Valideynin seçimini məcburi dəyişdirmək deyil, valideynin seçimini dəyişdirəcək mühiti qurmaq. Mühit dəyişəndə seçim öz-özünə dəyişir. Çünki rasional seçim həmişə mövcud mühitin funksiyasıdır. Mühiti düzəltsək seçim doğru olacaq.
Estoniya bunu etdi.
Finlandiya bunu etdi.
Gürcüstan bu yoldadır.
Azərbaycan bu yolun başında dayanır.
Başlamaq getmək deyil.
Lakin başlamamaq getməmək deməkdir.
Özül qurulmalıdır.
Vaxt var, lakin sonsuz deyil.
Hər il birinci sinfə gedən uşaq bir seçim nöqtəsidir.
O nöqtə bu gün necə formalaşırsa, o uşağın beyni otuz il sonra o cür işləyəcək.
(davamı var)