Düşüncənin evi - 2

İbrahim Nəbioğlu

16.09.2026 - 23:56

Ana dili, təhsil və dil imperializmi haqqında

(2-ci yazı)

(Birinci yazı) 

Sosioloji lay və dil imperializmi

1992-ci ildə British linqvist Robert Fillipson "Linguistic Imperialism" (Dil İmperializmi) adlı əsərini nəşr etdirdi. Kitabın əsas tezi sadə və sarsıdıcı idi: dominant dil heç vaxt yalnız özünü gətirmir. Özü ilə bir dünyagörüşü, bir epistemoloji çərçivə, bir dəyər sistemi gətirir. Və bu gəlişin ən dəhşətli xüsusiyyəti onun zorla deyil, könüllülüklə baş verməsidir. Müstəmləkəçi qapını döymür. Qapını içəridən açdırır.

Fillipsonun təhlil etdiyi model İngiltərənin dil siyasəti idi. Lakin o modelin struktur məntiqi universaldır. SSRİ-nin dil siyasəti bu məntiqi öz qaydaları ilə tətbiq etdi – daha sərt, daha sistematik, daha dərindən. Rus dili Azərbaycan məktəblərinə ideologiya kimi deyil, mədəniyyət, elm, tərəqqi kimi daxil oldu. Bu fərq həlledici idi. İdeologiyaya qarşı çıxmaq mümkündür. Tərəqqiyə qarşı çıxmaq özünü geri qalmış elan etməkdir. Beləliklə sistem özünü mənimsətdi – idarəetmə yolu ilə yox, arzulanma yolu ilə.
SSRİ dağıldı. Lakin bu arzu dağılmadı.

Bu gün Azərbaycan şəhərlərinin müəyyən təbəqəsində rus dilli məktəbə uşaq göndərmək sosial bir siqnal daşıyır. Siqnal açıq deyilmir, lakin hər kəs oxuyur. Mənası belədir: biz adi deyilik. Biz daha geniş dünyaya açığıq. Bizim evdə fərqli bir hava var.

Bu siqnalın adı sosioloji ədəbiyyatda "distinction", yəni fərqlənmə istəyidir. Fransız sosioloqu Pyer Burdyö bu mexanizmi dəqiq təsvir etmişdi: sosial təbəqələr özlərini yalnız nəyə malik olduqları ilə deyil, hansı dildə, hansı mədəni kodda mövcud olduqları ilə müəyyənləşdirirlər. Dil burada iqtisadi kapitaldan daha güclü bir sosial kapital funksiyası daşıyır. Rus dilli məktəb seçimi əksər hallarda elmi hesablamanın deyil, sinfi kimlik axtarışının məhsuludur.

Açıq desək, Azərbaycan dili məişətin dili, rus dili statusun dili kimi kodlanmışdır. Bu kodlaşma şüuraltıdır, buna görə də daha davamlıdır. Valideyn bu seçimi etdiyini bilmir – valideyn bu seçimi hiss edir, düzgün hiss edir, gözəl hiss edir. Hissiyyat isə arqumentə güclə tabe olur.

Lakin burada daha dərin bir sual durur: bu statusun arxasında həqiqətən bir məzmun varmı?

Sovet dövrü rus dilli məktəbi kalkulyatoru dolduraraq alqoritmi də hərəkətə keçirə bilirdi, çünki doldurduğu informasiya intellektual ağırlıq daşıyırdı. O kalkulyatora daxil olan rəqəmlər – Puşkin, Tolstoy, Kolmoqorov, Pontryaqin – öz aralarında məntiqi bağlar quran, düşüncəni genişləndirən, dünyagörüşü formalaşdıran əsl məzmun idi. Alqoritm bu məzmunla işləyirdi.

Bu günkü rus dilli məktəb nə doldurur? Həmin kalkulyatora daxil olan rəqəmlər nələrdir? Sosial media, televiziya serialları, postsovet nostalji mədəniyyəti, Moskvaya iş miqrasiyasının praktiki dili. Kalkulyator dolur, bəli. Lakin alqoritm susur. Çünki alqoritmi hərəkətə keçirəcək intellektual yük orada artıq yoxdur. Status illüziyası qalır, məzmun yox.

Beləliklə paradoks tamamlanır: keçmişdə həqiqi intellektual kapital daşıyan bir seçim, bu gün yalnız sosial siqnal olaraq yaşayır. Məzmun getmişdir, prestij qalmışdır. Bu, içi boşalmış bir zinətin hələ də taxılmasına bənzər. Baxışları cəlb edir. Çəkisi yoxdur.

Bu sosioloji parçalanmanın fərdi deyil, struktur nəticələri var. Və bu nəticələrdən ən az müzakirə olunanı "Koqnitiv Təhlükəsizlik" məsələsidir.

Koqnitiv təhlükəsizlik anlayışı ənənəvi milli təhlükəsizlik diskursunda az yer tutur. Lakin mənası dəqiqdir: bir dövlətin qərar qəbul edən elitasının müstəqil, dərindən, yaradıcı şəkildə düşünə bilmə qabiliyyəti. Ordu, sərhəd, iqtisadiyyat – bunlar dövlətin bədənidir. Koqnitiv qabiliyyət isə onun ağlıdır.

İndi bu suala cavab verək: öz ana dilində dərindən düşünə bilməyən bir elita müstəqil qərarvermə qabiliyyətinə sahibdirmi?

Sualın cavabı struktur səviyyəsindədir. I yazıda göstərdim ki, daxili nitq – “inner speech” – düşüncənin əsl əməliyyat meydanıdır. Yaradıcı problem həlli, analitik zəncirlər, konseptual sintez – bunların hamısı daxili nitqin dərinliyində baş verir. Yad dildə formalaşmış elita bu prosesi tam həcmdə öz dilində apara bilmir. Kompensasiya edir – amma kompensasiya orijinalın yerini tutmur. Rəssam sağ əlini itirdikdə sol əli ilə çəkməyi öyrənir. Məharət qazanır. Lakin əl yenə sağ əl deyil.

Azərbaycanın strateji qərarlarını qəbul edəcək, diplomatik mövqelərini formalaşdıracaq, iqtisadi modelləri quracaq insanlar öz dilinin dərinliyindən deyil, başqa bir dilin səthi kommunikasiyasından yetişirsə – o qərarların içindəki boşluğu görmək üçün sosioloq olmaq lazım deyil. Arxitektor olmaq kifayətdir. Özülsüz bina titrəyər.

Fillipsonun ən narahat edici müşahidəsi də bu idi: dil imperializmi ən uğurlu halda özünü dəvət etdirir. Məcburiyyət yaratmır, cazibə yaradır. Silah gətirmir, arzu gətirir. Və o arzu nəsildən-nəslə keçir, çünki valideynin seçimi uşağın başlanğıc nöqtəsini müəyyənləşdirir. Beləliklə sistem özünü reproduksiya edir – zorakılıq yox, prestij vasitəsilə.

Azərbaycanda bu mexanizm sovet dövründən miras qalan bir şüuraltı ilə işləyir. Heç kim "ruslaşdırım" deyə düşünmür. Əksinə, hamı "övladım üçün daha yaxşısını istəyirəm" deyir. Bu cümlənin içindəki "daha yaxşı" sözü isə hərəkətə gizli bir ölçü sistemi daşıyır: rus dili daha yaxşıdır, Azərbaycan dili isə kifayətdir. Məişət üçün kifayətdir.

Bu ölçü sistemini kim qurdu? Tarix qurdu. Lakin tarixi dəyişdirmək mümkündür. Şüuraltını dəyişdirmək daha çətindir. Amma bu çətinlik bizi məsuliyyətdən azad etmir.

Çünki qərar qəbul edən nəsli yetişdirən, onun düşüncə alətlərini şəkilləndirən, onun daxili nitqinin dilini müəyyən edən bu gün verilən seçimlərdir. Bu gün birinci sinfə gedən uşaq otuz il sonra nazir, diplomat, alim, mühəndis olacaq. Onun o kreslodan düşünəcəyi dil bu gün müəyyən olunur.

Imperializm bunu bilir. Biz bilməliyik.

(davamı var)

Müəllif: İbrahim Nəbioğlu

Pin up casino Pin-up casino giriş