Ana dili, təhsil və dil imperializmi haqqında
5-ci yazı (Birinci, ikinci, üçüncü, dördüncü yazı)
Paradoks fəsli: dünyagörüşü yanılması
Valideyn deyir: "Rusca oxuyanda uşağımın dünyagörüşü geniş olur".
Bu cümləni eşidəndə nəyi eşidirik? Şübhəsiz ki, sevgi. Ata-ana uşağı üçün ən yaxşısını istəyir. Lakin bu cümlənin içindəki fəlsəfi yanılmaya qulaq verməsək səhv olar.
Dünyagörüşü geniş olur...
Bu nə deməkdir?
İnformasiya artır – bu doğrudur.
Uşaq rus dilinin geniş ədəbi və elmi irsindən bəzi fraqmentlərə çatır – bu da doğrudur.
Lakin informasiya artımı ilə dünyagörüşünün genişlənməsi eyni şey deyil.
Fərqi görməmək bu fəslin mərkəzindəki paradoksdur.
Anbar böyük ola bilər.
Geniş, qaranlıq və dolu.
Hündür tavanları, uzun rəfləri ola bilər.
Rəflərdə kitablar, faktlar, tarixlər, formullar, obrazlar – hamısı yerli-yerindədir.
Lakin anbar heç nə istehsal etmir, o, sadəcə saxlayır.
İstehsal üçün fabrik lazımdır.
Fabrik isə anbardan fərqli bir şeydir.
Uşağın beyni anbar deyil, fabrikdir.
Fabrikin maşınları daxili nitqdir, meta-koqnisiyadır, analitik zəncirdir.
Bu maşınlar yalnız bir dildə tam gücündə işləyir: tam mənimsənilmiş dildə.
Yad dildə gələn informasiya anbara düşür, lakin fabrikə çatmır.
Çünki fabrikin giriş qapısı ana dilindədir!
Beləcə "anbar effekti" yaranır.
Uşaq çox bilir, lakin az düşünür.
Faktları sadalayır, lakin aralarında əlaqə qurmur.
Cavab verir, lakin sual vermir.
Sistemin mükafatlandırdığı şey – cavab verməkdir.
Sistemin ölçə bilmədiyi şey isə sual vermək, yeni əlaqə qurmaqdır.
Yaratmaq zədələnmişdir.
Dünyagörüşü genişlənməmişdir. Anbar dolmuşdur. Bunlar eyni şey deyil.
Bu nöqtədə opponentimin hazır arqumenti var.
Belə müxalifət edəcək:
"Azərbaycan dilində material yoxdur. Elmi ədəbiyyat yoxdur. Fəlsəfə yoxdur. Uşaq Azərbaycan dilindəki dərsliklə dünya elminə çata bilmir".
Bu etiraz doğrudur. Boşluğu inkar etmək dürüstcı olmaz.
Bəli, Azərbaycan dilinin elmi terminologiyası zəifdir;
Bəli, keyfiyyətli dərslik infrastrukturu çatışmır;
Bəli, fəlsəfi, riyazi, texniki mətnlər Azərbaycan dilində azdır.
Lakin bu etirazın içindəki fəlsəfi xəta var.
Etiraz dili hazır məhsul kimi düşünür – ya var, ya yox.
Halbuki dil canlı prosesdir.
Dil intellektual fəaliyyətin nəticəsində zənginləşir, fəaliyyətdən əvvəl deyil.
Türk dili bu gün elmi terminologiya baxımından nisbətən zəngindirsə, bu özlüyündən baş verməmişdir – onilliklər boyunca Türk Dil Qurumunun sistematik iş apardığı, Qərb elminin Türk dilinə mütəşəkkil şəkildə köçürüldüyü, intellektualların öz dilində yazmağı şüurlu seçim etdiyi bir prosesin nəticəsindədir.
Yaponiya texnologiya nəhəngi olmamışdan əvvəl texniki yaponca terminologiya tam formalaşmamışdı. Ancaq yaponlar dillərini tərk etmədilər, yenidən qurdular. Sistematik tərcümə infrastrukturu qurdular. Xarici anlayışları yapon dilinə, yapon düşüncəsinə uyğunlaşdırdılar. Bu proses onilliklər aldı. Lakin bu prosesin nəticəsi bu gün yaponca işləyən alqoritmdir.
Çıxış yolu budur.
Tərk etmək deyil – qurmaq. İstehlakçı olaraq dili tərk edib başqasının dilinə sığınmaq deyil, istehsalçı olaraq öz dilini genişləndirmək.
Bu fərq həlledicidir.
Birincisi asandır, ikincisi isə ağır.
Lakin tarix yalnız ikincisini mükafatlandırır...
İndi bu fəslin ən ağır məqamına gəlirəm.
"Mən özümü rusca daha dəqiq ifadə edirəm".
Bu cümləni kim deyir;
Sovet dövründə rusca oxumuş;
ali təhsili rusca almış...
Çox zaman ziyalı… Çox zaman istedadlı…
Bu cümləni deyərkən özünü aristokrat sanır – iki dil bilir, birini yaxşı, o birini məişət səviyyəsində.
Bu hiss anlaşılandır.
Lakin bu hissin arxasındakı reallıq sarsıdıcıdır.
Təsəvvür edin: bir insan uşaqlıqdan solaxaydır. Sol əlini işlədib – həmişə, hər yerdə. Sol əli güclənib, inkişaf edib, məharətli olub. İndi o: "Sol əlimlə daha dəqiq yazıram". Bəli, sol əli sağ əlindən güclüdür. Lakin bu ifadə nəyi gizlədir? Sağ əl işlək deyil, zatən solaxaydır, bunu qeyd etmir.
"Özümü rusca daha dəqiq ifadə edirəm" cümləsi eyni strukturdadır. Bəli, adam rusca daha çox yazmış, rusca daha çox düşünmüş, rusca daha çox inkişaf etmişdir. Lakin bu inkişaf niyə baş vermişdir? Çünki sistem Azərbaycan dilini qəsdən məişət səviyyəsinə sıxışdırmışdır. Bazar dili etmişdir, mətbəx dili etmişdir. "Həqiqi" intellektual fəaliyyətin dili kimi deyil, gündəlik həyatın dili kimi kodlaşdırmışdır.
Beyin bu şəraitdə rasional davranmışdır. Hansı dildə daha çox düşünmə imkanı varsa, o dildə daha güclü olur. Bu isə beynin qüsuru deyil, beynin adaptasiyasıdır. Lakin adaptasiyanı yaradan o şərait qüsurludur. Sistemin yaratdığı şəraitə görə beynin ödədiyi qiymətə "inkişaf" demək isə intellektual kapitulyasiyadır.
Linqvistik amputasiyadır bu.
Bir əzanın sistemli olaraq zəiflədilməsi. Sonra həmin əzanın zəifliyini xarakter xüsusiyyəti kimi qəbul etmək. Sonra protezlə daha yaxşı işləməklə fəxr etmək.
Heç şübhəsiz ki, protez faydalıdır.
Lakin protezdə qan dövranı yoxdur.
Protez böyümür, protez hiss etmir.
Paradoksun son qatı budur.
Dostoyevski rus dilinin ən dərin qatlarında düşündü. Kafka alman dilinin labirintlərini gəzdi. Borxes ispan dilinin sonsuzluğunda itdi. Bu yazıçıların əsərlərini başqa dildə oxuyanda nəsə çatışmır – bu hissi hər oxucu bilir. Çünki həmin əsərlər o dillərin dərinliyindən çıxmışdır. Tərcümə mümkündür, lakin tam deyil. Çünki dil düşüncənin daşıyıcısı deyil, özüdür.
Azərbaycan dilinin öz dərinliyi var. "Həsrət" sözünün daşıdığı yük başqa dildə tam daşınmır. "Nisgil"in içindəki o xüsusi kədərin ifadəsi başqa dildə mövcud deyil. Bu sözlər bəzək deyil, konseptlərdir. Düşüncə alətlərdir. Bu alətlər itdikdə, ya da passiv anbarda qaldıqda, onlarla düşünülə biləcək fikirlər də itir.
Dünyagörüşü rusca mətnlə genişlənmir.
Dünyagörüşü öz dilinin dərinliyindən yüksələn düşüncə ilə genişlənir.
O düşüncə üçün alqoritm lazımdır.
Alqoritm ana dilindədir.
Anbar dolu ola bilər.
Ancaq alqoritm yenə də susacaq.
(davamı var)