Ana dili, təhsil və dil imperializmi haqqında
6-cı yazı (Birinci, ikinci, üçüncü, dördüncü, beşinci yazı)
Kimliyin dili: yaddaş harada yaşayır?
Kimlik mücərrəd bir fəlsəfi kateqoriya deyil. Kimlik ətin içindədir. Dildədir. Uşaqlıqda eşidilmiş nəğmənin ritmindədir. Nənələrimizin söylədiyi layladadır. İnsanın düşünmədən seçdiyi sözlərdə, yaddaşının ən dərin qatlarında yaşayır.
Kimlik sənəd deyil, nəfəsdir. İzah edilmir, göstərilmir – yaşanır. Kimliyin yaşadığı yer isə dildir.
Dili olmayan kimlik xəritəsiz əraziyə bənzəyir. Torpaq var, dağlar var, çaylar var, amma onları bir-birinə bağlayan adlar və istiqamətlər yoxdur. Belə olanda insan özgənin xəritəsi ilə yol tapmağa başlayır. Əvvəl adlar dəyişir, sonra o adlarla birlikdə baxış.
Bir gün baxırsan ki, torpaq hələ sənindir, amma onu artıq özgəsinin dili ilə tanıyırsan.
Kimlik itkisi də çox vaxt belə başlayır: insan torpağını itirməzdən əvvəl onun adlarını itirir.
Bəs ana dili uşağın əsas düşüncə və təhsil dili olmaqdan çıxanda nə baş verir?
Bu suala sadə bir düsturla cavab vermək olmaz. İkidilli və çoxdilli insan iki yarımçıq kimliyin cəmi deyil. İnsan bir neçə dilin və mədəniyyətin içində bütöv kimlik də qura bilər. Məsələ dillərin sayında deyil; insanın həmin dillərdə hansı həyatları yaşamasındadır.
Psixologiyada “kimlik diffuziyası” deyilən anlayış var: insanın kimliyinə dair aydın bağlılığının və istiqamətinin formalaşmaması. Amma bunu hər hansı bir dil seçiminin avtomatik nəticəsi saymaq doğru olmaz. Burada bizi maraqlandıran daha incə bir nüansdır: insan mənsub olduğu mədəniyyətin dilindən, yaddaşından və məna dünyasından tədricən uzaqlaşdıqda həmin mənsubiyyət onun üçün yaşanan təcrübədən çox haqqında məlumat sahibi olduğu bir şeyə çevrilə bilər.
Bunu bir metafora ilə “öz yaddaşına turist kimi baxmaq” adlandırmaq olar.
İnsan öz torpağında yaşayır. Öz tarixini tanıyır. Onun mühüm hadisələrini bilir.
20 Yanvarı bilir – tarixdir.
Şuşanın azad edilməsini bilir – tarixdir.
Amma bilmək hələ daşımaq deyil.
Tarix yalnız tarix kitabında yaşamır.
Ailənin danışığında, uşaqlıqdan eşidilən sözlərdə, yer adlarında, nəğmələrdə, yasda və sevincdə də yaşayır. Dil bu yaddaşın nəsildən-nəslə keçdiyi ən mühüm yollardan biridir.
Bu bağ zəifləyəndə tarix yaddaşdan çox məlumata çevrilə bilər. İnsan nə baş verdiyini bilir, amma həmin hadisənin onun öz həyatındakı yerini duymaqda çətinlik çəkir.
Turist də gördüyü yer haqqında çox şey öyrənə bilər.
Amma oranın yaddaşını daşımır.
“Dil yaddaşı” deyəndə dilin içində dəyişməz bir yaddaş anbarının olduğunu nəzərdə tutmuruq. Söhbət nəsillərin təcrübəsinin sözlərdə, ifadələrdə, deyimlərdə, nəğmələrdə və həmin sözlərin oyatdığı çağırışlarda yaşamasından gedir.
Azərbaycan dilində “vətən” sadəcə lüğətdə qarşılığı olan söz deyil. Onun mənasını yalnız mənşəyi müəyyən etmir. Bu sözün hansı ayrılıqların, itkilərin, qayıdışların, nəğmələrin və ailə xatirələrinin yanında səsləndiyi də ona əlavə məna qatları verir.
Bir sözü bilmək başqa şeydir.
Onun daşıdığı yaddaşın içində yaşamaq başqa.
Saz havasını götürək.
Sazın səsini yalnız musiqi kimi eşitmək mümkündür. Amma saz bizim yaddaşımızda təkcə musiqi aləti deyil. Onun səsi əsrlər boyu sözlə yanaşı gəlib: dastan danışıb, qoşma deyib, ayrılığı, sevgini, igidliyi, həsrəti bir eldən o birinə daşıyıb. Aşığın əlində saz həm musiqi olub, həm sözün yaddaşı.
“Koroğlu” havasını notların ardıcıllığı kimi yazmaq olar. Melodiyasını öyrənmək, ritmini təhlil etmək də olar. Amma həmin havanın insanın içində oyatdığı duyğunu yalnız notlarla izah etmək çətindir. Çünki orada eşidilən təkcə simlərin titrəyişi deyil. O səsin arxasında dastan var, at nalının səsi, qıpçaq çöllərinin sərtliyi, dağlar var, çağırış var, yaddaş var.
Sazın qəribə xüsusiyyəti də budur: bəzən söz başlamamış nə deyiləcəyini hiss etdirir. Aşıq hələ ilk misranı söyləməyib, amma saz havası artıq sözün ovqatına köklənib.
Deməli, burada musiqi sözü müşayiət etmir. Sözlə musiqi eyni yaddaşın iki ayrı səsinə çevrilir.
Bu yaddaşın içində böyüyən insan sazı yalnız eşitmir, onun nəyi çağırdığını da tanıyır. Başqa biri isə eyni melodiyanı eşidə bilər, hətta ondan zövq də alar. Fərq qulaqda deyil.
Fərq səsin arxasında nə eşitdiyindədir...
Muğamda bu yaddaş başqa bir dərinliyə enir.
Muğam musiqidir, əlbəttə. Amma onu yalnız musiqi janrı kimi tanımaq okeanı “böyük su” kimi təsvir etməyə bənzəyər: tərif doğrudur, mahiyyət isə kənarda qalır.
Muğamın özünəməxsus hüznü, səs ilə səssizlik arasındakı gərginlik, xanəndənin müəyyən musiqi çərçivəsi daxilində öz yolunu tapması, bir misranın müxtəlif məqamlarda başqa məna qazanması – bütün bunlar təkcə musiqi biliyi ilə açılmır. Burada musiqi, dil, şeir, yaddaş və mədəni təcrübə bir-birinə qarışır.
Füzulinin sözünü anlamadan onun muğamda niyə məhz o cür səsləndiyini bütövlükdə duymaq çətindir.
İnsan muğamı eşidə bilər. Dinləmək isə başqa şeydir.
Eşitmək üçün qulaq kifayətdir; dinləmək üçün yaddaş da lazımdır.
Bu yaddaş olmadıqda məlumat qalır:
“Muğam Azərbaycan musiqi mədəniyyətinin mühüm ənənələrindən biridir”.
Cümlə doğrudur. Amma həqiqətin özü deyil.
Bu, muğamı tanımaqdan çox onun haqqında məlumat sahibi olmaqdır. Turist də məlumat toplaya bilər. Fərq məlumatın miqdarında deyil – insanın həmin yaddaşın harasında dayanmasındadır.
Dil ilə mədəni yaddaş arasındakı bağ da bir gündə qırılmır. Bunun nə dəqiq tarixi olur, nə də insan bir sabah oyanıb özünü birdən-birə əvvəlkindən fərqli hiss edir. Dəyişiklik xırda seçimlərin içində yığılır: məktəbin dilində, ilk dostluğun dilində, oxunan kitabda, edilən zarafatda, sevinəndə və hirslənəndə insanın öz-özünə dediyi sözlərdə.
Uşaq təhsilini rus dilində alırsa, dostluqlarını əsasən bu dildə qurursa, kitablarını bu dildə oxuyursa, mürəkkəb fikirlərini bu dildə ifadə etməyə alışırsa, rus dili zamanla onun həyatının müəyyən sahələrində daha rahat ifadə vasitəsinə çevrilə bilər.
Azərbaycan dili isə istifadə dairəsindən asılı olaraq başqa sahələrdə qala bilər – ailədə, qohumlarla ünsiyyətdə, gündəlik danışıqda.
Əsas məsələ hansı dilin “yaxşı”, hansının “pis” olması deyil.
Məsələ dillər arasında insanın daxilində yaranan əmək bölgüsüdür.
Bir dil elmə, ədəbiyyata, mübahisəyə və mürəkkəb düşüncəyə açılır, o biri yalnız məişətin sərhədlərində saxlanılırsa, zamanla insan dillərin imkanlarını deyil, onlara verilmiş imkanları müqayisə etməyə başlayır.
Sonra insan yanlış bir qənaətə gəlir: ona elə gəlir ki, birinci dil böyük fikirlər üçündür, ikinci dil isə gündəlik həyat üçün.
Halbuki hökmü dil verməyib.
Hökmü dilə ayrılmış həyat verib.
Bəs bu bölgünü kim yaradır?
Bunu yalnız ailənin, məktəbin və ya valideyn seçiminin nəticəsi saymaq doğru olmaz. Dilin insan həyatında hansı yeri tutacağını daha geniş bir mühit müəyyənləşdirir: məktəb, universitet, kitab, media, elm, dövlət idarəsi, küçə və ailə. Uşaq həmin mühitin içində böyüyür və qarşısına qoyulan imkanları zamanla həyatın təbii qaydası kimi qəbul edir.
Məsələnin dövlətə toxunan tərəfi də burada başlayır.
Dövlət yalnız sərhəd, bayraq və idarələrdən ibarət deyil.
Dövlət həm də anlayışlar sistemidir.
Qanun yazmaq üçün dəqiq dil lazımdır.
Diplomatiya üçün sözün çəkisini bilmək lazımdır.
Elm üçün anlayış yaratmaq, idarəçilik üçün mürəkkəb fikri aydın ifadə etmək, gələcəyi planlaşdırmaq üçün dilin incə imkanlarından istifadə etmək lazımdır.
Buna görə məsələ başqa dil bilməkdə deyil. Başqa dil bilmək sərvətdir.
Məsələ öz dilində hansı dərinliyə qədər gedə bildiyindədir.
Əgər insan Azərbaycan dilində gündəlik söhbət edə bilir, amma mürəkkəb fikrini qurmaq üçün daim başqa dilə keçməyə ehtiyac duyursa, burada dilin özündən çox onun yaşadığı mühit haqqında düşünmək lazımdır.
Heç bir dil yalnız mətbəxdə, bazarda və ailə süfrəsində saxlanılaraq elm, fəlsəfə və dövlət həyatının bütün ağırlığını daşıya bilməz.
Dilə böyük düşüncələr verilməlidir ki, o da böyük düşüncələri daşısın.
Keçən əsrin Azərbaycan mədəniyyətinə baxaq. Mirzə Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Səməd Vurğun, Üzeyir Hacıbəyov və başqaları yalnız Azərbaycan dilində yazıb-yaradan insanlar deyildilər. Onlar yaratdıqları əsərlərlə dilin ifadə imkanlarını da genişləndirirdilər. Dil onların əlində yalnız hazır alət deyildi. Onlar əsər yaratdıqca alətin özünü də zənginləşdirirdilər.
Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”unu yalnız musiqi hadisəsi kimi düşünmək mümkün deyil. Orada muğam, klassik Şərq poeziyası, Azərbaycan mədəni mühiti və bütöv bir yaddaş bir araya gəlir. Bunlardan birini çıxarsaq, başqa bir əsər yarana bilərdi, hətta bəlkə gözəl bir əsər.
Amma o, artıq həmin “Leyli və Məcnun” olmazdı.
Dil ilə kimlik arasındakı münasibət də belədir.
Kimlik itkisi həmişə adın dəyişməsi ilə başlamır. Pasport yerində qalır. Soyad yerində qalır. İnsan haradan olduğunu da bilir.
Dəyişən daha dərində olan bir şeydir: hansı dildə öz-özü ilə danışdığı, hansı dildə xatırladığı, hansı dildə mürəkkəb fikrini sona qədər apara bildiyi.
Çoxdilli insanın daxili dünyası bir neçə dildə yaşaya bilər. Dillərdən biri uşaqlığın, digəri təhsilin, biri sevginin, digəri peşənin dili ola bilər. Bunların heç biri özlüyündə itki deyil.
İtki insanın başqa bir dil qazanması ilə başlamır.
İtki öz dilində bir dünyanı itirməsi ilə başlayır.
Ona görə təhlükə başqa dil öyrənmək deyil.
Təhlükə öz dilində itirəcək qədər az şeyə sahib olmaqdır.
Dil uşağa yalnız danışmaq üçün verilirsə, o dildə yalnız danışacaq. Dil ona düşünmək, yaratmaq, mübahisə etmək, elm öyrənmək, sevmək, qəzəblənmək, şeir oxumaq və dünyanı anlamaq üçün verilirsə o dil yaşayacaq. Çünki dilin yaşaması yalnız neçə nəfərin onu danışması ilə ölçülmür.
Əsas sual budur:
İnsan həyatının nə qədərini o dil daşıya bilir?
Özül də budur.
Özül başqa dillərdən qorunmaq deyil.
Özül başqa dilləri öyrənərkən öz dilində dünyaya açılacaq qədər möhkəm dayanmaqdır.
Bina nə qədər ucalırsa-ucalsın, məsələ onun neçə mərtəbəli olmasında deyil.
Məsələ hansı torpağın üzərində dayandığını unutmamaqdır.
(davamı var)