Düşüncənin evi - 3

İbrahim Nəbioğlu

17.09.2026 - 21:16

Ana dili, təhsil və dil imperializmi haqqında

3-cü yazı (birinci və ikinci yazı)

Linqvistik Tənəzzül və Milli Yadlaşma (Özgələşmə)

Bilingvizm haqqında gözəl bir əfsanə var. Əfsanəyə görə iki dil bilmək iki pəncərə açmaqdır – insan iki dünyaya baxır, iki mədəniyyəti içinə alır, iki düşüncə sistemi arasında sərbəst hərəkət edir. Bu əfsanə cazibəlidir. Valideynlər ona inanır. Məktəblər onunla özünü reklam edir. Sosial media onu dəstəkləyən sitatlarla doludur.

Lakin əfsanə bir şərtə bağlıdır: hər iki dilin tam, dərin, konseptual səviyyədə mənimsənilməsi. Bu şərt yerinə yetirildikdə, bilingvizm həqiqətən koqnitiv üstünlük yaradır – neyroelm bunu sübut edir. Şərt yerinə yetirilmədikdə isə nəticə iki pəncərə deyil, iki yarımçıq divar çıxır qarşıya. Nə içini tam görürsən, nə çölünü. Hər ikisindən hava gəlir, amma heç birinin mənzərəsi yoxdur.

Linqvistika bu fenomenə ad vermişdir: semilingvizm. İki dil bilmək illüziyası altında hər iki dildə yarımçıq qalmaq. Aktif lüğət ehtiyatı hər iki dildə minimuma enir. Mücərrəd anlayışlar ya mövcud deyil, ya da mənadan məhrum boş bir işarə kimi dayanır. Birinci yazıda danışdığım və düşüncənin meydanı olan Daxili nitq iki dil arasında asılı qalır, heç birinə tam köklənmir. Nəticə iki dilli insan deyil, hər iki dildə evsiz-eşiksiz insan olur.

Azərbaycanda bu fenomenin konkret portreti var. Şəhər məktəblərinin rus bölmələrindən yetişən nəslin böyük hissəsi Azərbaycan dilini məişət səviyyəsində, yəni bazarda, kafedə, takside işlədir. Rus dilini isə sosial statusun tələb etdiyi məqamlarda – iş görüşmələrində, sosial mediada, özünü "mədəni" göstərməli olduğu anlarda. Sanki hər iki dil işlənir. Əsl mənada isə heç biri tam işlənmir.

Əsl mənada işlənmək nə deməkdir? Fəlsəfə dilə gələndə, şeirdən danışanda, sevgini ifadə edəndə, ağrını adlandıranda, ölüm haqda düşünəndə. Bu anlarda dil ya dərin olur, ya səthi. Dərinlik isə yalnız tam mənimsənilmiş dildə mümkündür. Yarımçıq iki dil bu dərinliyi vermir. Əksinə, hər iki dil bir-birini seyrəldir.

Bunun statistik ifadəsi var. Tədqiqatlar göstərir ki, semilingval şəraitdə böyüyən uşaqların aktiv lüğət ehtiyatı hər iki dildə normanın kəskin altındadır – bəzən 300-500 söz hüdudunda qalır. 300-500 söz ilə məişət idarə olunur. Alınıb-verilir, sifariş edilir, güdülür. Lakin 300-500 söz ilə düşüncə qurmaq mümkün deyil. Heykəl yonmaq mümkün deyil. Dövlət qurmaq mümkün deyil.

Kalkulyator işləyir. Ancaq alqoritm yoxdur.

Frantz Omar Fanon (1925 – 1961) fransızdilli Qərbi Hindistan inqilabçısı, sosial filosof, psixoanalist və psixiatr idi. Müstəmləkəçiliyə qarşı mübarizənin əsas nəzəriyyəçilərindən sayılan Fanon özünün "Qara dəri, ağ maskalar" adlı kitabının mərkəzindəki sual ilk baxışda çox sadədir: 
müstəmləkə şəraitində böyüyən insan özünə necə baxır?

Fanonun bu suala cavabı dəhşətlidir: Müstəmləkəçinin gözü ilə!!!

İnsan içinə işğalçının kateqoriyalarını, estetikasını, dəyər mühakimələrini yerləşdirir. 

O, öz xalqına baxanda o gözlə baxır – yuxarıdan, uzaqdan, bir qədər nifrətlə, bir qədər utancla. İnsanın özünə yad olması!

Fanon bunun "yadlaşma”, “özgələşmə" (ing. alienation) dediyi şeydir. Bu isə psixoloji işğaldır, silahsız, səssiz, görünməz işğaldır.
Bu nəzəriyyəni Azərbaycan reallığına köçürmək üçün böyük bir fantaziyaya ehtiyac yoxdur. Rus dilli mühitində formalaşmış, daxili səssizliyi başqa bir dildə işləyən gənc öz xalqının tarixinə, mədəniyyətinə, ağrısına müraciət etdikdə nə hiss edir?

Məsafə. Xəfif bir əcaiblik. Sanki bu tarixin tam içindən deyil, kənarından baxır.

Yanvar faciəsi – o tarixin ən dərin yarası – onun üçün nədir? 
Bir hadisə. 
Tarix kitabında bir paraqraf. 

Lakin anasının dilində böyüyən, Azərbaycan şeirini içindən oxuyan, "şəhid" sözünün daşıdığı ağırlığı öz sinir sistemində hiss edən insan üçün 20 yanvar başqa bir şeydir. 

Onun üçün 20 yanvar hadisə deyil, yaradır. 
Dil olmadan yara qapanmır. 
Çünki o ağrını ifadə etmək üçün dil lazımdır. 
Adlandırılmayan ağrı xatirəyə çevrilmir – şoka çevrilir. 
Şok isə keçmişdə qalır, kimliyin içinə işləmir.

Fanonun dediyi budur: Müstəmləkə insanın ən böyük itkisi torpağı deyil, özü haqqındakı hekayəsidir. Hekayəni dildə yaşayırsan. Dili itirəndə hekayəni başqası yazır.

Dil yalnız ünsiyyət vasitəsi deyil, tarixi yaddaş kartıdır. 

Gəlin, bu metaforu genişlədək. Kompüterin yaddaş kartı çıxarıldıqda maşın işləyir – lakin əvvəlki sessiyaları xatırlamır. Hər açılışda sıfırdan başlayır. Nəyi öyrəndiyini bilmir. Kim olduğunu bilmir. Funksional görünür. Amma yaddaşsızdır.

Azərbaycan dilinin leksikasında nəsillər boyu yığılmış bir yaddaş var. 

"Həsrət" sözü tərcümə edilmir – işarə olur;
"Nisgil" sözü izah edilmir – hiss olunur;
"Müşfiq" bir şair adı deyil, bir taledir – bilənlər üçün. 

Bu sözlər, bu adlar, bu ifadələr dilin içindəki şifrəli fayllardır. Onları oxumaq üçün həmin dilin dərin açarı lazımdır.

Rus dilli mühitdə formalaşmış nəslin bu açara çıxışı məhduddur. Onlar həmin faylların mövcudluğundan xəbərdardır. Lakin açmırlar. Çünki açar tam əllərindən çıxmayıb, yarı əllərindədir. Yarı açılan fayl isə ya səhv oxunur, ya oxunmur.

Linqvistik qırılma budur: bir nəslin öz xalqının tarixi yaddaşına natamam çıxışı. Bu qırılma siyasi deyil – koqnitiv və emosionaldır. Nəsil öz millətinin ağrısını, sevinclərini, ironiyasını tam qavramır. Onu intellektual olaraq bilir, emosional olaraq yaşamır. Turist kimi bilir, vətəndaş kimi deyil.

Fanon bu prosesi "psixoloji müstəmləkəçilik" adlandırırdı. 
Semilingvizm fərdi bir faciə deyil. Struktur bir hadisədir. Bir nəslin yarımçıq dil ilə böyüməsi o nəslin intellektual potensialını azaldır, lakin daha dəhşətlisi, o nəslin kimlik bütövlüyünü parçalayır. İnsan özünü yarımçıq hissedəndə kompensasiya axtarır. Kompensasiya bəzən aqressivlik olur, bəzən də passivlik. Ən çox rastladığımız forma isə laqeydlikdir. 

Bəli, öz tarixinə, öz dilinə, öz problemlərinə laqeyd olan bir gənclik. Laqeydlik isə siyasi sistemlər üçün ən rahat auditoriya növüdür.

Fanon deyirdi: müstəmləkəçi öldürmür, laqeydləşdirir. Laqeyd insan müqavimət göstərmir, şikayət etmir, sadəcə işləyir, yeyir, içir, yatır. Sistem isə davam edir.

Bəs biz hansı sistemi istəyirik? Bu suala hər nəsil öz uşağına verdiyi dil ilə cavab verir. 

Cavab hər səhər birinci sinfin zəngi ilə verilir.

(davamı var)

Müəllif: İbrahim Nəbioğlu

Pin up casino Pin-up casino giriş