Əgər elmin yoxdursa...

İbrahim Nəbioğlu

08.10.2023 - 22:45

Bu qaranlıq və yıxıcı savaşları ancaq elmi, texnoloji gücü olan ölkələr qazanıb, yaşamaq haqqı əldə edəcəklər

Hər şeydən təcrid olunmuş, dünyanın üz döndərdiyi ruslar haqlarında ən kiçik bir yaxşı xəbər çıxanda sevincdən göyün yeddinci qatına çıxırlar…

Kimya üzrə 2023-cü il Nobel mükafatına 3 alim layiq görüldü. Franko-Tunis əsilli Muni Bavendi (Moungi G. Bawendi) və amerikalı alim Lyuis Bryusla (Louis E. Brus) bərabər bu prestijli mükafat rus əsilli Aleksey Yekimova da verildi.

78 yaşlı A.Yekimov Nyu York əyalətindəki kiçik bir qəsəbədə elmlə məşğul olur. O 1999-cu ildən mühacirət edərək ABŞ-a yerləşib.

Rus internet resursları Yekimovun Nobelə layiq görülməsini rus elminin və rus elmi düşüncəsinin təntənəsi olaraq qarşıladılar. Ancaq bunda rus elminin doğurdandamı rolu var?

“Kvant nöqtələri bəşəriyyətə çox böyük fayda gətirir. Tədqiqatçılar hesab edirlər ki, gələcəkdə onlardan çevik elektronika, kiçik sensorlar, daha incə günəş hüceyrələri və şifrələnmiş kvant rabitələri yaratmaq üçün istifadə oluna bilər - buna görə də biz bu kiçik hissəciklərin potensialını yenicə tədqiq etməyə başlamışıq", – Nobel Komitəsi seçimini belə əsaslandırır. İsveç Kral Elmlər Akademiyasının qərarına etiraz ediləcək bir əsasım yoxdur. Lakin rus mənbələrin bir çoxu mükafatın Yekimova verilməsi ilə bağlı sevinmək üçün çox da səbəb görmürlər.

Təbii ki, Yekimovun yetişməsində sovetin rolu olmuşdur. Ancaq unutmayaq ki, alim 25 ildir ABŞ-da işləyir, üstəlik, akademik sahədə də deyil, amerikan hərbi sənaye kompleksində. Bu fakta necə diqqət etməmək olar?

Aleksey Yekimov akademik sektorda işləmir, onun tədqiqatları elmi dərgilərdə dərc üçün nəzərdə tutulmayıb. Digər tərəfdən, Yekimovun ulduzunun parlaması onun elmi nəticələrinin praktikaya tətbiqi başlayıb. Rusiyada isə hansısa bir elmi yenilik ən yaxşı halda hansısa bir dərgidə çıxacaq, tədqiqatın sənayeyə tətbiqi ehtimalı isə yoxa bərabər olacaqdı. Yəni Qərbdə alimin çalışa biləcəyi, yenilikləri tətbiq edəcəyi saysız-hesabsız biznes strukturları mövcuddur. Rusiyada isə durum radikal dərəcədə fərqli və biabırçıdır.

Əgər,

Rusiyada (elə bizdə də) elmi işçi ali təhsil və ya elmi-tədqiqat insitutlarından birində işləmir, iki il ərzində 0,25 stavka fasiləsiz tədris yükünü yerinə yetirmirsə, ona məsələn, professor elmi adı verilə bilməz;

Alim elmi təşkilatların əməkdaşı deyilsə, onun dərgilərdə məqaləsinin çıxması çox çətindir, ya da buna heç ehtiyac da yoxdur. Bu durumda onu “son 5 ildə elmi ixtisas üzrə nəşrləri yoxdur” deyə, məsələn, dissertasiya şuralarının tərkibinə daxil etmirlər, o dissertasiyalara opponent təyin edilmir və s.;

Alimin məqalələri dərc olunmursa, çox güman ki, son 3 il ərzində onun lazımi sayda məqaləsi olmayacaq. Və belə bir elmi işçi “xozdoqovor”, ya da indiki dillə desək, qrant almaq kimi imkanlardan məhrum olacaq…

Bəzən bir insanın formalaşması, inkişafı haqda danışanda hansısa bir futbolcunu misal gətirir, “bizdə doğulmuş olsaydı dünya ulduzu olardımı?” deyə sual edirlər. Belə bəsit yanaşma üzündən əsil göstərici unudulur: bir ölkənin elmi, elmi potensialı heçə sayılır, sanki hər şeyimiz düzdü, qalmışdı bir futbol…

HƏMAS-ın İsraildə törətdiyi cinayətdən sonra savaş artıq bütün ölkələrin gündəminə daşınıb. Və bu gün görürük ki, bu qaranlıq və yıxıcı savaşları ancaq elmi, texnoloji gücü olan ölkələr qazanıb, yaşamaq haqqı əldə edəcəklər. Görməyənlər, dərs çıxarmayanlar məhvə məhkumdurlar…

Müəllif: İbrahim Nəbioğlu