Dünya yenidən şəkilləndirilir: Türk Dövlətləri Təşkilatı artıq qlobal güc mərkəzidir

Siyasət

13.11.2021 - 15:18

Natiq Miri: “Az müddət keçəndən sonra biz Turan Ordusunun yaradılmasından danışmağa başlayacağıq"

Dünən İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Toplantısı keçirildi. Zirvədə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezident Kasım-Jomart Tokayev, Qırğız Respublikası Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov, Macarıstanın Baş naziri Viktor Orban və Türk Şurasının Baş katibi Bağdat Amreyev iştirak ediblər. “Elektron dövrdə “Yaşıl texnologiyalar” və Ağıllı şəhərlər” mövzusunda təşkil olunan toplantıda liderlər bir çox mühüm məqamları, o cümlədən təşkilatın gələcəyini müəyyənləşdirən məsələləri müzakirə ediblər. Tədbir çərçivəsində təşkilata sədrliyin Azərbaycandan Türkiyəyə təhvil verilməsi, həmçinin Türkmənistanın müşahidəçi statusunda Şuraya qatılması məsələsi həll edilib.

Türk Şurasının İstanbulda Türk Dövlətləri Təşkilatı adlandırılması, artıq türkdilli dövlətlərin yeni qlobal siyasi güc mərkəzinə çevrilməsi dünyada müzakirə mövzularındandır. Dünyasının siyasi güc mərkəzləri faktiki olaraq Turan ideyasının gerçəkləşdiyini hesab edir və bundan kifayət qədər narahat olurlar.

Türk Şurasının İstanbul Zirvə Görüşündə verilən qərarlar, türkdilli ölkələrin təşkilatının yaradılması, qurumun beynəlxalq gücə çevrilməsi məsələləri ilə bağlı AYNA-nın suallarını Milli Strateji Tətqiqatlar Mərkəzinin (MSTM) sədri, politoloq Natiq Miri cavablandırıb. Analitik bildirib ki, koronavirus pandemiyasından sonra dünyanın yenidən şəkilləndirilməsi proqnozlaşdırılırdı:

- Bu gün dünyada yeni güc mərkəzləri yaradılmaqdadır. Yadınızdadırsa, ABŞ NATO-nun əsas gücü, Avropa Birliyi ən yaxın strateji müttəfiqi olsa da, Hind-Sakit okeanı zolağında yeni güc mərkəzi yaratdı. ABŞ, Böyük Britaniya və Avstraliyanın təmsil olunduğu ittifaq ərsəyə gəldi. Dünyada başqa siyasi hərəkətlənmələr də var. Bu, əlbəttə ki, türk dünyası ərazilərində baş verir. Artıq Türkiyə təkcə regionda deyil, qlobal səviyyədə cəzbedici gücə çevrilib. Bunun da konkret səbəbləri var. Türkiyə Suriyada, Liviyada, Qara dənizdə, Cənubi Qafqazda çox ciddi mübarizələr apardı, əsas söz sahiblərindən birinə çevrildi.

- Və hesab edirsiniz ki, türk dünyasının təşkilatlanması Türkiyənin zəmanəti ilə baş verir?

- Bilirsiniz, Türkiyənin çətiri altında türk dünyasında illərdir yaşanan problemlər həllini tapır. Bununla Türkiyə dünyada çəkindirici güc mərkəzinə çevrilib. Bu kontekstdə türk dünyasında, xüsusilə də Mərkəzi Asiyadakı türk dövlətlərində müəyyən hərəkətlənmələr yeni siyasi strategiyalar ortaya çıxmağa başladı. Regionda Rusiyaya alternativ olmadığı üçün Mərkəzi Asiyadakı türk dövlətləri hər zaman Rusiyaya sığınmaq məcburiyyətində qalmışdılar. Amma Ankaranın Suriya, Liviya, Qararabağ müharibələrində oynadığı rol Türkiyəni türk dövlətlərinin cazibə mərkəzinə çevirdi. Əlbəttə, yeni geosiyasi vəziyyət o reallığı ortaya qoydu ki, hansısa kənar dövlətlərin olduğu ittifaqlara qoşulmaq yox, türkdilli dövlətlərin birliyini yaratmaq lazımdır. Qardaş Türkiyə və Azərbaycan əsas aparıcı olaraq önə çıxdılar. Qarabağ müharibəsi də türkdilli dövlətlərə sübut etdi ki, bir türk dövləti olan Azərbaycanın bu yöndə verdiyi strateji qərar doğrudur. Nəhayət Şuşa Bəyannaməsi imzalandı ki, bu sənəd əslində türk dünyasının birləşməsinin, türkdilli dövlətlərin inteqrasiyasının yolunu açdı.

- Yəni ki, Şuşa Bəyannaməsi Türk Dövlətləri Təşkilatının yaranmasının başlanğıcıdır...

- Əlbəttə, Türk Şurası mövcud idi. Amma bunun siyasi güc mərkəzinə çevrilməsi ideyası məncə, Şuşa Bəyannaməsinin imzalanmasından sonra daha da qüvvətləndi. Xatırladım ki, Şuşa Bəyannaməsinin imzalanmasından bir neçə gün keçmişdi ki, Qazaxıstan və Qırğızıstanın xarici işlər nazirləri Azərbaycana səfər etdilər. Onlar Bakıya Şuşa Bəyannaməsinin bütün detallarını öyrənmək, araşdırmaq üçün gəlmişdilər. Şuşa Bəyannaməsi artıq bütün türk dövlətləri üçün cəzbedici sənədə çevrildi. Türk Dövlətləri Təşkilatının yaradılması əslində böyük siyasi prosesin tərkib hissəsidir. Artıq müxtəlif ölkələrin – ABŞ-ın, Rusiyanın, Çinin həm qlobal, həm də regional səviyyədə güclənməsinə alternativ olaraq türk dünyası da ciddi gediş edir. Bu, Türk Dövlətləri Təşkilatının yaradılması, güclənməsi, zamanla böyük ittifaqa çevrilməsi zamanın tələbidir. Mənə elə gəlir ki, az müddət keçəndən sonra biz Turan Ordusunun yaradılmasından danışmağa başlayacağıq. Bunun toxumları Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı çərçivəsində səpilib, müəyyən cücərtilər də var. Türkiyə ilə Azərbaycanın birgə hərbi briqadalarının yaradılması, türk generallarının Azərbaycana təyinat alması da, məncə, Turan Ordusuna doğru hərəkətliliyin işarətidir. Türk dövlətlərinin birliyi yaranandan sonra həm siyasi, həm iqtisadi, həm mədəni, həm də hərbi cəhətdən ortaq birliklər formalaşdırmağa ehtiyac duyulacaq.

- Yəqin ki, bundan narahat olan qüvvələr var...

- Rusiyanın bu yöndə narahatlığı çoxdur. Hesab edirəm ki, Moskva narahatlığında haqsız da deyil. Kremldən Türk Şurasında müşahidəçi statusunda təmsil olunmaq istəyi ilə bağlı verilən mesaj təsadüfi deyildi. Rusiya burada iştirak etməklə informasiyanı birbaşa daxildən almaq istəyindədir. Çünki narahatdır, belə bir türk siyasi gücünün yaranması, türkdilli dövlətlərin inteqrasiyası Rusiyanın regiondan sıxışdırılmasına gətirib çıxaracaq. Moskva görür ki, Türkiyə yaxın illərədək girə bilmədiyi Qafqazda bu gün çox ciddi geosiyasi gücə çevrilib. Gələcəkdə Zəngəzur dəhlizi ilə türk dünyasına körpü açılacaq ki, bu, türk dövlətlərini gücləndirəcək. Bu gün Türkiyə təkcə Qafqazda deyil, eyni zamanda, Mərkəzi Asiyada ciddi strateji niyyətlərinin olduğunu ortaya qoyur. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatı çox ciddi və perspektivli layihədir və 21-ci əsrdə öz möhrünü qoyacaq bir ittifaq, güc meydana gəlir. Artıq bu yöndə beynəlxalq aləmdə narahatlıqlar var və bu narahatlıqlar əbəs deyil.

- Dediyiniz narahat qüvvələr Türk Dövlətlərinin Təşkilatına qarşı hansı addımları ata bilərlər? Turan ideyasını istəməyən qüvvələrin təzyiqləri hansı formada özünü göstərə bilər ?

- Əlbəttə, təzyiqlər və təhdidlər olacaq. Artıq Rusiya Qazaxıstana müxtəlif bəhanələrlə təzyiq göstərməyə başlayıb. Belə təzyiqlər Özbəkistana da, Qırğızıstana da edilir. Əslində burada səbəb heç də gətirdiyi bəhanələr – rus dilinin sıxışdırılması, rusların sıxışdırılması kimi absurd bəhanələr deyil. Rusiya anlayır ki, türkdilli ölkələrin birliyi güclənməkdədir, böyük siyasi qüvvəyə çevrilirlər. Xatırladım ki, yaxın keçmişdə Kremlin ideoloqu olan Aleksandr Duqinin Türkiyə və Rusiyanın billikdə Asiyada güc mərkəzi yaratması, Avrasiyaya hökmranlıq etmələrinə dair ideyası var idi. Duqin 2-3 il qabaq bunu deyəndə anlayırdı ki, Mərkəzi Asiya tədricən Rusiya çətiri altından uzaqlaşacaq. Əslində bu, Duqinin yox, Kremlin ideyası idi. Rusiya istəyir ki, güclənən birlikdə təmsilçiliyi olsun. Kremldəkilər anlayırlar ki, bütövlükdə Avrasiya türk dünyasının təsir dairəsinə keçəcək. Avrasiyaya diktə etmək isə gələcəkdə bütün dünyaya diktə etmək deməkdir. Rusiya bu güclərin yanında yer alıb öz varlığını qorumaq istəyir.

- Turan ideyasına qarşı olan qüvvə təkcə Rusiyadırmı?

- Əlbəttə ki, yox. ABŞ-ın təcili şəkildə Əfqanıstandan çıxmasının gizli məqamlarından biri də Türkiyənin Mərkəzi Asiyada güclənməsi ilə bağlı idi. Vaşinqtondakı beyinlər düşündülər ki, Əfqanıstandan tezliklə çıxmaq və orada yeni terror mərkəzi yaratmaq lazımdır.  Bölgəni xaosa çevirməklə Türk Dövlətləri Təşkilatının yaranmasına əngəl törətməyə çalışdılar. Eyni zamanda, digər güc mərkəzləri – Çin, İsrail ciddi şəkildə narahatdırlar.  Təbii ki, türk dövlətlərinə təzyiqlər olacaq, davam edəcək. Amma strateji qərar verilib, bunun qarşısını almaq mümkünsüz görünür. Türkiyə türk dövlətlərini öz təhlükəsizlik çətiri altına yığacaq və bu dövlətlərə təhlükəsizlik zəmanəti verəcək. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Türk Dövlətlərinin Təşkiları güclənən xətlə davam edəcək.

Müəllif: Anar Bayramoğlu