Virusla mübarizə aparan inkişaf etməkdə olan ölkələrə 12 milyard dollar yardım ayrılıb
Dünya Bankı koronavirusun yayılması ilə mübarizə aparan inkişaf etməkdə olan ölkələrə 12 milyard dollar yardım ayırıb. AYNA xarici mətbuata əsasən xəbər verir ki, təcili yardım paketinə aşağı qiymətli kreditlər, qrantlar və texniki yardım daxildir.
Yardım insanların sağlamlığına cavab tədbirlərini yaxşılaşdırmaq, habelə iqtisadi təsirləri azaltmaq üçün özəl sektorla işləmək məqsədi daşıyır.
Dünya Bankı İdarə Heyətinin sədri David Malpass bu barədə BBC-yə açıqlama verib: "Bütün səylər xəstəliyin ötürülməsini məhdudlaşdırmağa yönəlib".
Təşkilat bəyan edib ki, dünyanın 70-dən çox ölkəsinə yayılan virusun təsirlərinə qarşı tədbir görə bilmək üçün ən kasıb və ən riskli ölkələrə yardım edilməsi prioritet sayılacaq.
Paketin yarısı özəl sektorla işləyən Bankın Beynəlxalq Maliyyə Korporasiyasından gəlir. 12 milyard dollardan, təxminən 4 milyard dolları əvvəllər mövcud olan vəsaitlərdən köçürülür.