Döyüş meydanında son durum: Ukrayna dirənir, Rusiya tükənir

Aktual

02.02.2024 - 10:13

Ceyhun Məmmədov: “Hücumların kuliminasiya vaxtında Ukrayna ərazisinin 27 faizi rusların nəzarətində idi, bu gün isə...”

Ukraynada Azərbaycan diasporunun fəallarından, Kiyev Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, Ceyhun Məmmədov AYNA-ya müsahibəsində yaşadığı ölkədə gedən müharibədən danışıb. Beləliklə:

- Hazırda Ukraynanın dirənişi nə yerdədir?

- Bu ay Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi işğal əməliyyatlarına başlamasının 2 ili tamam olur. Ukraynanın hazırkı durumunu anlamaq üçün qısa bir tarixi ekskurs etmək və müqayisə aparmaq kifayət edir ki, mənzərə tam aydın olasun.

Rusiya genişmiqyaslı hərbi əməliyyatlara başlarkən bəyan etdiyi ilkin məqsədləri Ukraynanın demilitarizasiyası, denazifikasiyası, hazırkı Ukrayna rəhbərliyinin məsuliyyətə cəlb edilməsi idi. Bununla yanaşı, əsas məqaəsdlərdən biri də NATO-nun Şərqə tərəf genişlənməsinin qarşısını almaq, ABŞ və NATO silahlı qüvvələrinin Rusiya sərhədlərinə yaxın yerləşdirilməsinə mane olmaq idi. Lakin biz də bilirik ki, Rusiyanın əsas məqsədi keçmiş SSRİ formatında bir imperiya qurmaq və “Varşava paktı” ölkələrini də öz təsir dairəsinə salmaq idi.

Bu hədəflərə çatmaq üçün isə Rusiya işğalının ilkin strateji məqsədi “Kiyevi 3 günə ələ keçirmək”, Ukrayna Silahlı Qüvvələrini darmadağın etmək və Kiyevdə Rusiya Federasiyasına dost bir rejim formalaşdırmaq idi. Lakin Rusiyanın klassik blitskrieg planı uğursuzluğa düçar oldu, Kiyevi tuta bilmədi, hökumət dəyişmədi və əksinə loyal olmasını gözlədikləri Ukrayna xalqı işğalçılara qarşı mübarizəyə böyük dəstək verdi.

2022-ci ilin sentyabrından Rusiya Ukraynanın mühüm mülki infrastrukturuna kütləvi hücumlar təşkil etdi. Məqsəd cəmiyyətə təzyiq göstərməklə, qış soyuğuna qədər əhalini istilikdən, işıqdan, sudan məhrum etmək idi. Lakin 2023-cü ilin aprelinə qədər 16 milyard dollara başa gələn 5000-ə yaxın raket zərbələrindən sonra belə, Rusiya öz məqsədlərinə nail ola bilmədi. Ukrayna Avropaya elektrik enerjisi ixracını bərpa etdi. 2024-cü ilin qışında isə demək olar ki, enerji infrastrukturuna hücumlar olmadı. Və güclənən Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyanın raket zərbələrinin qarşısını uğurla almağa başladı.

Bütün bunlarla yanaşı, Ukrayna Rusiyanın dərinliklərində olan strateji obyektlərə, Krım körpüsünə və Sevastopolda Qara dəniz donanmasına uğurlu hücumlar təşkil edərək işğalçı Rusiya ordusuna ciddi zərbələr vurmağa davam edir. Və bu hücumların daha da intensivləşəyəcəyini gözləmək olar.

- Bu gün Ukraynanın nə qədər ərazisi işğal altındadır?

- Rusiya rəsmilərinin bəyan etdikləri müharibə məqsədləri cəbhədəki vəziyyətin dəyişməsi səbəbindən zamanla dəyişdi. Putinin Ukrayna ərazilərinin işğalının plana daxil edilməməsi ilə bağlı ilkin açıqlamalarına baxmayaraq, Rusiya Ukraynanın Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərini ilhaq elədi.

2022-ci ilin mart ayında, hücumların kuliminasiya dövründə Rusiya Ukrayna ərazilərinin təxminən 27%-nə nəzarət edirdi. İyunun əvvəlində, 100 günlük işğaldan sonra ərazinin 20%-i Rusiyanın nəzarətində qaldı. Ümumilikdə, bu gün Rusiya qoşunları 2014-cü ildə işğal etdikləri Krım və Donbas (7%) da daxil olmaqla Ukrayna ərazisinin təxminən 18%-nə nəzarət edir.

Rusiyanın digər bir qorxulu yuxusu da həqiqətə çevrildi - NATO şərqə tərəf genişlədi və Rusiya sərhədlərinə dayandı. Rusiyanın işğalına cavab olaraq NATO Rusiyanı əsas təhlükə kimi tanıdı və müdafiə qabiliyyətini gücləndirməyə qərar verdi. Bundan əlavə, əvvəllər neytral olan Finlandiya və İsveç alyansa qoşuldu, Ukrayna və Kosovo Respublikası da birləşmək niyyətini yenilədi. Yəni Rusiya hər mənada istəklərinin tam əksi ilə qarşılaşdı. Bu gün Ukrayna ordusu Avropanın 4-cü ordusu sırasına yüksəlib və müharibənin ilk zamanlarındakı ordu ilə müqayisə oluna bilməz.

- Bəzi xarici media qurumlarının məlumatına görə, Qərbdən olan müttəfiqlərinin Ukraynaya dəstəyi zəifləyir. Hiss edirsiniz bunu?

- Apardığımız təhlillər göstərir ki, müharibənin ilk günlərinə nisbətən Ukraynanın mövqeyi daha da güclənir və düşünürəm ki, Qərb tərəfdaşları sayəsində güclənməkdə davam edəcək. Sanksiyalar altında olan Rusiya isə həm siyasi arenada, həm də döyüş meydanında zəifləməkdə davam edir və düşünürəm ki, bundan sonra bir-iki il ancaq tab gətirə bilər. Ona görə də döyüş meydanında istədiyini ala bilməyən Rusiya “Qərb yorulub”, “Qərbin dəstəyi zəifləyir” təbliğatını aparır. Rusiyanın əsas məqsədini və Qərb siyasətinin davamlılığını anlamayanlar da buna bilərək və ya bilməyərəkdən dəstək verirlər.

Konkret olaraq bu gün üçün Ukrayna müdafiə mövqeyindədir və bu mərhələnin ən azı 2024-cü ilin birinci yarısına qədər davam edəcəyi ehtimal edilir. Vəziyyət ilin ikinci yarısında dəyişə bilər, lakin bu, ilk növbədə beynəlxalq tərəfdaşların tədarükündən asılıdır.

- Ukraynadamüharibənin Rusiyanın digər qonşularına təsiri varmı?

- Ukraynada davam edən müharibə Rusiyanı zəiflədir və onun 2022-ci ildən əvvəl olduğu kimi qonşu ölkələrə təsir etmək imkanlarını azaldır. Əslində, Ukrayna Rusiya ilə qonşu olan ölkələr və Avropa üçün bir növ təhlükəsizlik buferi rolunu oynayır. Və indiki şəraitdə bu ölkələr daha təhlükəsizdir və onlar üçün Rusiya Federasiyasından təhlükə riskləri əvvəlki qədər yüksək deyil.

- AŞPA-da Azərbaycanla bağlı məlum qalmaqala Ukrayna cəmiyyətində münasibət necədir?

- Ukraynanın informasiya məkanında bu qalmaqala demək olar ki, diqqət yetirilmir. Bu barədə yalnız bu mövzuda ixtisaslaşmış mütəxəssislərin dar bir dairəsi bilir. Bundan əlavə, bildiyimiz kimi AŞPA iclasında ukraynalı millət vəkili Aleksey Qonçarenko Azərbaycanı müdafiə edərək uğurlu və təsirli bir nitq söylədi. Bizlər də bunu Ukraynanın rəsmi mövqeyi kimi qəbil edirik.

Müəllif: İsmayıl Məmmədli