Diqqət uşaqlara – Uşaqlar, diqqət!

Cəmiyyət

24.02.2021 - 23:11

Mütəxəssislərdən valideynlərə önəmli tövsiyələr

 

Son illər uşaqlar arasında autizm xəstəliyinin artması müşahidə olunur. Belə ki, 10-15 il öncə bu xəstəlik haqqında geniş informasiya olmadığından, həmçinin tibb inkişaf etmədiyindən bu xəstəlik haqqında geniş məlumat yox idi.

 

Bəs, niyə bu xəstəlik son illər bu qədər çoxalıb? Niyə uşaqlarda autizm xəstəliyinə daha çox rast gəlinir? AYNA mövzunu mütəxəssislərlə müzakirə edib.

 

Nevropatoloq Rahiyə Xudiyevanın sözlərinə görə, autizm duyğusal sahədə və sosial münasibətlərdə məhdudluqla xarakterizə olunan, həyat boyu dəyişərək davam edən neyroinkişaf pozulmasıdır: “Yaranmasının konkret səbəbi məlum deyil. Ancaq müxtəlif risk faktorları da var”.

 

Həkim deyib ki, xəstəliyə səbəblərdən biri genetik faktor ola bilər: “Ailədə bir uşağa autizm diaqnozu qoyulubsa, digər uşaqda da bu xəstəliyin olma riski 3-6 %, eyni yumurta əkizlərinin birində aşkarlanıbsa, digərində də olma riksi 50%-dir. Xromosom pozulması da risk faktorları arasında yer tutur. İkinci səbəb ətraf mühitin təsiridir. Ananın hamiləlikdə keçirdiyi müxtəlif xəstəliklər, qəbul etdiyi dərmanlar, nikotin, alkoqol və s. kimi zərərli vərdişlər aiddir”.

 

Xudiyeva bildirib ki, autizmin ilkin simptomları uşağın həyatının ilk 6 ayında müşahidə edilməyə başlayır: “Valideynlər körpələri diqqətlə müşahidə etməlidirlər. Kənaraçıxma və geriliklərin fərqinə nə qədər tez varsalar, körpəyə erkən dəstək olunar. Göz kontaktının olmaması və ya zəif olması, qucağa alınma istəyinin olmaması, duyğusal qıcıqlara reaksiyanın olmaması və ya həddindən artıq aqressiv reaksiya, gülümsəmə, səsli gülmənin olmaması, hecalamanın olmaması və ya səslənərək samitlərin istifadə edilməməsi, əllərin istifadəsində koordinasiyanın olmaması ilkin əlamətlərdir”.

 

“Bunları nəzərə alsaq, ananın maariflənməsinin vacib olduğu aydın görünür. Ancaq yaşı az olan, təhsilsiz analar, sosial yaşayış səviyyəsi aşağı olan ailələr çoxdur. Ona görə uşaqların təqvimə uyğun tibbi müayinəsı mütləq aparılmalıdır. Ümumiyyətlə, autizm xəstəliyinin proqnozu uşağın zəka səviyyəsindən, nitqin inkişafindan, yanaşı xəstəliklərindən (epilepsiya, hiperaktivlik, diqqət əskikliyi və s.) asılıdır”, - deyə mütəxəssis vurğulayıb.

 

Pediator Günay Rəsulova qeyd edib ki, bu gün dünya əhalisinin 1 faizi autizm xəstəliyindən əziyyət çəkir: “Əvvəllər tibbin inkişafı zəif idi, hazırda isə autizm xəstəliyini müəyyən etmək daha asandır. Azərbaycanda da bu gün autizm xəstələrinin sayı çoxdur. Əslində, bəzi valideynlər internetdə bu xəstəliyi araşdırıb, öz övladlarında oxşar əlamətlər görüb gərəksiz narahatlıq keçirirlər. Məsləhətim odur ki, belə olan halda pediator ilə məsləhətləşib, sonra qərar verməlidirlər”.

 

Həmsöhbətimizin dediyinə görə, autizm xəstəliyində qırmızı bayraq sindromları var: “Ən birincisi uşaqlarda nitq inkişafının gecikməsidir. Bəzi valideynlər düşünür ki, bu, irsidir. Ailədə kimsə gec danışıb, indi uşaqda da nitq ləngiyir. Əslində, diqqət əksikliyi var. Belə uşaqların ətrafa maraqları olmur. Ancaq özlərinə qapanırlar. Sosial ünsiyyətləri olmur. Yalnız özlərinə maraqlı olanlara meyl göstərirlər”.

 

“Autizm xəstəliyi olan uşaqları ilk 3 yaşda telefondan, planşetdən uzaq tutmaq lazımdır. Çünki telefondan, planşetdən istifadə edən uşaq ətraf mühitdən uzaqlaşır. Təbii ki, belə olan təqdirdə uşaqlar özlərinə qapanırlar. Uşaq ilə ünsiyyət mütləqdir. Diqqət və ünsiyyətdən kənarda qalan uşaqlarda belə risk ola bilər. Valideynlər övladlarına qarşı diqqətli olmalıdır”, - deyə Rəsulova vurğulayıb.

 

O, başqa bir məqamı da əlavə edib: “Bəziləri bildirirlər ki, peyvəndlər də uşaqlarda autizm xəstəliyinə səbəb olur. Bu, tamamilə yanlış fikirdir. Uzun illər aparılan tədqiqatlar da sübut edir ki, peyvəndlər uşaqlarda autizmə səbəb ola bilməz”.

Müəllif: Təranə Xudabaxşiyeva