Rəsmi qurumdan mətbuata çağırış

Cəmiyyət

18.12.2019 - 16:41

AQTA: Bəzi xəbər saytlarında qida zəhərlənmələri ilə bağlı təsdiq olunmamış məlumatlar yayılır

 

Bir müddət əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heç bir ekspertiza rəyi olmadan, səhhətində problem yaranmış şəxslərdən alınan ilkin məlumatlar əsasında bəzi xəbər saytlarında tələm-tələsik “qida zəhərlənməsi” başlığı altında yanlış məlumatların yayılmaması ilə bağlı xəbərdarlıq olunub. Ancaq təəssüf ki, buna baxmayaraq ötən həftə yenidən Qusarda bir ailənin 8 üzvünün və digər 3 nəfərin, guya qidadan zəhərlənməsi ilə bağlı yanlış məlumatlar bəzi mətbuat səhifələrində yer aldı.

 

Bu barədə AYNA-ya AQTA-nın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, həmin hadisələrlə bağlı Agentlik tərəfindən aparılan araşdırmalar nəticəsində, eyni zamanda Qusar Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş rəsmi məlumatda hər iki hadisənin qida zəhərlənməsi olmadığı öz təsdiqini tapıb.

 

“Məlum oldu ki, həmin şəxslər xəstəxanaya həzm orqanlarında pozğunluqla bağlı müraciət ediblər və onlara ümumiyyətlə Rayon Mərkəzi Xəstəxanası tərəfindən qida zəhərlənməsi diaqnozu qoyulmayıb. Hər iki fakt üzrə müraciət edən şəxslərə simptomatik yardım göstərilib və stabil vəziyyətdə evə buraxılıblar. Son hadisələrdən də göründüyü kimi faktlara söykənməyən və bu kimi yarımçıq məlumatların yayılması məsələyə qeyri-peşəkar yanaşmaqla yanaşı, ucuz reytinq qazanmaq və insanlar arasında yersiz təşviş yaratmağa hesablanıb”, - deyə AQTA-dan bildirilib.

 

Agentlik bir daha bəyan edir ki, istənilən halda ekspertiza rəyi olmadan hansısa yarımçıq məlumatın media vasitəsilə yayılması yolverilməzdir: “Bütün bunlar göstərir ki, bu kimi yanlışlıqların bir daha baş verməməsi üçün vətəndaşlar zəhərlənmə halları ilə bağlı yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara etibar etməli, kütləvi informasiya vasitələri isə bu cür xəbərləri yaymazdan əvvəl müvafiq dövlət qurumları ilə məlumatı dəqiqləşdirməlidir”.

Müəllif: Ayna.az