“Mən hesab edirəm ki, siqaret çəkənlər mütləq cərimələnməlidirlər” – AİB rəhbəri
“Açıq havada maska taxmaq mütləq vacibdir. Bu, Nazirlər Kabinetinin qərarında qeyd olunub. Günü-gündən xəstəxanalarda koronavirus xəstələrinin sayı artır. Hər kəs zəhmət çəkib, maskadan istifadə etsin. Artıq açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər 100 manat məbləğində cərimələnir”.
Bu fikri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov yerli mətbuata açıqlamasında səsləndirib. Lakin sonradan DİN məsələyə belə aydınlıq gətirib ki, bu, qadağadan çox tövsiyə xarakteridir və heç də hər yerə aid deyil.
İstənilən halda, məsələ hazırda cəmiyətdə ciddi müzakirə olunyr. Qeyd edək ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” 2017-ci il qanununa görə, ölkədə qapalı məkanlarda da siqaret çəkmək qadağandır. Belə olduqda isə ortaya bir sual çıxır: bəs, siqaret çəkənlər indiki halda harada siqaret çəkə bilər?
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov mövzu ilə bağlı AYNA-ya deyib ki, burada şəraitə görə davranışı nəzərə almaq lazımdır: “Hədəf siqaret çəkilməsi yox, pandemiya ilə mübarizədir. 2017-ci il qərarı müvafiq olaraq tütün əleyhinə bir kampaniya idi. Bu, tamamilə ayrı bir istiqamət idi. Bugünkü məsələlər isə COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün atılan addımdır. Burada hədəf kiminsə siqaret çəkməsi yox, maskanı taxmamasıdır. Siqaret çəkmək adı ilə maskanı çıxarmaq bəhanəsindən çox istifadə olunur. İstənilən halda, indiyəcən kimə “açıq havada maska tax” deyilirdi? İndi deyilir və bu, vəziyyətin tələbi olaraq qəbul olunur. İnsanlıq təhlükə altındadır. Bu vəziyyət də keçicidir və biz hamılıqla maskamızı taxmalı, bu vəziyyətin yaxşıya doğru dəyişməsini gözləməliyik”.
Siqaret çəkənlərin “qapalı məkanlarda olmaz, açıq havada da olmazsa, belə çıxır, biz ancaq evdə siqaret çəkə bilərik?” sualını deputata ünvanladığımızda cavabı belə olub: “Hüququn sərhədləri dəqiqdir. Bizim Mülki Məcəllədən daha böyük qanunvericilik aktımız yoxdur, lakin o, hələ mülki münasibətlərin 30%-ni əhatə eləmir. Yəni, biz hər şeyin addım-addım tənzimlənməsini gözləyə bilmirik. Biz özümüz məntiqi olaraq da qərar verməliyik. Bu baxımdan mən düşünürəm ki, müəyyən məsələləri qarşılıqlı anlayış əsasında özümüz normallaşdırmalı, qaydasına salmalıyıq”.
“Polis də insandır, vətəndaşlar. Aşağı-yuxarı vətəndaş da, polis də cəmiyyətin güzgüsüdür. Hər bir halda həm polis, həm də vətəndaş tərəfindən sui-istifadə halları da ola bilər, yanlış yanaşma halları da. Sadəcə elə dövrdür ki, mümkün qədər bu kimi məqamlarda mübahisələrdən, cəmiyyətin fikrini yayındıran məqamlardan kənarda olaq. Bu, fikri əsas hədəfdən yayındıran məqamlardandır. İndiyədək kimsədən maskasız qapalı məkana daxil olmaqla bağlı qadağa da yox idi. İndiki halda bu, vəziyyətin tələbidirsə, bir-birimizə qarşı anlayışla yanaşaq, bir-birizimlə həssas olaq, gerisi təfərrüatdır”, - Məhərrəmov bildirib.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə məsələyə daha kəskin yanaşır. Onun AYNA-ya verdiyi məlumata görə, rəhbərlik etdiyi qurum 20 ilə yaxındır ki, antitütün təbliğatı aparır: “Bununla bağlı Azad İstehlakçılar Birliyi olaraq 20 ildə 7 təhlükəli tütün fabrikinin bağlanmasına nail olmuşuq. Lakin bu məsələ yenə də gündəmdə qalır. 2 il əvvəl Şəkidə bir sahibkar çox təhlükəli filtirsiz siqaret istehsalına başlayıb. Bu illər ərzində, eyni zamanda, elektron siqaret problemi də irəliləyib. Bu yaxınlarda, guya, siqareti qurudaraq təhlükəsini azaltdığı deyilən cihaz barədə də şikayət almışam. Yəni, siqaret mafiyasi cürbəcür yollarla irəliləyir. Əhali də buna aludə olur və istifadəçisinə çevrilir”.
“Mən bir çox ölkələrdə olmuşam. Təsəvvür edin, Azərbaycandan çox-çox geri olan Tayland kimi ölkədə belə, əhali siqareti şəkdikdən sonra, içərisində qum olan qablara qoyur, ətrafa atmır. Azərbaycanın Dənizkənarı Bulvarı dünyanın ən gözəl bulvarıdır, bənzərsizdir. Lakin biz belə bir gözəl yerdə də siqaret kötüklərinə rast gəlirik”, - AİB rəhbəri vurğulayıb.
“Mən hesab edirəm ki, siqaret çəkənlər mütləq cərimələnməlidirlər. Evlərdə qanun olmalıdır, qadınlar kişilərə ciddi irad bildirməlidir. Uşaqlara məktəbdə siqaret barədə öyrədilməlidir ki, ondan uzaq dursunlar. Siqaretlə bağlı bizim tədqiqatlarımız olub, onu tərgidən çoxlu insanlarla həmsöhbət olmuşam, bunu necə asan formada bacardıqları barədə dinləmişəm. Mən bu qərarın tam tərəfdarıyam və təbliğat aparacağıq ki, ölkədə tütün istifadəçilərinin sayı azalsın. Azərbaycanda qəlyan, siqareti əvəzləyən, qurudan cihazlar minimuma endirilməlidir. Bütün dünyanın tanıdığı yeganə məhsullardan biridir ki, insana birmənalı şəkildə zərərdir, insanlar bundan uzaq durmalıdırlar”, - Hüseynov əlavə edib.