Hazırda savadlı, bacarıqlı, amma imkansız gənclərimizin xaricdə təkmilləşmək imkanı mümkün deyil
Sovet Azərbaycanının elmindəki istənilən uğur 60-70-ci illərdə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin Rusiyanın müxtəlif şəhərlərinə oxumağa göndərilməsi ilə əlaqədar idi. Yadımdadır ki, o dövrdə "inoqorodni" deyilən bu abiturientlərlə, o zamankı Lenin sarayında, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev şəxsən görüşür və olduqca təntənəli yola salma mərasimi olurdu. Nəticədə bizim Rusiyada azərbaycanlı həkim, mühəndis, hüquqşünaslar getdikcə çoxalmağa başladı və yeri gələndə həmvətənlərimizə də kömək edirdi. Eyni zamanda bizim respublikada da da elm inkişaf etməyə başladı.
Müstəqillik qazandıqdan sonra sərhədlər açıldı və bu imkanlar daha da çoxaldı. İndi daha təkcə Rusiyada yox, inkişaf etmiş Avropa ölkələrində, Amerikada, Yaponiyada oxumaq imkanı yarandı. Müstəqilliyimizin ilk illərində, hələ kasıb olduğumuz vaxt tələbələrin xaricdə oxumasını asanlaşdırmaq üçün Dövlət Proqramı təşkil olundu. Bu gün Azərbaycanda hansı sahəni götürsək (səhiyyə, iqtisadiyyat, hüquq, təhsil və s) aparıcı mütəxəssislər məhz həmin Dövlət Proqramı ilə təhsil alan həmvətənlərimizdir.
Çox təəsüf ki, bir neçə il bundan qabaq tələbələrin xaricdə təhsili üçün nəzərdə tutulmuş bu Döblət Proqramı fəaliyyətini dayandırdı. Nəticədə hazırda savadlı, bacarıqlı, amma imkansız gənclərimizin xaricdə təkmilləşmək imkanı mümkün deyil. Yeri gəlmişkən, yüksək savadlı gənclərin, demək olar ki, mütləq əksəriyyəti məhz imkansız ailələrin övladlarıdır.
Bu gün bizim düşünən beyinə ehtiyacımız var. Təsərrüfatın istənilən sahəsində (səhiyyə, mədəniyyət, təhsil, iqtisadiyyat və s) PEŞƏKAR, PROFESSİONAL qıtlığı hiss olunur. Peşəkarlarımızn sayı barmaqla sayılacaq qədər azdır. Biz qalib gəlmək istəyiriksə, Azərbaycanı inkişaf etdirmək istəyiriksə, müasir dünyaya inteqrasiya olunmaq istəyiriksə, SAVADLANMALIYIQ!!! Bu isə ancaq xaricdə mümkündür!!! Getdikcə savad göstəricilərimiz hər sahədə aşağı düşməkdədir. Geri qalırıq mənim əzizlərim! DÜNYADAN GERİ QALIRIQ!!
Xahiş edərdim ki, həmin Dövlət Proqramının bərpa olunması üçün millət vəkilləri, ziyalılar, saytlar, mətbuat və nəhayət Təhsil Nazirliyi səsimə səs versin. Təkcə imkanlı ailələlərin yox, imkansız təbəqədən çıxmış savadlı gənclər xaricə oxumağa və ya təkmilləşməyə göndərilsin, savadlı peşəkar kadrlarımızın sayı artsın.
Tarix boyu bütün müharibələrdə savadı, texnologiyası daha qabaqda olan dövlət qalib gəlib. Biz ancaq elmli adamlarımızla dövlətimizi, vətənimizi varlı, inkişaf etmiş, qüdrətli məmləkətə çevirə bilərik. Vaxtilə Malyaziya, Sinqapur, Bruney sultanlığı, dağıdılmış Yaponiya, Almaniya məhz elmin gücü ilə zirvələrə qalxdı.
Əminəm ki, əlaqədar qurumlar bu təşəbbüsümə biganə qalmayacaq, imkansız tələbələrin xaricdə təhsil alması üçün Dövlət Proqramının bərpa olunması təklifimi dəstəkləyəcək. İndi biz daha varlı bir ölkəyik. Buna həm maddi imkanımz var, həm də mənəvi tələbatımızdır.
Qalib Əsədov,
Həkim-nevropatoloq