“COVID, yoxsa qrip” tərəddüdü, PCR-ın yanlışlıq ehtimalı və digər mətləblərə aydınlıq

Cəmiyyət

06.01.2022 - 11:21

İnfeksionist: “İybilmə və dadbilmənin itməsi simptomu “Omicron” variantına aid deyil”

Nazirlik: “COVID-19 ilə respirator xəstəliklərin əlamətləri arasındakı oxşarlıq insanları çaşdıra bilər”

Son günlərdə insanlar arasında qrip və ya koronavirus əlamətləri ilə müşahidə olunan xəstəlik yayılıb. Xəstəliyi keçirənlər əksər hallarda davamlı öskürək, yüksək hərarət, halsızlıq, əzələ ağrısı, mədədə və qarında ağrıdan şikayət edirlər. Bu əlamətlərlə PCR testi etdirənlərdə isə çox zaman nəticə neqativ çıxır. Bu da bəzi hallarda şübhə yaradır ki, ola bilsin, hazırkı COVID-19 testi yeni ştamları aşkarlaya bilmir, buna görə nəticə neqativ çıxır.

PCR testi bütün ştamların aşkarlanmasında dəqiq nəticə göstərirmi? Nəticənin dəqiqliyinə hansı amillər təsir edir? AYNA bu istiqamətdə ictimaiyyəti narahat edən bu suallara cavab tapmağa çalışıb.

İnfeksionist Nicat Əzimlinin sözlərinə görə, son günlər əhali arasında COVID-19 ilə birlikdə bir neçə yuxarı tənəffüs yolları virus infeksiyalarına və baketrial infeksialara rast gəlinir: "Bizdə, eləcə də bütün dünya ölkələrində qripə yoluxanların sayı çoxalıb. Bu da bayramla əlaqədar əhali arasında sıx kontaktın olması, insanların qapalı məkanlarda toplaşması və s. amillərlə bağlıdır".

"COVID-19 infeksiyası ilə birlikdə digər infeksialara da çox rast gəlinməsi insanlarda çaşqınlıq yarada bilər. Burada mütəxəssis diaqnostikasının aparılması gərəklidir. Təbii ki, simptomları daşıyan şəxs ən dəqiq metod sayılan PCR testi verməlidir, Bu testdən sonra COVID-19 inkar oluna bilər. Nəticə neqativ çıxdığı halda simptomlar kəskin olarsa, mütəxəssis baxışı gərəklidir. Başqa diaqnostik metodlarla daha dərindən araşıdırılaraq son diaqnoz qoyulur", - deyə mütəxəssis bildirib.

"PCR testinin nəticəsinin dəqiqliyinə hansı amillər təsir edə bilər?" sualına infeksionistin cavabı belə olub: "Buna müxtəlif amillər təsir edə bilər. Testin götürülmə metodu yanlış olarsa, test çox erkən və ya çox gec mərhələdə götürülərsə, yanlış nəticə əldə oluna bilər. Bəzi şəxslərdə yuxarı tənəffüs yollarında virusun yükü az olduğu halda da nəticə pozitiv çıxmaya bilər".

Qrip və koronavirusun əlamətləri arasında müqayisə aparılarkən bir çox hallarda iybilmə və dadbilmənin itməsi COVID-19-u qripdən fərqləndirən əsas əlamət kimi götürülür. COVID-19 yeni ştamlarda da bu əlamətini qoruyurmu?

"İybilmə və dadbilmənin itməsi simptomu “Omicron” variantına aid deyil. Baxmayaraq ki, iybilmə və dadbilmənin itməsi COVID-19-a spesifik haldır, amma “Delta” və digər variantlarda bu, bütün xəstələrdə özünü göstərən simptom olmadığı üçün yalnız buna baxmırıq. Amma təbii ki, bir xəstə özündə xəstəliyin digər əlamətlərini hiss edir, iybilmə və dadbilməsi də itibsə, bu, diaqnozun qoyulmasını asanlaşdırır", - deyə Əzimli söyləyib.

Hazırda ölkəmizdə COVID-19-un müəyyən edilməsində istifadə olunan PCR testlərinin yeni ştamların da aşkarlanmasında dəqiq olmaması ilə bağlı şübhələrə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyinə müraciət etdik. Nazirlikdən sorğumuza cavab olaraq bildirildi ki, xəstəliyin varlığı PCR test zamanı COVID-19 virusunun ümumi genetik quruluşu ilə təyin edilir.

"Koronavirusa yoluxma PCR testi üçün götürülən yaxma nümunələrinin müayinəsi vasitəsilə təsbit edilir. Yoluxmanın hansı ştamla baş verdiyi isə xüsusi laboratoriyalarda aparılan araşdırma ilə aşkar edilir. Qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarında artım müşahidə olunur. COVID-19 ilə respirator xəstəliklərin əlamətləri arasındakı oxşarlıq insanları çaşdıra bilər. Bu səbəbdən xəstəliklər yalnız laborator müayinədən sonra fərqləndirilə bilər",- deyə nazirlikdən qeyd edilib.

Müəllif: Aləmdə Nəsib