Məktəblilər fəlakətə sürüklənib, icra hakimiyyəti isə “od püskürür”

Cəmiyyət

28.12.2019 - 16:32

Xəsarət alan şagirdin valideyni: “Əvvəldən pul istəyirdilərsə, açıq deyərdilər, uşaqlarımızı niyə belə incidirlər?”

 

 

İki gün əvvəl Kürdəmirin Xırdapay kəndindəki “Folklor Evi”ndə Yeni il şənliyi zamanı döşəmə çöküb, şagirdlər zirzəmiyə düşüblər. Nəticədə azyaşlı məktəblilər əzilib, bir neçəsi yüngül xəsarət alıb, biri isə ayağında sınıq şübhəsiylə xəstəxanaya aparılıb.

 

Faktla bağlı AYNA-ya məlumat verən Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin (RİHMM) rəhbəri Lətafət Malikova bildirib ki, həmin binanın vəziyyəti yaxşı deyil: “Yenil il şənliyinin “Folklor Evi”ndə keçiriləcəyini eşidən Kürdəmir müəllimləri lap əvvəldən bunu etirazla qarşılayıb, binanın qəzalı vəziyyətdə olduğunu söyləyiblər. Rayonda büdcənun puluna tikilmiş Heydər Əliyev Mərkəzi, şəhər məktəblərinin böyük zalları olduğu halda, yararsız, uçmaq təhlükəsi olan binada niyə tədbir keçirsinlər? Hətta müəllimlər təklif ediblər ki, “məktəb zallarımız boşdur, hər məktəb şənliyi özü təşkil etsin”. Adı məlum olmayan təşkilatçılar isə cavabında deyiblər ki, “Rayon İcra Hakimiyyətindən o binanı məsləhət biliblər”. Hətta şənlik olan gün (26 dekabrda) müəllimlər bir daha həmin binanın qəzalı olduğunu dilə gətirib və şənliyinin məkanının dəyişməsi təklifini ediblər, heç bir fayda olmayıb”.

Raminə Eyvazqızı