Lixtenşteyn Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib
Avropanın “cırtdan” dövləti olan Lixtenşteyn Çexiyaya qarşı ərazi iddiası qaldırıb. Hökumət Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) bununla bağlı müraciət edib. AYNA xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.
Lixtenşteyn İkinci Dünya müharibəsindən sonra o vaxtkı Çexoslovakiya tərəfindən müsadirə edilmiş torpaqları geri almaq niyyətindədir. Ölkənin Xarici İşlər naziri Katrin Eggenberger deyib ki, torpaqlarının ilhaq edilməsi suverenlik məsələsidir. Onun sözlərinə görə, Çexiyada qalan ərazilər knyazlıq üçün həll edilməmiş bir problemdir.
“Ölkə nə qədər kiçik olsa, onun hüquqlarını müdafiə etmək bir o qədər vacibdir”, - deyə nazir söyləyib.
Çexiya Xarici İşlər nazirinin müavini Martin Smolek isə AİHM-in şikayəti qəbul etməməli olduğunu bildirib: “Çünki hadisələr Avropa İnsan Hüquqları Konvensiyasının qəbul edilməsindən əvvəl baş verib. AİHM-in əvvəllər belə məsələlərlə məşğul olmurdu”.
Çexiya və Lixtenşteyn arasındakı ərazi mübahisəsi 70 ildən çoxdur davam edir. Söhbət Valtienin Barok iqamətgahı və neo-Got Lednise qalasının da yerləşdiyi iki min kvadrat kilometrdən çox ərazidən gedir. Həmin abidələr olan ərazi UNESCO-nun mədəni irsi kimi tanınır.