Çin yarasa mağaralarına nəzarəti gücləndirib

Dünya

01.01.2021 - 08:19

Mağaralarda araşdırma aparmaq icazəsi olan alimlərin əksəriyyəti Çin Xalq Ordusuna bağlı qurum və ya şirkətlərdə çalışırlar

 
COVID-19 infeksiyasının dünyada yayılmağa başlamasından  bir il keçsə də, virusun mənşəyi barədə hələ də dəqiq nəticə yoxdur. Çin COVID-19-un mənbəyi araşdırılan yarasa mağaralarına nəzarəti gücləndirib.
 
AYNA xarici KİV-ə istinadən xəbər verir ki, rəsmilər virusun aşkar edildiyi güman edilən yarasa mağaralarında ciddi nəzarət tətbiq etməyə başlayıblar. Bölgəyə getmək istəyən tədqiqatçıların və jurnalistlərin girişinin qadağan edildiyi bildirilir. 
 
COVID-19-un yarasadan qaynaqlanan bir virus olduğu bildirilir. Ancaq virusun birbaşa yarasalardan insanlara keçməsi mümkün hesab edilmir. Ehtimala görə, virus əvvəlcə başqa bir daşıyıcıya yoluxmalıdır. Bundan sonra mutasiya etmiş virusun insanlara yoluxması mümkündür. Bu günə qədər dünyada 80 milyondan çox insan virusa yoluxub və bir milyon 800 mindən çox insan həyatını itirib. 
 
Epidemiya başlayan zaman yarasa mağaraları dünyanın gündəmində idi. Dünyanın bir çox yerindən elm adamları və jurnalistlər məlumat toplamaq üçün bölgəyə üz tutmağa başlamışdılar. Lakin Çin hökumətinin bölgəni qara dəliyə çevirdiyi bildirilirdi. Nəhayət, ABŞ-dakı "Associated Press" agentliyi bölgəyə girişin qadağası olduğunu yayımlamışdı. Agentliyin yaydığı məlumata görə, bölgədəki mağaralara giriş üçün yerli hakimiyyət orqanlarının icazəsi tələb olunur.
 
Pekin hökuməti COVID-19 pandemiyasının mənbəyini araşdırmaq üçün yüz minlərlə dollara icazə verildiyini açıqlayıb. Lakin bu icazələr sistem xaricindəki heç kimə verilmir. Mağaralarda araşdırma aparmaq icazəsi olan alimlərin əksəriyyəti Çin Xalq Ordusuna bağlı qurum və ya şirkətlərdə çalışırlar. Bundan əlavə, tapıntılar dərc edilmədən əvvəl Çin hökuməti tərəfindən yaradılan COVID-19 işçi qrupu tərəfindən araşdırılmalıdır. Bölgədəki yarasalardan nümunələr toplaya bilən bir qrupun materiallarının polis tərəfindən ələ keçirildiyi də bildirilmişdi. "Associated Press" agentliyi bölgəyə gedən yolların polis maşınları tərəfindən bağlandığını və müxbirlərin girişdə çətinlik çəkdiyini bildirib.
 
Qeyd edək ki, araşdırmalar 2012-ci ildə üç mədənçinin müəmmalı şəkildə sətəlcəmdən ölməsindən sonra başlayıb.
Müəllif: Ayna.az