Çin XİN ABŞ-ın ona məxsus hava şarını vurmasına etiraz edib

Dünya

05.02.2023 - 08:02

Rəsmi Pekin ABŞ-ın Çin Xalq Respubikasına məxsus hava şarına hücumuna etiraz edir və cavab vermək hüququnu özündə saxlayır.

AYNA xəbər verir ki, bu barədə fevralın 5-də Çinin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Çin ABŞ-ın mülki pilotsuz hava şarına hücum üçün güc tətbiq etməsinə qarşı kəskin narazılığını və etirazını bildirir. Çin yoxlamadan sonra dəfələrlə Amerika tərəfinə hava şarının mülki istifadə üçün nəzərdə tutulduğunu və tamamilə təsadüfi olan fors-major vəziyyətə görə Birləşmiş Ştatların (hava məkanına - red.) daxil olması barədə məlumat verib”, - nazirliyin açıqlamasında deyilir.

Pekin ABŞ-ı bu məsələ ilə “sakit, peşəkar və təmkinlə” məşğul olmağa çağırıb.

Çin Xarici İşlər Nazirliyində qeyd edilib ki, hava şarı yerdəki insanlar üçün hərbi və fiziki təhlükə yaratmayıb. Bu fonda ABŞ-ın hərəkəti “beynəlxalq təcrübəni ciddi şəkildə pozan həddindən artıq reaksiya” göstərir.

"Çin müvafiq müəssisələrin qanuni hüquq və mənafelərini qətiyyətlə qoruyacaq, eyni zamanda əlavə zəruri cavab tədbirləri görmək hüququnu özündə saxlayacaq", - Çin Xarici İşlər Nazirliyi əlavə edib.

ABŞ ötən gün öz hava məkanında Çinin hava şarını (aerostat-red) vurub. Hadisənin digər təfərrüatları hələ açıqlanmayıb. Lakin bununla bağlı əmrin Prezident Cozef Bayden tərəfindən verildiyi məlumdur. Pentaqon hava şarı vasitəsilə hərbi obyektlərin şəkillərinin çəkildiyini iddia edib.

Müəllif: Ayna.az