Çin XİN: “Pekin Moskvanın Tayvandakı seçkilərlə bağlı mövqeyini yüksək qiymətləndirir”
“Çin Rusiyanın Tayvandakı seçkilərlə bağlı mövqeyini yüksək qiymətləndirir”. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq deyib.
Diplomat qeyd edib ki, Rusiya ilə yanaşı, bir çox digər dövlətlər və beynəlxalq təşkilatlar “vahid Çin” prinsipinə sadiq olduqlarını açıq şəkildə təsdiqləyiblər: “Bir çox dövlətlər milli suverenliyin və ərazi bütövlüyünün qorunmasında Pekini dəstəklədilər, həmçinin Tayvanın müstəqilliyinə qarşı çıxdılar. Biz bu ölkələrə Çinin ədalətli mövqeyini başa düşdüklərinə və dəstəklədikləri üçün təşəkkür edirik".
Qeyd edək ki, Tayvanda prezident seçkiləri yanvarın 13-də keçirilib. Hakim Demokratik Tərəqqi Partiyasının lideri Lai Qinqde 40 faizdən çox səs toplayaraq qalib gəlib.
Bir çox ölkələr, eləcə də Azərbaycan Tayvanda keçirilən seçkiləri pisləyib və Çinin daxili işlərinə müdaxilənin qəbuledilməz olduğunu bəyan edib.