Vanq Yi: “İsrailin hərəkətləri özünümüdafiədən kənara çıxdı”
“İsrailin hərəkətləri özünümüdafiədən kənara çıxdı”. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Çinin xarici işlər naziri Vanq Yi Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanla telefon danışığında bildirib.
Vanq Yi qeyd edib ki, İsrail Qəzza zolağının sakinlərini kollektiv şəkildə cəzalandırmağı dayandırmalıdır.
Nazir həmçinin vurğulayıb ki, Çin mülki əhaliyə zərər vuran bütün hərəkətlərə qarşıdır və pisləyir.
Çin XİN rəhbərinin sözlərinə görə, bütün tərəflər gərginliyə səbəb ola biləcək hərəkətlərdən çəkinməli və danışıqlar masası arxasına əyləşməlidir.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail ordusu Qəzza zolağından olan fələstinli radikalların İsrail ərazisinə raket zərbələri endirdiyini açıqlayıb. Raket hücumlarına cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzzada hərbi əməliyyata başladığını bəyan edib.