Çətin həyatınızı bir kliklə ASANlaşdırın

Cəmiyyət

21.07.2021 - 16:14

Dövlət qurumlarında şəffaflığın və obyektivliyin bərqərar olunmasını istəyirsinizsə, bizə qoşulun

 

Elektron hökumət dedikdə, ağıla ilk olaraq operativlik, şəffaflıq, səmərəliliyin artırılması və saymaqla bitməyən digər meyarlar gəlir. Son illər inkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən biri “Elektron hökumət”in formalaşdırılması hesab edilir.

 

“Elektron hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və elektron xidmətlərin göstərilməsinə şərait yaradır.

 

Yaradılan  imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən e-xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Beynəlxalq təcrübəyə əsasən, vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi e-xidmətlərin cəmləşdirildiyi “Elektron hökumət” portalı  tətbiq edilir.

 

Ölkəmizdə isə elektron xidmətlər dedikdə, insanların ağlına ilk olaraq ASAN Xidmətin göstərdiyi xidmətlər gəlir. Düzdür, Azərbaycanda elektron xidmətlərin fəaliyyəti uzun zaman kəsiyinə bağlansa da, insanlar elektron xidmətlərlə daha çox pandemiya dönəmində tanış oldular.

 

İndiki kimi yadımdadır, hökumət düz 1 il 3 ay bundan əvvəl, 2020-ci ilin aprelində evdən çıxmaq üçün icazə almaq istəyən vətəndaşlara səsləndi. Həmin ərəfədə vətəndaşlar yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilərdilər. Evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün vətəndaşlar mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriya nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərməli idilər.

 

Məhz sözügedən qərara görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) Daxili İşlər Nazirliyi (DİN) ilə birgə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni ərsəyə gətirdi. Bu qərar isə Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə verildi. Bəlkə də məhz bu qərar görə, ilk dəfə idi ki, vətəndaşlar elektron hökumət quruculuğunda bu qədər yaxından iştirak edirdilər. Bu isə daha çox məcburiyyətdən yaranan ehtiyaclardan biri idi.

 

Daha sonra məhdudlaşdırıcı tədbirlərin sayı artdı. Növbəti qərara əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olundu. Bu qərardan sonra daha qeyri-rəsmi fəaliyyət göstərən işçilər işə gedə bilməzdilər. Çünki onların işəgötürənlə aralarında bağlanan rəsmi əmək müqavilələrinin olması şərt idi.

 

Elektron hökumətin yaratdığı şəffalıq da məhz burdan qaynaqlanmağa başladı. Bundan sonra artıq heç bir işəgötürən işçilərin əmək fəaliyyətini istismar edə, üstəgəl dövlətə ödəməli olduğu vergilərdən də boyun qaçıra bilməyəcəkdi. Məhz bu qərar sayəsində elektron hökumət portalında minlərlə əmək müqavilələrinə rast gəlindi, bununla da kölgə iqtisadiyyatı qismən də olsa, aradan qalxmış oldu. İnsanlar öz haqlarını tələb edə, elektron hökumət quruculuğunda yaxında iştirak etməyi bacara bildilər.

 

Pandemiya ilə mübarizədə növbəti qərar 600 min işsizin birdəfəlik ödənişlər əldə etməsi ilə bağlı oldu. Elə məhz bu zaman vətəndaşlar növbəti elektron xidmətlə (e-gov.az) daha yaxından tanış oldular. Bununla bağlı bəlkə də yüzə yaxın vətəndaş mənə müraciət etdi. 190 manat üçün portaldan necə, nə zaman, hansı formada qeydiyyatdan keçməyin lazım olduğunu bilmədikləri üçün ilk önünə çıxan insanlardan kömək umurdular. Bəziləri ümumiyyətlə, portalın nə olduğunu belə, bilmirdilər. Ən ucqar dağ rayonlarından Bakıya üz tutanlar var idi. Onlar hələ də başa düşmürdülər ki, ucqar nöqtədə belə, internetə çıxışın varsa, bircə kliklə hər şeyi ASANlaşdırmaq olar, yetər ki, istək və öyrənmək bacarığın olsun. Bu yöndə bəlkə də yüzlərlə insan məlumatlandırıldı.

 

Sadaladıqlarımdan da göründyü kimi, pandemiyanın yaratdığı şərait ölkəyə mənfi təsirlərini göstərsə də, müsbət təsirləri də az olmadı.

 

Pandemiyadan əvvəl dövlət qurumlarından hansısa bir arayış, ərizə, bildirişləri əldə etmək üçün ucu-bucağı görünməyən növbələri də unutmamışıq. Vətəndaşlar pandemiya zamanı evdə oturaraq onlayn icazə, onlayn növbənin nə olduğunu da öyrənə bildilər. Lakin pandemiyanın qarşısını almaq üçün tətbiq olunan sərt və xüsusi karantin rejimlərinin yumşaldılmasından sonra insanlar elektron hökumətin yaratdığı komfortdan istifadə etməməyə başladılar. Sanki elektron xidmətlər yalnız SMS icazə, onlayn növbə, 190 manatdan ibarət imiş.

 

Məsələn, elektron xidmətlərdən biri olan e-gov.az portalı 190 manatı əldə etmək istəyən vətəndaşlar üçün yeni bir xidmət növü kimi yadda qaldı. Amma insanlar unutmamalıdır ki, e-gov.az yalnız 190 manatı əldə etmək üçün müəyyən olunan şərtləri və punktları doldurmaq üçün bir portal deyil, orada həm də işsiz kimi qeydiyyatda olmaqla, müxtəlif vakansiyalara müraciət etmək, cürbəcür xidmətlərdən yararlanmaq imkanları da var.

 

İş yerindən və ya yaşayış yerindən arayış əldə etmək üçün artıq harasa və ya kiməsə müraciət etməyinizə də gərək yoxdur. E-gov.az-dan bir kliklə həmin arayışları özünüz də əldə edə bilərsiniz. Bir sözlə, elektron xidmətlərin yaratdığı kamfortu heç bir yerdə tapa bilməzsiniz.

 

Elektron xidmətlərdən biri də MyGov.az-dır. Bəli, e-gov.az-dan başqa, MyGov.az-mız da var. MyGov.az-ın üstünlüklərini saydıqca bitmir. Ən əsas məsələ ondan ibarətdir ki, siz vətəndaş olaraq elektron hökumət quruculuğunda yaxında iştirak etmək istəyirsinizsə, məhz MyGov.az-ı bircə dəfə də olsa, ziyarət etməlisiniz. Sual verəcəksiniz ki, necə?

 

Vətəndaş ailə tərkibi barədə arayış əldə edərkən, görürük ki, ailəsinin bir üzvü siyahıda yoxdur. Təbbi ki, bu, vətəndaşın günahı deyil, amma həmin vətəndaş MyGov portalında qeydiyyatdan keçərək elektron resurslarda onun haqqında olan bir çox məlumatlarla tanış ola bilər. Əgər bu məlumatlarda hansısa yanlışlıq varsa, “Əks əlaqə” vasitəsilə məlumatların düzəldilməsi üçün müraciət ünvanlaya bilər. Bununla da vətəndaşın həm elektron hökumət quruculuğunda bir qatqısı olur, həm də digər qurumların işinə yardımçı olmuş olur. Vətəndaş növbəti dəfə hər hansı məlumat əldə etmək istəyərkən yanlış deyil, doğru olan məlumatı rahat şəkildə əldə edir.

 

MyGov.az-ın digər üstünlüklərindən biri də Bildirişlərin olmasıdır. Məsələn, əgər ümumivətəndaş pasportunuzun etibarlıq müddəti bitirsə, bununla bağlı sizə dəfələrlə xəbərdarlıq gəlir. Sözügedən məsələylə bağlı başıma gəlmiş bir hadisə barədə yazacam. Deməli, təcili olaraq xarici ölkələrin birinə səfər edərkən, məlum olur ki, ümumvətəndaş pasportumun etibarlıq müddətinin bitməsinə cəmi iki gün qalıb. Bu barədə xəbərim olmadığı üçün çıxılmaz vəziyyətdə qaldım. Lakin səfər bir gün üçün nəzərdə tutulduğundan mənim getməyimə icazə verildi. Lakin həmin günün yaratdığı stressi hələ də unutmamışam. O zaman MyGov.az-da qeydiyyatda olsaydım, əminəm ki, bu halla heç bir zaman qarşılaşmazdım. MyGov.az bu halı hər bir sənəd – sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi və s. üçün nəzərdə tutub və bir çox cərimələrdən uzaqlaşmaq imkanı yaradıb.

 

Onu da qeyd edim ki, Azərbaycanda elektron hökumət quruculuğu beynəlxalq təcrübə əsasında həyata keçirilir. Ölkəmizdəki elektron hökumət quruculuğunu nə çox yüksək səviyyədə, nə də çox aşağı səviyyədə qiymətləndirmək olar. Çünki müxtəlif reytinqlərdə bu məqam öz əksini tapır. Biz təxminən orta templi sürətlə inkişaf edən elektron hökumətin formalaşma porsesini görürük. Bu gün təqribən 500-ə yaxın sosial xidmət elektron hökumət portalı üzərindən təklif edilməkdədir. Sual yarana bilər: elektron hökumətin inkişafında nələr etməliyik ki, daha da pn sıralarda ola bilək? Öncə onu qeyd edim ki, bunun üçün bir neçə fundamental faktor mövcuddur.

 

Birincisi, informasiya texnologiyalarının ölkədə hansı hansı səviyyədə inkişaf etməsi məsələsidir. İkincisi, əhalinin savadlılıq, maarifləndirilməsi məsələsidir. Təcrübə də göstərir ki, hansı ölkələrdə əhalinin informasiya texnologiyaları sahəsində məlumatlılıq, savadlılığı daha çoxdursa, həmin ölkələrdə elektron hökumət xidmətlərindən istifadəyə meyillilik də daha yüksəkdir və onun effektivliliyi, təşkili də daha rahat şəkildə həyata keçirilə bilir. Bu baxımdan Azərbaycanda, xüsusilə də regionlarda müəyyən sıxıntılar var. Həmin ərazilərdə əhali hələ də ənənəvi yolla xidmətdən istifadəyə üstünlük verir. Və yaxud da bəzi hallarda fiziki xidmətlərdən istifadə imkanı olmayanda əhali, xüsusilə də sosial təminat sahəsində olan xidmətlərdən istifadə edə bilmir və bu imkanlarını əldən buraxır. Elektron xidmətlərdən istifadəyə maneə olan amillərdən biri də internetin sürətinin qənaətbəxş olmadığındandır. Belə olduğu təqdirdə, elektron xidmətlərdən istifadənin keyfiyyəti aşağı düşür.

 

Əvvəldə də vurğuladığım kimi, elektron hökumətin əsas mahiyyəti məmurla vətəndaş arasında münasibətlərin minimuma endirilməsidir. Məhz bu yolla da korrupsiya, rüşvət kimi neqativ halların minimuma endirilməsinin mümkün olduğunun şahidiyik. Bu baxımdan ölkəmizdə elektron hökumət quruculuğu öz təsirini göstərməkdədir. Biz bu halı qiymətləndirməyə bilmərik. Azərbaycanda bir çox sahələrin elektron, onlayn formada həyata keçirilməsi məmurla vətəndaş arasında olan ünsiyyətin, qeyri-qanuni ödəniş tələblərinin azaldılmasına, xidmətlərin qiymətlərinin şişirdilməsinin məhdudlaşdırılmasına, süni maneələrin yaradılmasının aradan qaldırılmasına gətirib çıxarıb.

 

Amma onu da qeyd etməliyəm ki, hələ də elektronlaşmayan sahələr var, burada isə ciddi subyektiv maraqların olması bu xidmətlərin elektronlaşmasını hansısa formada məhdudlaşdırır, qarşısını alır. Çünki burada çox böyük maraqlar olduğu üçün aidiyyəti tərəflər mümkün qədər çalışır ki, həmin xidmətlər elektronlaşmasın. Amma ümumilikdə götürdükdə, son on il ərzində elektron hökumət quruculuğu istiqamətində əhəmiyyətli bir yol qət edildiyini deyə bilərik.

 

Elektron hökumət quruculuğunda daha da irəliləmək üçün ekspertlər bir sıra təkliflər də irəli sürür. Burada diqqət ediləsi bir neçə məqam var:

 

Birinci məqam əhalini maarifləndirmə prosesinin sürətləndirilməsidir. Hansı xidmətlər onlayn şəkildə tətbiq olunarsa, onunla bağlı geniş kütlələr arasında ciddi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi vacib məsələdir;

 

İkinci məqam cəmiyyətin özünün bugünkü müasir informasiya texnologiyalarından istifadə səviyyəsinin artırılması yönündə görüləcək işlərdir. Məsələn, bunu təhsil prosesi mərhələsindən başlamaq lazımdır. Çünki artıq “smart”, “digital” dünyaya doğru gedirik. Bu cür şərtlər daxilində vətəndaşların IT bacarıqları çox əhəmiyyətli məsələlərdən biridir. Baxın, biz bu gün “smart city”, “smart village” barədə danışırıq. Və Avropa Birliyinin apardığı araşdırmalar, təhlillər də göstərir ki, bu kimi layihələr əhalinin savadlılıq səviyyəsi yüksək olan icmalarda daha çox effektiv olur. Əks halda bu layihələr çox bahalıdır və bu layihələr istismar müddətini başa çatdıran müddətdə həmin layihələrdən istifadə əmsalı çox aşağı olur. Bu da səmərəli hesab olunmur. Bu baxımdan da burada hökumət daha strateji mövqe ortaya qoymalıdır. Düşünürəm ki, təhsil sisteminin ilkin pillələrindən başlayaraq, əhalini informasiya texnologiyalarından daha keyfiyyətli şəkildə istifadəyə hazırlamalıdır. Bu, bu gün çox sürətlə gedən prosesdir və hansı icmalar bu prosesdən geri qalacaqsa, həmin icamların gələcək inkişaf tempi də aşağı olacaq;

 

Üçüncü məqam internet əlçatanlığı problemi ilə bağlıdır. Ölkədə internetə əlçatanlıq problemi (sürət, keyfiyyət) aradan qaldırılmalıdır. Dünya artıq 5G texnologiyasına hazırlaşır. Bu texnologiya, xüsusilə də Çində geniş tətbiq olunur. 5G texnologiyasının elektron hökumətin inkişaf etdirilməsi, xidmətlərin daha surətli icra edilməsi və “smart” mühitin formalaşdırılmasında əhəmiyyəti çox böyükdür. Bu baxımdan Azərbaycan müvafiq maneələri sürətlə aradan qaldırmalı, xüsusilə də bu istiqamətdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirdiyi layihələrdə daha uzunmüddətli perspektivlərə hədəflənmiş addımlar atmalıdır;

 

Dördüncü məqam xidmətlərin çeşidinin, sayının daha da artırılması yönündə işlərin aparılması ilə bağlıdır. Bəzi dövlət qurumları tərəfindən göstərilən çoxlu sosial xidmətlər var ki, həmin sosial xidmətlər hələ də elektron hökumət portalına inteqrasiya edilməyib. Elektron hökumətin üstünlüklərindən biri də məlumatların qarşılıqlı şəkildə müvafiq qurumlar arasında paylaşılması imkanının formalaşdırılmasıdır. Məsələn, vətəndaşların yalnız onlayn xidmət alması deyil, eyni zamanda onların təqdim etdiyi məlumatların sayının azaldılması da elektron hökumət layihələrinin qarşıya qoyduğu məqsədlərdəndir. Yəni burada söhbət vətəndaşdan birbaşa tələb olunan məlumatdan gedir. Bu yöndə dövlət qurumları arasında kommunikasiyanın dərinləşdirilməsinə və hər bir dövlət qurumunun xidmətlərinin daha çox hissəsinin onlayn portala keçirilməsinə ehtiyac var ki, bu məlumatlar paylaşıla, ötürülə bilsin. Yəni bunu vətəndaşdan aidiyyəti qurum tələb etməsin. Sistem, bunu başqa bir qurumun məlumat bazasından redifikasiya edə bilsin. Bunun özü də vacib məsələlərdən biridir;

 

Sonuncu məqam isə konkret inkişaf strategiyası, proqramının həyata keçirilməsinə və zaman məhdudiyyətinin tətbiq edilməsinə ehtiyacın olması ilə bağlıdır. Dövlət qurumları öz xidmətlərini daha sürətlə elektronlaşdırsın, xidmətlərin onlayn şəkildə daha sürətlə təklif edilməsi üçün müvafiq məlumat bazasını, eyni zamanda da onlayn platformaların formalaşdırılması istiqamətində işlər görsün.

 

“Elektron hökumət quruculuğunda vətəndaş iştirakının təmin edilməsi yolları nələrdən ibarətdir” sualına gəldikdə, vətəndaşın bu sahədə iştirakının təmin edilməsini iki aspektdən qiymətləndirə bilərəm. Birincisi, vətəndaş prosesdə maraqlı tərəf (xidmətlərin istehlakçısı) kimi iştirak etməlidir. İkincisi, vətəndaş maariflənməlidir, onun IT bacarıqları güclü olmalıdır. Məsələn, pandemiya dövründə nağdsız ödənişlərin birdən-birə 2,4 dəfə artdığını müşahidə etdik. Daha çox nisbətdə kartlar onlayn ödənişlərdə istifadə olunmağa başladı. Burada isə prosesə zərurət məsələsi öz təsirini göstərdi. İnsanların əhəmiyyətli bir qismində, xüsusilə də orta və yaşlı nəslin nümayəndələri arasında onlayn xidmətlərdən istifadəyə qarşı mühafizəkar mövqe var. Həm də onların IT bacarıqları da zəifdir. Amma həmin insanlar evdən çıxa bilmədikləri üçün onlayn xidmətlərdən istifadə etməyə məcbur oldular.

 

Yenə də burada təhsil səviyyəsinin yüksəldilməsi, maarifləndirmə vacib məsələdir. Üçüncüsü, vətəndaş iştirakçılığı deyiləndə, icmanın hansı xidmətləri onlayn şəkildə almasına ehtiyac var. Bu gün icmanın hansı sosial xidmətlərdən istifadə etməsində problem varsa, həmin problemlərin üzə çıxarılması, yaradılan süni maneələrin hansı sahələrdə olması və onların üzə çıxarılması yönündə araşdırmaların aparılması da vacib amillərdən biridir. Misal üçün, vətəndaşların sosial müdafiəsi sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklif etdiyi xidmətlərin böyük əksəriyyətində ciddi narazılıqlar var. Bu xidmətləri vətəndaş cəmiyyəti olaraq beyin mərkəzləri, QHT-lər üzə çıxarmalı, bunu icmalarla razılaşdırmaq, onların tələbini öyrənmək şərtilə layihələri hökumətə təqdim etməlidir. Hökumət də bunu nəzərə almalı, bu istiqamətdə işlər görməlidir.

 

Vətəndaş Cəmiyyətinin mövqeyi, iştirakçılığının proseslərdə gücləndirilməsi yolu ilə icmanın maraqlarının həyata keçirilən layihələrə transformasiya olunmasıdır. Düşünürəm ki, gələcəkdə bu məsələyə daha çox diqqət edilməlidir ki, “kabinet” mövqeyi, nəzəri şəkildə prosesləri təhlil etməklə problemi tam olaraq görmək olmur. Amma icmanın özünün birbaşa olaraq üzləşdiyi problemlər daha dərindən Vətəndaş Cəmiyyəti institutları tərəfindən öyrənilə bilər. Bu problemlər məhz elektron hökumətin inkişaf etdirilməsi layihələri çərçivəsində hökumətə təqdim edilə bilər ki, hökumət də müəyyən bir avantajlar əldə etmiş olur. Belə ki, hökumət bu istiqamətə əlavə xərclər sərf etmir, öyrənmə, araşdırma məsələsi artıq icmanın özü tərəfindən həll olunur. Vətəndaşın prosesdə iştirakçılığı, elektron hökumətin inkişaf etdirilməsində birbaşa tövsiyyəçi kimi olması çox vacibdir.

 

Mövuzunun araşdırılmasından da göründüyü kimi, sözügedən xidmətlərin effektiv istifadəsi üçün, vətəndaşların da rəqəmsal bacarıqlarının artırılması yönündə bir çox tədbirlər görülməlidir. Əks təqdirdə, elektronlaşan xidmətlərdən istifadə göstəriciləri o dərəcədə də ürəkaçan olmayacaq. Təbii ki, bu istiqamətdə media nümayəndlərinin, QHT-lərin dəstəyi də vacibdir. Bu səbəbdən rəqəmsallaşma istiqamətində ixtisaslaşan peşəkar jurnalist komandasına ehtiyac duyulur. Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı, “Paşa Holdinq”in sponsorluğu ilə həyata keçirilən “Rəqəmsal Jurnalistikaya Doğru” proqramının bu sahədə boşluğun qismən də olsa doldurulması yönündə uğurlu bir addım olacağını düşünürəm.

 

Sonda vətəndaşlara səslənərək demək istərdim ki, əgər dövlət qurumlarında şəffaflığın və obyektivliyin bərqərar olunmasını, üzləşdikləri çətinlikləri bir kliklə ASANlaşdırmaq istəyirlərsə, elektron hökumət quruculuğunda özlərinin şəxsən iştirak etməsi vacibdir.

 

Qeyd: Bu məqalə 3-cü “Rəqəmsal Jurnalistikaya Doğru” proqramının müsabiqə mərhələsi üçün hazırlanıb.

Müəllif: Ülviyyə Şahin