AES-in yaxınlığında 46 min hektar ərazini yanğın bürüyüb
Çernobıl Atom Elektrik Stansiyasının (AES) yaxınlığında günlərdir ki, davam edən yanğın səngimək bilmir. Üstəlik, ərazidə radiasiyanın səviyyəsinin qəfildən yüksəlməsi Ukrayna hökumətini narahat edir.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, xeyli sayda yanğınsöndürən alovla mübarizəyə cəlb olunub. Bununla yanaşı, hökumət əhalini panikaya düşməməyə çağırır. Daxili İşlər nazirinin müavini Anton Geraşçenko vəziyyətin nəzarətə götürüldüyünü bəyan edib və israrla "hər şey yaxşı olacaq"deyib.
Məlumat üçün qeyd edək ki, ərazidə ən miqyaslı yanğın 34 min hektar ərazini əhatə edir. AES-dən bir kilometrlik məsafədəki ikinci yanğın isə 12 min hektar ərazini bürüyüb.
Polis baş verənlərdə təqsirli qismində 27 yaşlı bir kişini saxlayıb. O, aprelin 4-də yanğın törətməkdə ittiham olunur.