Cənubi Qafqazda vəziyyət dəyişir: “Kartlar” yenidən paylandı

Siyasət

16.01.2021 - 20:49

Cihad Rəhmi Akar: “Rusiya fərqindədir ki, rəsmi Ankaranı qəzəbləndirsə, onun regiondakı maraqlarının əksinə getsə, əlində olanları da itirə bilər”

 

Mehmet Fatih Oztarsu: “Bu məsələdə ABŞ-ın yeni Prezidenti Co Baydenin regionla bağlı mövqeyi də həlledici rol oynayacaq”

 

“Rusiya Türkiyəni heç vaxt görməzdən gələ bilməz. Şanlı Azərbaycan Orudusunun Vətən müharibəsində qazandığı qələbədən sonra təbii ki, regionda onsuz da var olan Türkiyənin varlığı bir az da güclənib. Azərbaycan qələbə qazandıqdan sonra xüsusi ilə Türkiyəni Azərbaycana birləşdirəcək olan Mehri dəhlizinin gündəmə gəlməsi də regionda bütün “kartların” yenidən qarışdırılıb, paylanmasına səbəb olub”.

Açıklama yok.

Bunu AYNA-ya açıqlamasında türkiyəli politoloq Cihad Rəhmi Akar deyib. Əlavə edib ki, hələ müharibə davam edərkən belə, Rusiyanın “böyük qardaş” missiyasını öz üzərinə götürmək istəyini də diqqətdən qaçırmaq olmaz: “10 noyabrda qəbul olunan bəyanatın, əslində müharibə gedən dövrdə imzalanan humanitar atəşkəs dediyimiz atəşkəs formatından fərqi bircə şey idi: o da, Azərbaycan dövlətinin masaya bu dəfə artıq qalib kimi oturması və şərtləri diktə edən tərəf olması. Bu, 10 noyabr 2020-ci ildə də belə idi, 11 yanvar 2021-ci ildə də. Hətta, mən deyərdim ki, 11 yanvarda Ermənsitan Baş nazirinin bədən dilinə diqqət etsək, bunu daha gözəl başa düşmək olardı.

 

Nikol Paşinyan orada iştirak etmək xətrinə iştirak edirdi və hər kəs anlayırdı ki, əslində orada danışıqları Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti aparır. Dolayısı ilə masada birbaşa özü olmasa da, Türkiyənin də mövqeyini Azərbaycan müdafiə edirdi.

 

Bu dediklərimi əslində görüşdən sonra Türkiyə və Rusiya prezidentləri arasında baş tutan telefon danışığı da təsdiqləyir. Rusiya regionda hər nə qədər mütləq hakim iddiasında olsa da, Türkiyənin də regiondakı mövcudluğunu danmır və dana da bilməz”.

 

“Əslində, Rusiya fərqindədir ki, rəsmi Ankaranı qəzəbləndirsə, onun regiondakı maraqlarının əksinə getsə, əlində olanları da itirə bilər. Unutmamalıyıq ki, hər nə qədər ABŞ ilə müəyyən problemlər yaşasa da Tükiyə bir NATO dövlətidir və NATO-da alyans Rusiyanın Cənubi Qafqazda olmasını qətiyyən istəmir. Türkiyə bu gün o masada olmaya bilər, amma bu rəsmi Ankaranın proseslərdən uzaqlaşdırılması anlamına gəlməməlidir. Rusiyadakı ekspertlərin, politoloqların, rəsmi şəxslərin və eləcə də, dünyada rəsmi Ankaranın Cənubi Qafqaza gəlməsini istəməyən qüvvələrin nə deməsindən asılı olmayaraq, bircə şeyi bilməliyik ki, Türkiyə beynəlxalq münasibətlər müstəvisində Cənubi Qafqazda var, mövcuddur və mövcudluğunu da qoruyacaq. Bəlkə də Rusiya sabah bu regionda olmaya bilər və ya olsa belə hadisələrə müdaxilə edə bilməz, ancaq Türkiyə bu bölgədə hər zaman mövcud olacaq”, - deyə politoloq fikrini yekunlaşdırıb.

Açıklama yok.

“Strategic Outlook Enstitüsü”nün analtiki, türkiyəli politoloq Dr. Mehmet Fatih Oztarsu isə AYNA-ya açıqlamasında Rusiyanın Azerbaycanı təqdir etməyə, Ermənistanı isə cəzalandırmağa davam etdiyini bildirib: “Üçtərəfli Moskva görüşündə əsas məsələlərdən biri də məhz Rusiyanın Azərbaycan vasitəsilə regionda daha aktiv olması, Azərbaycan-Türkiyə müttəfiqliyinin Naxçıvan vasitəsi ilə daha da aktivləşməsi və Ermənistanın bu vəziyyətdə seçim etməyə məcbur edilməsi idi. Ona görə də, Ermənistanın regional layihələrə qatılıb-qatılmayacağı hazırda məlum deyil. Çünki Ermənistan hələ də məğlubiyyətin şokunu dəf edə bilməyib”.

 

“Bundan əlavə, Ermənistanda Paşinyan əleyhinə artmaqda olan kütləvi etirazlar və onun idarəçiliyinə azalan inam gələcəkdə Ermənistanda hakimiyyət dəyişikliyinə də yol aça bilər. Çünki Ermənistan əhalisi Paşinyanın məğlubiyyətini həzm edə bilmir. Ona görə də, Paşinyanın regional layihələrdə iştirak etməklə bağlı təcili qərar verəcəyini düşünmürəm.

 

Digər tərəfdən, Türkiyənin bu müddət ərzində həm çox yaxında, həm də çox uzaqda olmaması, yəni, məsafədə qalmasına da diqqət yetirmək lazımdır. Bu baxımdan da, Türkiyə proseslərin bir parçası olması olduğu halda, görüşlərin üçtərəfli olması və Türkiyənin görüşlərdə iştirak etməməsi maraq doğurur”, - deyə Oztarsu vurğulayıb.

 

Türkiyəli mütəxəssisin sözlərinə görə, Rusiya proseslərdə Türkiyəninin balans rolu oynamasını qəbul edir: “Həmçinin, bu məsələdə ABŞ-ın yeni Prezidenti Co Baydenin regionla bağlı mövqeyi də həlledici rol oynayacaq. Belə olan halda isə Rusiyanın mövqeyini dəyişməsini ehtimal etmək olar. Məlum olduğu kimi, Türkiyə regional layihələrlə bağı mövzularda niyyətini açıq şəkildə bildirib və Naxçıvan vasitəsi ilə daha aktiv bir nəqliyyat və enerji əməkdaşlığı istədiyini qeyd edib. Həmçinin, Azərbaycanın da Ermənistanla quracağı yaxın əlaqələr, Türkiyə-Ermənistan sərhədinin açılmasına da səbəb ola bilər. Ancaq bu mövzuda da Rusiyanın həlledici rol oynacağı məlumdur. Ona görə də, regionla bağlı prosesləri daha dəqiq analiz etmək üçün zamana ehtiyac var. Belə ki, Baydenin hakimiyyətə gəlməsi, İrəvanda siyasi balansların dəyişməsi, Bakı və Ankaranın regional layihələrdəki müttfəqiliyinin inkişaf etməsi kimi, bir-birindən ayrı olan məsələlərin dəqiqliyini görmək lazımdır”.

Müəllif: Mərahim Nəsib