“Bu şəkildə qiymət artımı məntiqli ola bilməz” - Milli Məclisdə ETİRAZ

Aktual

29.10.2021 - 15:05

Deputat: “Ərzaq məhsulları çox bahalaşıb, belə getsə, müavinətlər 100 faiz də qalxsa, yenə də zənbillər dolmayacaq”

Milli Məclisin bu gün keçirilən iclasında gündəlikdə olan məsələlərin müzakirəsinə keçmədən əvvəl deputatlar cari məsələlərlə fikirlərini bildiriblər. Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, bəzi beynəlxalq təşkilatların təmsilçiləri tərəfinsdən hələ də “Dağlıq Qarabağ” sözünün işlədilməsi yolverilməzdir.

“Bu fikirləri Yunanıstanda keçirdiyim bütün görüşlərdə qeyd etdim. Ümumiyyətlə, düşünürəm ki, Yunanıstan səfərimiz çox uğurlu keçdi. Orada görüşdüyüm bütün rəsmilərin diqqətinə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfəri, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini öz gücünə təmin etdiyini diqqətə çatdırdım”.

Deputat parlamentdə Xankəndi sakinlərinin problemlərini qaldırdı

“Xankəndi sakinlərinin Gəncədə məskunlaşdıqları qəsəbədə yerləşən məktəbə gedən yolda səki olmadığından vətəndaşlar övladlarını dərsə avtomobil yolu ilə aparırlar”. Bu sözləri Xankəndinin deputatı Tural Gəncəliyev səsləndirib.

Millət vəkili qeyd edib ki, bu, insanların həyatları üçün ciddi təhlükədir: "Aidiyyəti üzrə müraciət edilsə də, hələ də müsbət cavab ala bilməmişik".

“Qərarın mürəkkəbi qurumamış marketlərdə qiymətlər artdı”

Deputat Razi Nurullayev isə son vaxtlar artan qiymətlərdən, əhalinin güzaranının pisləşməsindən danışıb. Deputat vurğulayıb ki, təbii qaz və elektrik enerjisinin qiymətinin artırılması əhalinin sosial həyatına mənfi təsir edib: “Təsəvvür edin ki, qərarın mürəkkəbi qurumamış marketlərdə qiymətlər artdı. Açığı sahibkarların düz edib-etmədiklərini bilmirəm. Amma bu şəkildə qiymət artım məntiqli ola bilməz. Ərzaq məhsulları çox bahalaşıb, belə getsə, müavinətlər 100 faiz də qalxsa, yenə də zənbillər dolmayacaq. Mən Prezident İlham Əliyevin pensiya, əməkhaqqı, müavinətlərin gələn ildən artırılması ilə bağlı Sərəncamını yüksək qiymətləndirirəm, həssas qruplara qarşı gözəl sərəncam oldu və insanlar bunu alqışlayır”.

“İndi gəlin baxaq, başqa hansı addımlar ataq ki , əhalinin sosial yükünü azalda bilək. Axı, həm də bu Milli Məclisin vəzifəsidir. Birincisi, elektrik enerjisi və təbii qaz sərfiyyatını azaltmaq üçün bütün ölkə boyu mərkəzi istilik sistemi bərpa edilməlidir. Baxaq, "Azəristiliktəchizat" bunun öhdəsindən gəlirmi? Xeyr. Bir var bir qazanxana işləyə və min ailəni təmin edə, ya da min ailə min kombi, ceyran peçi işlədə və min dəfə çox qaz sərfiyyatı edə. Aldığı müavinəti də bütövlükdə aparıb qaza, işığa verə. Yeni binalar niyə ancaq kombi ilə qızdırılsın? Qoy dövlət qazanxana tikib iş adamına istiliyi satsın və xaos da aradan qaldırılsın”, - deyə Nurullayev söyləyib.

“O evlərin biri də rüşvətsiz tikilməyib, vətəndaşın bu məsələdə məsuliyyəti sıfırdır”

Deputat qeyd edib ki, fərdi evlər də xaotik və biabırçı vəziyyətdə tikilib: “Amma deyə bilmərik ki, sən də get soyuqdan don. O evlərin biri də rüşvətsiz tikilməyib, vətəndaşın bu məsələdə məsuliyyəti sıfırdır. Onlar üçün də mərkəzi qazanxanalar qurulmasını təklif edirəm ki, sərfiyyatı optimallaşdıraq, həm də enerji daşıyıcılarının qiymətinin artması onların büdcəsinə az təsir etsin. İkincisi, "Azəristiliktəchizat"ı dəvət edək və sual verək ki, bu onillikdə nə iş görüblər? Mənim onlara ciddi suallarım var və yəqin ki, həmkarlarımın da həmçinin. Üçüncüsü, təklif edirəm ki, Parlamentdə "hökumət saatı" müəyyənləşdirək və hər həftə bir nazirlik, komitə burada bizim suallarımızı cavablandırsın. Mən əminəm ki, bu məsələlərdə Parlamentin rolu nəinki artırılmalı, həm də mütləq olmasına zərurət yaranıb. Deputatın işi yalnız hazır gələn qanunları müzakirə edib, dəyişiklik etmədən qəbul etmək deyil axı. Biz hər həftə həm komitələr, həm də plenum iclası səviyyəsində hökumətlə təmas etməliyik. Hökumət üzvləri müntəzəm olaraq Parlamentə hesabat verməlidir, hesabatı isə az qala biz veririk".

“Bəzi məhsullar xaricdən idxal edildiyinə görə yerli camaat malını sata bilmir”

Deputat Tahir Kərimli isə fermerlərin problemlərini qaldırıb və onların çətin durumda olduqlarını söyləyib. Onun sözlərinə görə, yerli istehsalçıların problemi həll olunmalıdır: “Aqrar sahədə problemlər var. Əgər inzibati ərazi bölgüsü varsa, niyə tədarük kontorları “Sədərək” Ticarət Mərkəzi yaradılıb? Bütün rayonlarda tədarük kontorlarını tikməliyik. Bu, yerli istehsalın təşviqi üçün çox vacibdir. Bəzi məhsullar xaricdən idxal edildiyinə görə yerli camaat malını sata bilmir. İkinci, biz müharibədən keçmişik. 1991-ci ildə də müharibə vəziyyətində idik. O zaman ərzaq sapalağı sistemi tətbiq edildi. Təklif edirəm ki, ərzaq sapalağına bənzər bir sistem yaradılsın. Üçüncü, kəndlini texnika ilə təmin etməliyik. Onlara kombayn, traktora yanacaq verək. Kəndlinin vəziyyətini düşünməliyik. İqtisadiyyat Nazirliyi, islahat keçirənlər keçmişdə kəndlinin mənafeyinə xidmət edən islahatları yenidən gözdən keçirsin”.

Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli isə qeyd edib ki, bolşeviklər Rusiyada hakimiyyətə gələndə ərzaq sapalağı adı ilə kəndlinin əlində nə varsa, aldılar: “Daha sonra kəndlilər üsyan etdi. Ərzaq sapalağı çox təhlükəli anlayışdır. Bundan sonra ərzaq vergisi tətbiq edildi. Bu anlayışları qarışdırmaq olmaz”.

 

Müəllif: Anar Bayramoğlu