Brüssel iştahlı, Moskva acıqlı, Bakı arxayın, İrəvan kart qarışdırır - Əli güclü olan aparacaq

Siyasət

23.11.2021 - 10:23

Asif Nərimanlı: "Rusiya Brüssel görüşünə qədər Moskvada planlaşdırdığı Əliyev-Putin-Paşinyan görüşünün baş tutması üçün əlindən gələni edəcək"

Bakı və İrəvan Şərq Tərəfdaşlığının Brüsseldə keçiriləcək Sammitində Azərbaycan və Ermənistan liderlərinin görüşünün təşkili barədə Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin təklifini qəbul edib. Avropa İttifaqı Şurasının yaydığı bəyanatda deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Şuranın Prezidenti Çarl Mişel ilə telefon danışığından sonra dekabrın 15-də Brüsseldə Şərq Tərəfdaşlığı Zirvəsi çərçivəsində görüşün keçirilməsi barədə razılığa gəliblər. Bildirilib ki, liderlər Aİ-nin dəstəklədiyi çiçəklənən və sabit Cənubi Qafqaz naminə regional vəziyyəti və gərginliyin aradan qaldırılması yollarını müzakirə edəcəklər.

Bakı və İrəvandan verilən açıqlamalarda görüşə razılığın verilməsi təsdiqlənib. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan deyib ki, erməni tərəfi görüşə hazırdır. Bundan əvvəl isə görüş barədə təklifin müsbət qarsılandığını Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin rəhbəri Leyla Abdullayeva bildirib.

“Azərbaycan tərəfi hər zaman siyasi dialoqa açıqdır və bu kimi təmasları müsbət qarşılayır. Bu xüsusda, Aİ Şurasının Prezidentinin Brüssel Zirvəsi çərçivəsində Aİ-nin vasitəçiliyi ilə iki ölkə liderinin görüşünün təşkili təklifinə Azərbaycan tərəfindən razılıq verilib", - deyə Azərbaycan XİN rəsmisi söyləyib.

Brüsseldə müzakirələrin nəticəsində hansısa razılıq sənədinin imzalanıb-imzalanmayacağı bilinmir. Masada isə sərhədlərin delimitasiya və demarkasiyasının həlli, nəqliyyat-kommunikasiyaların açılması məsələləri var. Onu da qeyd edək ki, Ermənistan Baş naziri Rusiyadan Ermənistan üçün məqbul olan təkliflər aldığını, bunu dəyərləndirəcəklərini bildirmişdi.

Bəzi analitiklər bildirirlər ki, Kremlin təklifləri ilə bağlı liderlərin Brüsseldə görüşü zamanı razılıqların əldə edilməsi, hansısa sənədlərin imzalanması real görünmür. Belə ki, Moskva onun təklif etdiyi razılaşma variantı ilə bağlı qərarın Avropada verilməsinə isti yanaşmaz.

Moskvadan İrəvana göndərilən təkliflər və liderlərin görüşü barədə AYNA-nın suallarını siyasi icmalçı Asif Nərimanlı cavablandırıb.

- Paşinyan delimitasiya və demarkasiya ilə bağlı Rusiyadan təkliflər aldıqlarını bildirdi. Qeyd etdi ki, təkliflər İrəvan üçün məqbuldur. Sizcə, Ermənistan üçün məqbul olan o təkliflərdə nələr var?

- Rusiya Müdafiə Nazirliyinin göndərdiyi təkliflərin nədən ibarət olduğuna dair heç bir ipucu yoxdur. Yalnız müəyyən ehtimallar irəli sürmək olar və mümkündür ki, bu, sərhədin hansı xəritələrə əsasən demarkasiya və delimitasiya edilməsindən ibarətdir. Çünki SSRİ dövrünün xəritələri Rusiya Baş Qərargahında saxlanılır, Putin də bu haqda danışmışdı. Burada əsas məsələ Rusiya Müdafiə Nazirliyinin təklifləri indi yox, may ayında göndərməsidir. Sərhəddə gərginlik də may ayında Azərbaycan Ordusunun işğal dövründə irəli çəkilən dövlət sərhədini bərpa etmək məqsədilə Qaragölə çıxmasından sonra başlandı. Bu, o deməkdir ki, Rusiyanın Ermənistana verdiyi təkliflər İrəvan tərəfindən qəbul edilməyib və Azərbaycan da məhz buna görə praktiki addım atıb. Bu baxımdan, üç təklifin bizim əleyhimizə olmadığını deyə bilərik. Ermənistan may ayında verilən təkliflərə yalnız son döyüşlərdən sonra razılaşdı və Paşinyanın üç təklifin Ermənistan üçün məqbul olduğu haqda dedikləri daha çox daxili auditoriyaya hesablanıb.

- Dediyinizdən belə anlaşılır ki, İrəvan üçün məqbul olan təkliflər Bakı üçün də uyğundur...

- Rusiyanın təkliflərinin may ayında göndərilməsi, həmin vaxt Azərbaycanın Qaragöl istiqamətində sərhədə çıxması, ondan sonra sərhədlə bağlı baş verənlər bunun Bakı üçün uyğun olduğunu deməyə əsas verir. May ayında göndərilən təkliflərə Azərbaycan yox, Ermənistan etiraz etmişdi. Fikrimcə, sərhəd məsələsində Bakı və Moskvanın gündəliyi üst-üstə düşür. Təbii ki, biz hansı xəritələr üzərində iş getdiyini bilmirik. Ortada müxtəlif illərin xəritələrinə dair məlumatlar var. Əgər 1920-ci illərin xəritələrinə uyğun aparılarsa, 26-cı ilə qədər otlaq və əkin sahələri adı ilə Ermənistan SSR-ə verilən torpaqlar da qaytarıla bilər. Misal üçün, Naxçıvanın 5988 kvadrat kilometr ərazisi otlaq və əkin sahəsi adı ilə verilib. Ondan sonrakı illərin xəritələrində də Azərbaycan torpaqlarının Ermənistan SSR-ə verilməsi əksini tapır, yəni Ermənistan SSR-in ərazisi Azərbaycan SSR-ə verilməyib. Bu baxımdan, təkliflərin Ermənistan üçün məqbul, Azərbaycan üçün qeyri-məqbul olacağını demək çətindir. Lakin biz hələ də detalların nədən ibarət olduğunu bilmirik.

- Bu təklifləri İrəvan qəbul edirsə, delimitasiya və demarkasiyaya tezliklə başlanıla bilərmi?

- Sərhədin müəyyənləşməsi prosesinin tezliklə başlana biləcəyi gözləntisi çoxdur. Çünki Paşinyan müdafiə nazirinə tapşırıq verdi ki, Rusiyanın təklif etdiyi kimi komissiyanın yaradılmasına başlanılsın. Ermənistan Parlamentinin Müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan açıqladı ki, razılıqla bağlı cavab yazılı şəkildə Moskvaya göndərilib.

- Rusiya Prezidentinin Qarabağla bağlı açıqlaması oldu və dediyindən belə anlaşılır ki, sərhədə də sülhməramlılar yerləşdirilə bilər. Ola bilərmi ki, Paşinyanın "təkliflər" dediyi məsələ məhz sülhməramlıların yerləşdirilməsidir? Çünki sərhəddə baş verən toqquşmalar zamanı İrəvan Moskvaya “bizi qoruyun” tipində müraciət etmişdi.

- Rusiyanın Azərbaycan-Ermənistan sərhədinə öz qoşunlarını yerləşdirmək niyyəti bəllidir və təkliflərdə bunun olduğu da istisna deyil. Bunun bir neçə səbəbi var. Birincisi, Rusiya sərhəd mübahisəsinə üçüncü tərəflərin müdaxilə etməsini istəmir. İkincisi, Rusiyaya Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli “hakimlik” rolu lazımdır. Moskva anlayır ki, Qarabağ ona uzun müddətdə bu imkanı verməyəcək. 10 noyabr razılaşmasında da rus sülhməramlılarının Qarabağda qalma müddəti konkret əks olunur və bu müddət başa çatanda tərəflərdən biri istəməsə, çıxmalıdır. Bunu təzyiq vasitəsilə uzada bilər, lakin istənilən vaxt beynəlxalq şərtlər dəyişə və ruslar çıxa bilərlər. Yəni ruslar üçün Qarabağ Azərbaycanla Ermənistan arasında rıçaq kimi istifadə etdiyi məsələdən çıxır. Sərhəd isə uzunmüddətli dayaq nöqtəsidir və rus əsgərlərinin iki ölkənin sərhədində dayanması Moskvaya təsir vasitəsi qazandıra bilər. Lakin bunun üçün əvvəlcə sərhədlər müəyyənləşməlidir. Bundan öncə sərhəd toqquşmalarında Ermənistanın Rusiyadan hərbi dəstək istəyinə cavab verəndə də Moskva sərhədin delimitasiya-demarkasiya işi yekunlaşmadan bunun mümkün olmayacağını deyirdi.

- Minsk Qrupunun – konkret olaraq Ermənistanın proseslərə cəlb etmək istədiyi ABŞ və Fransanın Rusiyanın təkbaşına vasitəçiliyinə yanaşması necə olacaq?

- ABŞ və Fransanın proseslərə praktiki müdaxilə imkanları zəifdir. Əslində Vaşinqtonun gündəmində Azərbaycan-Ermənistan münasibətləri bir nömrəli məsələ deyil. Fransa isə təkbaşına müdaxilə edə bilmir, yalnız bəyanatlarla kifayətlənir. Qərb anlayır ki, Qarabağ münaqişəsinin həllindən kənarda qalması bölgədən kənarda qalması ilə nəticələndi. İndi “Qarabağ məsələsi” və sərhəddən geridönüş bileti olaraq istifadə etmək istəyirlər. "Qarabağ məsələsi artıq bitib", - deyə Türkiyə, Rusiya və Azərbaycan eyni mövqedən çıxış edir, hətta Rusiyanın bu məsələni sonraya saxlamaq niyyəti olsa da, indi Qərb qarşısında eyni mövqe sərgiləyir. Sərhəd məsələsində Paşinyan “beynəlxalq müşahidəçilər” adı ilə bu ölkələri prosesə cəlb etməyə çalışdı, lakin hazırkı vəziyyət göstərir ki, buna nail ola bilmədi. ABŞ Türkiyəni bölgədə tərəf kimi qəbul edir və Rusiya qarşısında Ankara vasitəsilə balans yaratmağa çalışır. Fransa isə reallıqla barışmağa məcbur olacaq.

- Qərbin prosesdən kənarda qalması demişkən, Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin görüşü razılaşdırılıb. Liderlərin görüşündən nə gözlənilir?

- Əliyevlə Paşinyanın Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində baş tutacaq görüşün təşəbbüskarı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeldir. Mişel Əliyev və Paşinyanla telefon danışığı aparıb və ilk razılığa vasitəçilik edib: Bakı və İrəvan toqquşmaların qarşısını almaq məqsədilə müdafiə nazirlərinin birbaşa əlaqə yaratması üzərində razılaşıblar. Müdafiə nazirlərinin birbaşa əlaqə yaratması təkcə insidentlərin qarşısını almaq yox, həm də Bakı-İrəvan xəttində postmünaqişə dövrü üçün vacib olan münasibətlərin normallaşması baxımından da əhəmiyyətlidir. Bu, sonrakı dövrdə iki ölkəyə heç bir vasitəçi olmadan müzakirələr aparmaq imkanı verir və hər iki tərəfin maraqlarına uyğundur - xüsusilə Rusiyanın vasitəçilik adı ilə həyata keçirdiyi siyasət fonunda.

Bu məsələdə Brüsselin vasitəsilə, yəni Rusiyasız razılaşma əldə olunması da diqqət çəkir. Çünki Moskva birbaşa təmasda heç vaxt maraqlı olmayıb. Brüsseldə Əliyev-Paşinyan görüşünün təşkili Aİ-nin sərhədin demarkasiya-delimitasiya prosesində vasitəçi olmaq, bunun üzərindən bölgədəki güc balansında yerini tutmaq niyyətindən qaynaqlanır. Bakı razıdır, Əliyev demarkasiya-delimitasi prosesində İttifaqın texniki və mütəxəssis dəstəyindən yararlanmaq istədiklərini açıqlamışdı. Paşinyan da Brüsselin prosesdə iştirakında maraqlıdır. Və hər iki tərəf üçün bundan Rusiyanın vasitəçiliyi qarşısına alternativ çıxarmaq, Moskvanın qurduğu masalarda maraqlarını müdafiə etmək üçün istifadə edə bilər.

Görüşdə bir neçə məsələ prioritet ola bilər:

- Aİ-nin sərhədin müəyyənləşməsi prosesində hansısa formada iştirakı;

- Brüsselin humanitar məsələlərdə vasitəçiliyi: saxlanılan ermənilərlə mina xəritələrinin dəyişdirilməsi və s;

Görüşün keçirilməsi iki kontekstdə xüsusilə diqqət çəkir:

Birincisi, müharibədən sonra Əliyevlə Paşinyan ilk dəfə Rusiyanın vasitəçiliyindən kənarda bir araya gəlir. İkincisi, müharibənin ildönümündə üçtərəfli görüş planı baş tutmayan Moskvanı Brüssel – Qərb qabaqlayır.

- Rusiya buna müşahidəçi qalacaqmı?

- Mümkündür ki, Rusiya Brüssel görüşünə qədər Moskvada planlaşdırdığı Əliyev-Putin-Paşinyan görüşünün baş tutması üçün əlindən gələni etsin. Və Kreml bununla kommunikasiya və sərhəd məsələsində ilkin razılaşmalarla Avropa İttifaqını ofsayta sala bilər.

Müəllif: Anar Bayramoğlu