Britaniyada “AstraZeneca” peyvəndindən istifadəyə başlanılıb

Dünya

04.01.2021 - 15:11

Birləşmiş Krallıq dünyada bu peyvəndi təsdiqləyən və istifadə edən ilk ölkə oldu

 

Bu gün Böyük Britaniya Oksford Universiteti və “AstraZeneca” şirkəti tərəfindən koronavirus əleyhinə hazırlanmış peyvəndin istifadəsinə başlayır. AYNA xarici mediaya istinadən bildirir ki, Birləşmiş Krallıq dünyada bu peyvəndi təsdiqləyən və istifadə edən ilk ölkə oldu.

 

Ölkədə artıq “Pfizer/BioNTech” ilə peyvəndləmə sürətlə davam edir. İndiyə qədər həssas olan əhali qrupları peyvənd olunub. “AstraZeneca” dərmanının istifadəyə verilməsi ilə səlahiyyətlilər peyvənd müddətini əhəmiyyətli dərəcədə sürətlənəcəyinə ümid edirlər. Bu məqsədlə Britaniyada peyvəndləmə planı dəyişdirilib. Birinci və ikinci peyvəndlərin vurulması arasındakı fasilə üç həftədən üç aya qədər uzadılıb.

 

Əksəriyyət bu qərardan razı qalmayıb. Artıq peyvədin ilk dozasını qəbul etmiş bir çox şəxs ikinci peyvənd üçün üç ay gözləmək lazım olduğuna görə məyus olsa da, səlahiyyətlilər ilk dozanın mümkün qədər çox sakinə vurulmasında israr edirlər. Çünki koronavirusa qarşı əsas mühafizəni təmin edən budur və ikinci komponent əsasən peyvənd müddətinə təsir göstərir.

 

Qeyd edək ki, Böyük Britaniyada ötən həftə sonundan bəri bir milyondan çox insana ilk peyvənd dozası vurulub. “Pfizer/BioNTech”dən fərqli olaraq “AstraZeneca” peyvəndinin üstünlüyü adi soyuducuda saxlanıla bilməsidir.

Müəllif: Ayna.az