Politico: Baş nazir və Prezidentin görüşündə müdafiə sahəsində əməkdaşlıq müzakirələrdə əsas yer tutacaq
Böyük Britaniyanın Baş naziri Rişi Sunak və Fransa Prezidenti Emmanuel Makron beş ildən sonra yenidən keçiriləcək İngiltərə-Fransa sammiti üçün martın 10-da Parisdə görüşəcəklər. Onlar Qərbin birliyi ilə bağlı Rusiyaya siqnal göndərmək üçün birgə bəyanatlar verəcəklər. AYNA xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Nəşrin mənbələri bildiriblər ki, müdafiə sahəsində əməkdaşlıq martın 10-da müzakirələrdə əsas yer tutacaq.
"Avropada müharibə gedir, biz ümumi təhlükə ilə üz-üzəyik və bu, Avropanın ən böyük ordularına və nüvə imkanlarına malik olan iki ölkəsi üçün sınaqdır", - Yelisey Sarayının rəsmilərindən biri deyib.
Avropa İslahatlar Mərkəzinin analitik mərkəzinin direktoru Şarl Qrant bildirib ki, Ukrayna məsələsi Sunak və Makrona “daha yaxşı yola getməli olduqlarını” dərk etdirib.
Qeyd edək ki, iki ölkə arasında münasibətlərin mürəkkəbləşməsi "Brexit"dən sonra başlayıb, razılaşma nəticəsində Britaniya Avropa İttifaqını tərk edib.