Onun asta danışığı, tərbiyəvi söhbətləri nəinki uşaqlar üçün, valideynlər üçün də məktəbdir - həyat məktəbi
Təhsil millətin gələcəyidir.
Heydər Əliyev
İstədim qızımın müəlliməsini məni tanıyanlar da tanısın? Bilirsiz niyə? Yaxşıları tanıtmaq özü də savabdır. Mən də savab qazanmaq istədim. Reyhan xanım adı kimi özü də təravətli, həyat dolu, sevgi dolu insandır. Ağır, salğarlı insandır. Bir baxışı ilə insanları tanıyan pedaqoqdur.
Neçə gündür Votsap qruplarında olan yazılar paylaşılır, biri deyir müəllim onu istəmir, bir deyir müəllim bunu istəyir. O statusları oxuyanda mən də utanıram. Müəllim ədəb demək, əxlaq demək, vicdan demək, işıq demək. Nə olur olsun, müəllim valideynlərlə haqq kəsməməlidir. Bəlkə elə valideyn var ki, işləmir. Demək həmin valideynin övladına sinifdə ögey gözlə baxılmalıdır? Belə müəllimlərə tək töhmət verilməklə cəzası bitmiş hesab olunmamalıdır!
İlahi, fikirləşirəm ki, o cür müəllimlər evdə uşağa hansı tərbiyəni verir? Dosta, yoldaşa sevgini necə, aşılaya bilirmi?! Vətən məfhumunun əvəzolunmazığını övladına öyrədə bilirmi? Yaxşı bəs sinifdə gəlir mənbəyi kimi baxdığı şagirdlərinə necə? -yuxarıda sadaladıqlarımı hansı səviyyədə çatdıra bilir? Əlbəttə ki, elə müəllimləri ancaq rüşvət maraqlandırır. Korrupsiyaner müəllimlər təhsilə böyük zərbə vuranlardır.
Yəqin bildiniz Reyhan xanıma niyə hörmətim var. O, əsl müəllimdir. O, vicdandır! O, ədəbdir! O, əxlaqdır! O işıqdır! İşığı var olan insanlar əlavə enerjiyə ehtiyac duymazlar - Reyhan xanım kimi.
Hələ Reyhan xanım dərs keçəndə onu dinləyəsiniz. Dönüb uşaq olmaq, məktəbli olmaq, yenidən parta arxasında əyləşib dərs oxumaq istəyərsiniz. Məlum pandemiya səbəbindən onlayn dərs keçilən vaxtlarda Gülayənin dərs saatlarında mən də Reyhan xanımın dinləyicisi olurdum. Və müəllimlik peşəsinə Reyhan xanımın timsalında yenidən vuruldum, heyran qaldım. Müəllimə ən yüksək qiyməti Ulu Öndər Heydər Əliyev verib: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram." Mən Reyhan xanımı tanıdıqca onun müəllim adını necə şərəflə qoruduğunun və müəllim adına ucalıq gətirdiyinin şahidi oldum.
Reyhan xanım müdrik qadındır. Asta danışığı, tərbiyəvi söhbətləri nəinki uşaqlar üçün, valideynlər üçün də məktəbdir - həyat məktəbi. O, tütyədir, təbərrikdir. Cəmiyyət olaraq Reyhan xanım kimi müəllimlərin qədrini bilməliyik. Onlara dəyər verməyi bacarmalıyıq. Reyhan xanım tək Abşeron rayon Xırdalan şəhər 3 saylı məktəb-liseyində deyil, Azərbaycan təhsil sistemində fəxrlə nümunə göstəriləcək, müəllim adını sevə-sevə qoruyan Azərbaycan müəllimidir.
Reyhan xanım, biz - həm şagirdlər, həm də valideynlər sizi çox sevirik. Sizi 5 oktyabr Müəllim Günü münasibətilə səmimi qəlbdən təbrik edirik!
Əzizlərim, bir müəllimin müəllim şərəfinə, müəllim ləyaqətinə, müəllim ədəbinə həsr etdiyim yazını mənəvi anam, Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmlinin "SEVİRİK SƏNİ BİZ" şeiri ilə tamamlayıram.
Dəryalardan dərindir,
Qəlbimdə məhəbbətin.
Hədər getməyəcəkdir
Bil ki, sənin zəhmətin.
Sən öyrətdin bizlərə
Həyatın hər sirrini,
Baldan da şirinşəkər
Anamızın dilini.
Sənin gözünlə baxdıq
Bu işıqlı cahana,
Bildik necə əzizdir –
Vətən, azadlıq, ana!
Sevirik, inan səni
Müqəddəs anamıztək.
Müəllimə töhfədir
Bu şeir, bu gülçiçək.
Səbinə Yusif - Azərbaycan Jurnalistlər Birliyinin, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü, "CARÇIOGLU GROUP" MMC-nin mətbuat xidmətinin rəhbəri.