Bir az ciddiyyət, cənablar, bir az ciddiyyət

Dünya

13.07.2022 - 22:14

Özümüzə və ətrafımızda baş verənlərə daha ciddi yanaşmalıyıq

Kim bilir, neçə dəfə demişəm. Biz dünyada, regionda və təbii ki, ölkəmizdə nələrin baş verdiyini anlamağa çalışırıq - fərqli pəncərələrdən və istər-istəməz zehnimizdəki imkan daxilində.

“Yeni dünya qurulur” dedikdə, orada yeni ittifaqlar, axtarışlar formalaşır - söhbət ümumi mənada bir-birinə təsir edən, müəyyən edən və ya transformasiya edən hadisələr silsiləsi, bir-birinə qarışmış dinamikadan gedir.

Amma kağız üzərində düşündüyümüz və proqnozlaşdırdıqlarımızın əvvəldən gözlənilməz inkişaflarla alt-üst ola biləcəyini etiraf etməklə.

Təhlil, bir növ, beynimizdə yaratdığımız xəyali bir binadır. Bina gah tamam dağılır, gah da xarab olur, qapı-pəncərəsi sındırılır. Bəzən bu, sizi gözlədiyinizdən daha güclü zehni fəaliyyət kimi əsaslandırır. Bunları nəzərə almadan gələcəyi təhlil edib oxumaq mümkün deyil.

Çıraqla axtarılan istisnalar

Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra baş verənlər, yəqin ki, əvvəlkindən daha ibrətamiz oldu. Şübhəsiz ki, dünyanın hər bir güc mərkəzi mübarizə apardığı sahədə özünə uyğun qaydalar formalaşdırmaq, oyun qurmaq üçün istiqamətləndirici və aldadıcı planlar hazırlayır, araşdırmalar aparır. Bu planların, oyunların arxasınca başqalarını nə qədər çox qaçırsanız, yorsanız, oyununuz bir o qədər güclü olacaq.

Digər tərəfdən, təbii ki, daha müstəqil olanlar da var ki, gördüklərini, anladıqlarını çatdırmağa çalışırlar. Onların da ciddi şəkildə yolda ilişib qaldığı, analiz binalarının, ən azı, uçduğu bir dövrdəyik.

İstisna sözü bu zəmində həmişəkindən daha mənalıdır. Çünki gələcək haqqında dediklərində heç olmasa ümumi mənada yanılmayanlar azdır.

Böyük iddialar və həqiqətlər

Məsələn, nə Rusiya-Ukrayna müharibəsinin mahiyyətcə ABŞ ilə Rusiya arasında böyük savaş olduğunu deyənlər istisna idi, nə də yolun əvvəlində qəhrəmanlıq göstərən Zelenskinin və ölkəsinin zərrə qədər dəyərli olmadığını deyənlər istisna idi.

Böyük iddialar da var idi: Bir tərəfdə Ukraynanın Rusiya üzərində qələbə qazandığını bəyan edənlər, digər tərəfdə Kiyevin qısa müddətdə yıxılacağını və Moskvanın yeni administrasiya quracağını söyləyənlər.

ABŞ-Britaniya ittifaqının liderliyi ilə Rusiyaya tətbiq edilən embarqolardan sonra bu ölkənin qısa müddətdə iqtisadi cəhətdən çökəcəyini, Putinin devriləcəyini və daha mötədil bir rəhbərin gələcəyini iddia edənlər də yox deyil.

“Şimal axını 2” layihəsi ləğv edilərkən Avropanın, xüsusən də Almaniyanın alternativ mənbələrlə Rusiya asılılığından xilas olacağını deyənlər də həmçinin.

Bizdə də vəziyyət fərqli deyildi. Məsələn, ilk günlərdə müxalifət bəyan edirdi ki, Türkiyə Rusiyanın “əlavəsi” olmaqdan qurtulmalıdır. Onları dəstəkləyən çoxlu sayda hörmətli ziyalı, yazıçı da vardı.

“Biz sanksiyalara əməl etməliyik, əks halda Qərblə münasibətlərimiz ciddi şəkildə zədələnəcək”, - deyirdilər onlar.

Başqa bir qrup isə “NATO-dan çıxmalıyıq, Türkiyənin gələcəyi Avrasiyadadır” iddiasındaydı.

Müharibəyə son qoymaq istəməyən qlobal güclərə baxmayaraq, Ankara israrla aktiv balans və danışıqlar meydanı kimi liderliyi öz üzərinə götürdü. Əminəm ki, bu balansın nə qədər dəyərli və həyati əhəmiyyət daşıdığını zamanla daha yaxşı anlayacağıq.

Yeganə narahatlığım odur ki, bu balans siyasəti və onun bəhrələri daxildəki gərginliyə, narahat düzənə qurban verilə bilər. Ard-arda baş verən hadisələr - əgər istəyirsinizsə, onların arasında heç bir əlaqənin olmadığını düşünün – gələcəyimiz üçün kifayət qədər narahatlıq yaradır.

Fransada Makronun zəifləməsi, İngiltərədə “kabinet çevrilişi”, Yaponiyada sui-qəsd və Şri-Lanka hadisələri. Biz özümüzə, ətrafımızda və dünyada baş verənlərə daha ciddi yanaşmalıyıq.

Müəllif: Nasuhi Güngör

Mənbə: "habeturk.com.tr"

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli