Beynini nişan al, əsgər!

Siyasət

30.07.2020 - 09:39

“Azərbaycanda hərbi-psixoloji mərkəz yoxdur və bu, böyük problemdir”

 

“Hərbi psixologiya deyilən elm var, o cümlədən də hərbi-psixoloji hazırlıq. Onun bir neçə mərhələsi var. İlkin mərhələ odur ki, orduda olmayan insan hərbi psixoloji hazırlıq keçməlidir. Biz müharibəyə hazırlaşırıqsa, aydındır ki, söhbət təkcə hərbi hazırlıqdan getmir. Biz mülki şəxsləri də, müxtəlif peşələrdə çalışanları də hazırlamalıyıq. Məsələn, çörəkbişirmə, yeməkxana, geyim hazırlığı və sair”.

 

Bunu AYNA-ya açıqlamasında hərbi psixoloq Azad İsazadə deyib. Onun sözlərinə görə, mülki həyatdan hərbi həyata keçmək üçün mütləq deyil ki, biz hamını hazırlayaq, amma planlarımız olmalıdır: “O cümlədən də mülki əhali arasında təbliğat aparılmalıdır. Bu təbliğat nəticəsində mülkidə olan 17-18 yaşlı gənclər sabah çağırış olanda ilkin psixoloji hazırlığı keçəndən sonra əsgərliyə gedə bilərlər”.

 

Ekspert bildirib ki, bizdə praktiki olaraq birinci mərhələ olmadığına görə, o gənc əsgər orduya gəldikdə ikinci mərhələni keçir – gənc əsgər hazırlığını: “Beləliklə biz mərhələləri gecikdirmiş oluruq. Tovuz hadisələri də göstərdi ki, planlı təbliğat və əhali arasında planlı psixoloji hazırlıq olmadığına görə proseslər kortəbii keçdi. Emosional ruh yüksəkliyi oldu, orduya dəstək yürüşü keçirildi, amma o proses də kortəbii idi və idarə edən olmadı. Faktiki olaraq proses idarə olunmadıqda, o dalğa öz-özünə enə də bilər, ayrı istiqamətə gedə də bilər”.

“Hərbi psixoloji hazırlıq üçün qurum yoxdur. Problem də bundadır. Hərbi psixologiya ayrıca bir elmdir. Bu sahə üzrə elmi tədqiqat mərkəzləri olmalı, təkliflər verməlidir. Xüsusi təyinatlıların hər birinin hərbi psixoloji hazırlığı olmalıdır. Gənc əsgərdən tutmuş ordunun hər bir üzvü hərbi psixoloji hazırlıq keçməlidir. Hərbi psixologiya üzrə elmi iş yazanlar var. Özüm də vaxtilə hərbi hərbi psixologiya üzrə elmi iş yazmışam. Amma ümumi bir qurum kimi hərbi psixologiya yoxdur. Kim nəyi necə bacarırsa, elə edir. İstər məsləhət formasında olsun, istər intervyu, rəy və s. formada fikrimizi bildiririk. Lakin konseptual qurum yoxdur”, - o vurğulayıb.

 

İsazadə əlavə edib ki, belə bir mərkəz, vahid konsepsiya olmadığına görə kim necə bacarır, elə edir: “Jurnalist necə bacarır, elə yazır, siyasətçi necə bacarır, o cür reaksiya verir, mülki əhali də həmçinin. Sadəcə bu reaksiya planlı deyil. Biri var starteji plan üzrə işləyək, biri də var ki, ürəyimizdən keçəni edək. Doğrudur, bəzən yaxşı alınır. Mən demirəm ki, kortəbii proseslər tamamilə uğursuzdur. Amma bu prosesləri idarə edən qurum olsa, nəticə daha yaxşı ola bilər”.

 

“Proseslər kortəbii olsa da, uğursuz olduğumuzu deməzdim. Kifayət qədər uğurlu nəticələr əldə etməyə imkanlarımız var. Söhbət keyfiyyət baxımından daha tez, daha yaxşı nəticə əldə etməkdən gedir. Kortəbii şəkildə prosesləri yaxşı idarə edə bilərik, amma söhbət daha yaxşı keyfiyyətdən gedir. Buna görə proses idarə olunmalıdır. Bu halda daha çox uğurlar qazana bilərik. O cümlədən beynəlxalq təbliğatda, ermənilərlə xarici ölkələrdə və sosial şəbəkələrdə gedən toqquşmaları da biz idarə edə bilsəydik, daha yaxşı nəticələr əldə edərdik”, - hərbi psixoloq vurğulayıb.

Hərbi-siyasi icmalçı Ramil Məmmədli AYNA-ya açıqlamasında psixoloji müharibənin vacibliyindən danışıb. Deyib ki, əsas amil psixoloji müharibədə istifadə olunan dezinformasiyaların beynimizə yeriməsinə imkan verməməkdir: “Məsələn, məndə olan məlumata görə, erməni mətbuatı davamlı olaraq Tovuz istiqamətində Azərbaycan ordusunun beş, altı, yeddi və s. rəqəmlər səsləndirməklə, postlarının ələ keçirildiyini, Azərbaycan tərəfdə çox sayda itki oldunu yazırdı. Şəhidlərimizin sayının daha çox olduğunu yazır və bununla da Azərbaycan tərəfdə psixoloji narahatlığı artırmağa çalışırdı. Xüsusilə də Tovuz rayonunda yaşayan insanlarda bu narahatlığı alovlandırmaq məqsədi güdürdülər. Düzdür, 12 iyulda orada yaşayan, yaxınları olan insanlarda müəyyən narahatlıq var idi. Bu da həmin vaxt məlumatın olmamasına görə idi. İnsanlar informasiya almağa, eşitdiklərini dəqiqləşdirməyə çalışırdılar. Hətta, cəbhə xəttinə tərəf yürüş edənlər, toplaşanlar da var idi. İyulun 13-dən isə vəziyyət dəyişdi. Yüksək rütbəli zabitlərimiz şəhid olsa da, cəmiyyətdəki çaşqınlıq idarə olunacaq vəziyyətdə idi”.

 

Ekspert hesab edir ki, biz Tovuz döyüşlərində özümüzü müharibə ölkəsinin vətəndaşı kimi aparmağı bacardıq: “İnsanlar, sanki ictimai qınaq formalaşdırmışdılar. Ordunun əleyhinə hər-hansı fikir səsləndirilə bilməzdi. İnsanlar Bakı küçələrində, eləcə də digər şəhər və rayonlarımızda küçələrə toplaşır, yürüş keçirərək Azərbaycan Ordusunu və Ali Baş Komandanı dəstəkləyən şüarlar səsləndirirdilər. Ümumiyyətlə, cəmiyyətdə fərqli bir mühit, ab-hava yaranmışdı. Biz böyük bir birliyin şahidi olduq. Uğurlu məqamlar da məhz bununla bağlı idi, insanlar toplaşıb ordunu dəstəkləyir, cəbhəyə döyüşə getməklə bağlı fikirlər səsləndirir və bunu israrla dövlət qurumlarından tələb edirdilər. Bu, uğurlu məqam idi. Uğursuzluğa qaldıqda isə təbii ki, böyük uğursuzluq olmadı. Lakin Parlament binasının qarşısında keçirilən aksiyada bir təxribat oldu”.

 

Məmmədlinin fikrincə, Azərbaycan cəmiyyəti keçmişdə yaşadıqlarımızdan dərs çıxarmağı bacarıb: “Müşahidələrim onu deməyə əsas verir ki, artıq Azərbaycan vətəndaşı əvvəlki deyil. 80-ci illərin axırı - 90-cı illərin əvvəllərindəki populist və təşkilatlanmamış formada məsələlərə müdaxilə etməyə çalışmır. Əlbəttə, yürüşlər, dəstək aksiyaları oldu. Lakin ciddi narahatlıq yaradan bir məqam olmadı və cəmiyyət Milli Məclisə daxil olan təxribatçıların hərəkətlərini qınadı, bu halların yolverilməz olduğu qənaətində oldu. Orduya dəstək yürüşünə kölgə salacaq hansısa addım yolverilməzdir. Müharibə təkcə səngərdə aparılmır, həm də informasiya müharibəsi gedir. Burada vətəndaşların içində gizlənmiş düşmənlərə qarşı da mübarizə aparılır”.

Müəllif: Aləmdə Nəsib